Arvadını amansızlıqla qətlə yetirən şəxsin cinayət əməlinin DETALLARI - VİDEO

Gəncə ağır cinayətlər məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Mehman Süleymanovun məhkəməsi başa çatıb. Mehman Süleymanov xalası qızı olan həyat yoldaşını əvvəlcə avtomobillə vurub, daha sonra isə ona bıçaqla zərbələr endirərək qətlə yetirməkdə ittiham olunub.
Hadisə bu ilin martın 24-də Goranboy rayonunun Dəliməmmədli kəndində baş verib.
M.Süleymanov xalası qızı - 1985-ci il təvəllüdlü Əfsanə Məmmədova ilə 2003-cü ildə ailə həyatı qurub. Həmin evlilikdən onların 3 övladı dünyaya gəlib.
M.Süleymanovun sözlərinə görə, evli olduqları müddətdə ailədaxili söz-söhbətləri olub və bu, əsasən qısqanclıq zəminində baş verib. Həyat yoldaşının onu boş-boşuna qısqanması səbəbindən tez-tez mübahisələri olub. Mübahisələrin nəticəsində 2021-ci ildə aprel ayından ayrı yaşayıblar. Uşaqlar anaları ilə qalıblar. Evdən getdikdən sonra Əfsanənin sosial şəbəkədə paylaşdığı gəzdiyi yerlərin şəkli, işləmədən kirayə qalması onda müəyyən şübhələr yaranmasına səbəb olduğunu deyən Mehman Süleymanov yaranan qısqanclıqdan Əfsanəni gördüyü yerdə öldürmək qərarına gəlib.
Hadisə günü Dəliməmmədliyə çatanda Əfsanəni bacısı ilə dəmir yoluna tərəf getdiklərini görüb. Avtomobilə onların qarşısını kəsib.
Təqsirləndirilən şəxsin sözlərinə görə, maşından düşüb Əfsanəni yaxınlaşmaq istəyəndə o qaçıb. Avtomobilə minib onun arxasınca sürüb. Əvvəlcə həyat yoldaşını maşınla vurub. Sonra isə avtomobildə olan bıçağı götürüb huşsuz vəziyyətdə olan Ə.Məmədovaya bir neçə zərbə endirib. Sonra yol ilə keçən avtomobilə əyləşən M.Süleymanov polisə gələrək təslim olub. Əfsanə Məmmədova xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Məhkəmənin hökmünə əsasən, M.Süleymanov Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə, təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə) maddələri ilə təqsirli bilinib. Onun barəsində 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Daha ətraflı İTV-nin süjetində: