Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus "Azərpoçt" MMC Bakı metrosunun 55 illiyi münasibəti ilə yubiley poçt markaları buraxıb.
"Report" xəbər verir ki, markaların birində Bakının rəmzləri hesab edilən tarixi və müasir tikililərin əhatələdiyi dairə boyunca hərəkət edən metro qatarının qrafik təsviri verilib.
Təsvirin tam mərkəzində “55” rəqəmi həkk olunub. Dairəvi təsvirin aşağı sahəsində “1967-2022” tarixləri və “Bakı Metropoliteni” ifadəsi qeyd olunub. Markanın konsepsiyasında metropoliten Azərbaycan paytaxtının tarixi-mədəni abidələrini, milli-mədəni irsimizin dəyərlərini özündə ehtiva edən paytaxt rəmzi kimi göstərilib.
“Azərpoçt”un dövriyyəyə buraxdığı digər markada isə metroda hərəkət edən texnoloji innovasiyalar baxımından sonuncu nəslə mənsub vaqonlardan ibarət qatar tərkibi öz əksini tapıb. Markanın yuxarı hissəsində “55 il. Bakı metropoliteni. 1967-2022”, qatar təsvirinin aşağı hissəsində isə “2018-2021-ci illər 81-765 B./766 B. seriyalı vaqonlardan ibarət qatar” sözləri qeyd olunub.
Markaların tərtibat müəllifi rəssam-mütəxəssis Orxan Qarayevdir.