İsrailə cavab zərbəsinin seçkiyə qədər - Ağ Evdə dəyişiklik olmadan endirilməsi İran üçün daha sərfəli görünür
İranın İsrailin hücumlarına cavabı ABŞ-də 5 noyabr prezident seçkilərindən öncə gələ bilər. Bu barədə CNN məlumat yayıb. Telekanal iddia edib ki, İranın sionist rejimə cavabı həlledici və ağrılı olacaq. Cavab zərbələrinin ABŞ-də prezident seçkiləri gününə qədər olacağı ehtimalı var. Eyni zamanda vurğulanır ki, bu, Tehranın İsrail hücumlarını ciddi qəbul etməmək kimi bir strategiyadan imtina etdiyini göstərir. Qeyd edək ki, 26 oktyabrda İsrail İrana raket zərbəsi endirib. İran bu zərbəyə cavab verəcəyini elan edib.
Politoloq Asif Nərimanlı "Sherg.az"a deyib ki, ABŞ və İsrail mediasının tirajladığı bu informasiya İranı mümkün hücumdan çəkindirmək, yaxud təxirə salmağa məcbur etmək məqsədi də daşıya bilər. Ekspertin sözlərinə görə, seçkiyə günlər qalmış İsrailə hücum Təl-Əvivin Tehrana qarşı addımlarını maksimum məhdudlaşdırmağa çalışan ABŞ-nin mövcud administrasiyası üçün fors-major situasiya yarada, yəhudi icmasının seçiminə təsir edə biləcək amildir:
"Lakin İranın ABŞ seçkilərinə qədər İsrailə cavab zərbəsi endirmək planının doğruluğu da istisna edilməməlidir. İran İsrailin 26 oktyabr hücumuna cavabın veriləcəyi mesajını dini lider Xamenei və Prezident Pezeşkian səviyyəsində elan edib. İranın 1 oktyabr və 26 oktyabr hücumları arasında bərabərlik qoyacağı ehtimalı da azdır, çünki İsrailin “müqavimət oxu”na qarşı əməliyyatları davam edir, Təl-Əvivlə birbaşa müharibədən qaçan Tehranın “hesab bərabərləşdi” yanaşması ilə geri çəkilməsi ilk növbədə proksi qüvvələri üzərindəki təsir imkanlarına zərər yetirə bilər. Bu baxımdan, “danışılmış döyüş” səviyyəsində olsa belə, İranın nəsə edəcəyi gözləntisi çoxdur".
Ekspert diqqətə çatdırıb ki, bu hücumun məhz ABŞ-də prezident seçkilərinə qədər edə biləcəyini şərtləndirən amillər var: "Bayden administrasiyasının İran-İsrail qarşıdurmasında vəziyyəti nəzarətdə saxlaması genişmiqyaslı müharibə istəməyən Tehranın da maraqlarına uyğundur. Seçkilərdə anti-İran mövqeyi ilə tanınan Trampın mümkün qələbəsi isə İsrailə “cavab zərbəsi”nin risklərini böyüdə, hətta mümkünsüz edə, həmçinin Vaşinqtonda yeni administrasiyanın dəstəyi ilə Tehrana müdaxilə ssenarilərini belə gündəmə gətirə bilər. Bu baxımdan, İsrailə cavab zərbəsinin seçkiyə qədər - Ağ Evdə dəyişiklik olmadan endirilməsi İran üçün daha sərfəli görünür".