“MİDA-nın son satışı əvvəlkilərdən fərqlənib, amma...”

“Bu qurum gələcəkdə yeni bir alternativ satış üsulunun təqdim olunması istiqamətində səylərini gücləndirməlidir"

  Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 815 mənzilin güzəştli satışı və mənzillərin seçimi ilə bağlı statistik məlumatları açıqlayıb. Vurğulanıb ki, sentyabrın 24-də keçirilən mənzil seçimində 8103 nəfər iştirak edib. Yəni təxminən hər 10 nəfər iddiaçıdan biri mənzil sahibi olub. Mənzilə ilk baxışın keçirilməsi 30.8-ci saniyədə olub. Mənzil seçiminin təsdiqlənməsi ilk olaraq təxminən 36-cı saniyədə baş tutub. Satışdakı sonuncu mənzilə baxışın keçirilməsi 1.28-də, yəni 1 dəqiqə 28-ci saniyədə baş verib. 

  "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru Osman Gündüz bildirib ki, statistika göstərir ki, 1 dəqiqə 28 saniyədən sonra bütün mənzillər baxış prosesində olub. Yəni bu andan sonra kimsə baxış üçün mənzil seçimi edə bilməzdi: "Sonuncu mənzil seçiminin təsdiqlənməsi isə 1.37-də yəni 1 dəqiqə 37-ci saniyədə baş tutub. Həmin andan etibarən sistemdə seçim üçün heç bir mənzil olmayıb. 

MİDA statistikada hər bir mənzilin baxış və seçim müddətini, həmçinin, seçənin hansı kateqoriyadan olduğunu qeyd edib. Beləliklə, MİDA-nın bu satışı əvvəlkilərdən xeyli fərqlənib. Bir neçə dövlət qurumunun səyləri ilə satış uğurla başa çatıb. Sistemdə aparılan təhlükəsizlik tədbirləri botlara və robotlara seçim imkanı verməyib. 

Eyni zamanda qeyd etmək lazımdır ki, DEMO (test yoxlanışı) ilə bağlı yetərli məlumat olmadığından bəzi istifadəçilərin seçimi uğurlu olmayıb. Gələcəkdə MİDA "Güzəştli mənzil sisteminin" daha da təkmilləşdirilməsi, DEMO ilə bağlı daha ətraflı məlumatların çatdırılması, satışa az qalmış daha əhatəli məlumatların verilməsi, xüsusilə də yeni bir alternativ satış üsulunun təqdim olunması istiqamətində səylərini gücləndirməlidir".