Sevgilisinin görüntülərini yayaraq onu şantaj edən gənc müğənni Sahil Naxçıvanlı həbs edilib.
“Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 1994-cü il təvəllüdlü Sahil Naxçıvanlı barəsində Cinayət Məcəlləsinin 182.1-ci (Hədə-qorxu ilə tələb etmə) maddəsi ilə açılmış cinayət işi ilə əlaqədar həbs edilib. Abşeron Rayon Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə ona üç il müddətinə həbs cəzası verilib.
Cinayət işinin araşdırılması zamanı məlum olub ki, S.Naxçıvanlı sosial şəbəkədə tanış olduğu və sevgi münasibəti yaşadığı qızdan hədə-qorxu ilə pul və qızıl alıb. Belə ki, o, bir neçə ay əvvəl “TikTok” sosial şəbəkəsində tanış olduğu Zərifə Xəlilova (Ad, soyad şərtidir) adlı qızla münasibət qurub. Həmin vaxt onlar gecə saat 03 radələrində qızın ailəsinin Xırdalan şəhərində yaşadığı evin həyətindəki hamamda gizli görüşüblər. Bu zaman S.Naxçıvanlı qızla birgə görüntülərini çəkib.
Daha sonra onlar Sahilin yaşadığı binada da görüşüblər. Bir müddət sonra isə 28 yaşlı müğənni həmin fotoları sosial şəbəkələrdə yerləşdirib, altından qızın atasının nömrəsini yazaraq haqqında şərəf və ləyaqətini alçaldan rüsvayedici məlumatlar yayacağı ilə hədələyib. O, fotoşəkillərin mobil telefonundan silinməsi üçün qarşı tərəfdən 5 000 manat məbləğində pul tələb edib. Gənc qız rüsvay olmamaq üçün evdən oğurladığı 1 000 manat pulu və ümumi dəyəri 2 980 manat olan qızılları gizli şəkildə Sahilə verib.
Qızın evdən pul və qızılları gizlin götürməsi üzə çıxandan sonra valideynləri onun Sahil tərəfindən şantaj edildiyini öyrənib, polisə müraciət ediblər.
Qeyd edək ki, S.Naxçıvanlı sosial şəbəkələrdə aktiv müğənnilərdən olub. Onun ifa etdiyi mahnılar “YouTube” platformasında onminlərlə baxış və izləyici toplayıb.