"Azərbaycanda Oktay Çinar adlı bir vətəndaşımızın həbs edilməsi üzündən məni media nümayəndəsi olaraq Bakıya göndərdilər"
Bunu "Sherg.az"a açıqlamasında türkiyəli televiziya proqramçısı və aparıcısı, jurnalist Ercan Gönültaş deyib:
O bildirib ki, Oktay Çınara “tələ” qurulduğunu düşünür:
"Oktay evlidir və 2 qız atasıdır. Türkiyənin Zonquldaq şəhərində yaşayan həmyerlim dolanışığını tır sürücülüyü ilə təmin edir. O Türkiyədən Qazaxıstana mal gətirdiyi zaman Fatih Şahin adlı sürücü tanışından təklif alır. Fatih deyir ki, onsuz da boş qayıdırsan, 1000 dollar qarşılığında mis yüklü tır var onu da Türkiyəyə apar. Bununla razılaşan Oktay MAN markalı 41F966/71AAJ679 nömrəli TIR-ın sahibi Ünal Aydınla tanış olur və yola çıxır. Vladiqafqazla Türkiyəyə gəlməli olan sürücüyə, istiqaməti daha uzun yol olan Azərbaycana çevirmək tapşırılır. Azərbaycana çatanda, artıq onun yanacağı bitir. Bunu tırın sahibinə bildirdikdə isə ona Murad adlı azərbaycanlının ehtiyaclarını həll edəcəyi deyilir. Muradla telefonla əlaqə quran Oktay tırla bərabər ambara aparılır.
Bir müddət ambarda dayanan Oktay daha sonra baxır ki, tırın qıfılı və möhrü sökülüb. Buna qarşı çıxan zaman isə tırın sahibi ona zəng edir və sən qarışma hər şey yaxşı olacaq deyir. Ona bildirilir ki, artıq sənin işin bitib və səni təyyarə ilə Türkiyəyə göndərəcəyik.
Nəticədə də Oktay hava limanına gətirilir və ona bilet alınır. Lakin onun təyyarə ilə getməsinə icazə verilmir. Deyilir ki, sən tırla gəlmisən onunla da getməlisən. Geri qayıdaraq 3-4 gün Qazaxdakı Damcılı oteldə qalan Oktayı, qeyri-qanuni yolla sərhəddən keçirmək istəyirlər. Amma o bununla razılaşmır. Bu səbəblə də onun telefon nömrəsini əlindan alıb qırırlar. Öz imkanları ilə otelə gələn Oktayı bir neçə saat sonra polis tutur. Oteldə tutulmağına rəğmən sərhəddə gətirilərək burada şəkilləri çəkilir və sərhəd pozucusu kimi qələmə verilir”.
Türkiyəli həmkarımız sözlərinə görə Toğrul İbrahimli adlı Gömrük prokuroru yaxşı araşdırma aparmır:
“Gömrük prokuroru Toğrul İbrahimli Oktay Çinarın əleyhinə hesabat verir. 6 ay boyunca bu işə o baxır. Oktaya “sən buradan çıxacağını düşünürsənmi?” deyir.
Prokurorun işə qərəzli yanaşdığı əsas gətirilərək o işdən kənarlaşdırılır. Məsələyə isə yeni gömrük prokuroru Orxan Duşdurov baxır. Yeni prokuror Oktayınsərhəddə deyil, oteldə tutulduğunu otel kamerasından müəyyən edir”.
E.Gönültaşın dediyinə görə, müəyyən edilib ki, burada əsas günahkar xaricdəki mal sahibi Mustafa Kılıçparlar, qardaşı Cuma Kılçparlar və Ünal Şahindir ki, onlar planlaşdırdıqları qurama işləri Azərbaycanda gerçəkləşdirmək istəyiblər. E.Gönültaş vurğulayıb ki, Oktayı Murat adlı şəxslə də görüşdürən məhz bunlar olub, depo sahibi də, gömrük prokuroru da, TIR-ın gömrük kilidini sındıranlar da bunların adamları olub:
“Belə açıq-aşkar hiylə quranlar azadlıqda, təhdid və təzyiq altında saxlanılan Oktay Çınar isə həbsxanadadır. Canbey firmasının rəhbəri Mustafa Kılıcparların gömrük prokuroru Toğrul İbrahimliyə 30 min dollar rüşvət verdiyi barədə şübhələr araşdırılmalıdır. Oktay Çınarın vəkili İsrafil Əlili də bu barədə iddia qaldırmır. Heç kim məsələni həll etməyə çalışmır. Yük maşını “Qırmızı körpüdə” gömrükdə oğurlanmayıb, Oktay Çınara nə deyiblərsə onu etməyə məcbur olub, ona hədə-qorxu gəlinib. Oktay Çinar qaçmayıb, mal ortadadır, Oktay Çinar niyə həbsxanada saxlanılır?
Oyunları baş tutmadığı üçünmü onu burada saxlayırlar? Birilərinin daha çox pul qazanması üçün qurulan bu oyun pozulduğu üçünmü Oktay içəridədir? Oktay Çınar bu olay barədə polisə məlumat vermək istəməsindən dolayımı burada tutulur? Oqtay ona bir pislik gələ biləcəyindən qorxaraq susmalı oldu. O, bu olaydan həm maddi, həm də mənəvi yara alıb”.
Türkiyəli jurnalist qeyd edib ki, azərbaycanlı qardaşlarımızın məsələyə həssas yanaşmasını istəyir:
“ Çinarın qardaşları və doğmaları gözlərini Azərbaycana və səlahiyyətli qurumların ədalətinə dikib, onlar tezliklə Oktaya qovuşacaqlarına ümid edirlər. Səlahiyyətli orqanlardan Oktay Çinarın günahsız olduğunu sübuta yetirmələrini və onun tez bir zamanda həbsdən azad edilməsini istəyirik. Hər kəsdən və səlahiyyətli şəxslərdən bu hadisəni tez bir zamanda həll etməyi xahiş edirik”.