Paşinyan hökuməti anlayır ki, qondarma, uydurma mövzuları gündəmdə saxlamağın mənası, faydası yoxdur
Ermənistan xarici siyasətinin gündəliyində qondarma “erməni soyqırımı”nın tanınması məsələsi artıq prioritet deyil. Bu barədə xarici işlər naziri Ararat Mirzoyan bildirib. XİN rəhbəri belə məsələləri tarixçilərin öyrənməli olduğunu vurğulayıb. Mirzoyan onu da qeyd edib ki, bu, xarici siyasət və diplomatiya məsələsi deyil: "Prioritet məsələlərin siyahısına Bakı ilə münasibətlərin nizamlanması və sülh sazişinin imzalanması, delimitasiya və kommunikasiyaların açılması daxildir". Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha öncə qondarma “erməni soyqırımı”nın yenidən araşdırılacağını bildirmişdi. Paşinyan ermənilərin Türkiyə və Azərbaycana qarşı ərazi iddiaları ilə bağlı fikirlərini ümumiləşdirərkən, tarixi Ermənistan və real Ermənistanın bir-birinə zidd olduğunu və bir-birinə ən ciddi təhdidlər yaratdığını söyləmişdi. Dövlətin bugünkü reallıqlara baxmaqla qurulması lazım olduğunu, tarixə, tarixi torpaqlara daim önəm vermənin onlara ancaq ziyan vuracağını etiraf etmişdi.
Azad Vətən Partiyasının sədri Akif Nağı "Sherg.az"a açıqlamasında deyib ki, qondarma "erməni soyqırımı" məsələsi 1960-cı illərində ortalarında gündəmə gətirilib. Partiya rəhbəri vurğulayıb ki, SSRİ rəhbərliyi tərəfindən ermənilərdən Türkiyəyə qarşı təzyiq vasitəsi kimi istifadə edirdi:
"SSRİ dağılandan sonra ABŞ və Fransa kimi Qərb dövlətləri bu təzyiq rıçağını əllərində saxladılar. Yəni qondarma "soyqırım" məsələsi ermənilərin öz təşəbbüsləri ilə gündəmə gəlməyib. Xarici dövlətlər, müəyyən mərkəzlər öz maraqlarını bölgədə təmin etmək üçün ermənilərdən alət kimi istifadə ediblər. İndi Ermənistan hökuməti tədricən başa düşür ki, uzun müddət ermənilər qlobal dairələrin əlində oyuncaq olublar. Bunu özləri də etiraf edirlər. Görünür, indi bundan əl çəkmək niyyətinə düşüblər. Hətta ABŞ Prezidenti C.Baydenin qondarma soyqırımı tanıması belə heç nəyi dəyişmədi. Halbuki super dövlətin belə uydurma məsələni tanıması qeyri-adi hadisə kimi şərh olunur, Ermənistanın yolunu açacağı, Türkiyəyə təzminat davası açılacağı iddia edilirdi. Hədəf Türkiyəni çətin vəziyyətdə qoymaq, təzyiq göstərmək, ölkə iqtisadiyyatını çökdürmək idi. Türkiyə buna imkan vermədi və beynəlxalq aləmdə öz mövqeyini ortaya qoydu. Açıq şəkildə bəyan edildi ki, arxivlər açıqdı və əcnəbi tarixçilər bu məsələni araşdıra, həqiqəti görə bilərlər. Beləcə, təzminat məsələsi gündəmdən düşdü. Paşinyan hökuməti anlayır ki, qondarma, uydurma mövzuları gündəmdə saxlamağın mənası, faydası yoxdur. Nisbətən məntiqli yanaşmadır. Düzdür, ara-sıra Qərb dövlətləri, xarici dairələr, o cümlədən Rusiya yenə də bu məsələni qabarda bilərlər. Lakin effektsiz olacağı indidən məlumdur".