Türkiyənin bu gün böyük risklərə girmək lüksü yoxdur
“Ərdoğan-Baxçalı tandeminin sözügedən planı Türkiyədə terrorun kökünün dinc yolla kəsilməsinə hesablansa da, amma eyni zamanda kifayət qədər riskli plandır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan MHP lideri Dövlət Baxçalının PKK terror təşkilatının həbsdəki lideri Abdullah Öcalanın parlamentə gələrək terror təşkilatının buraxılmasını elan etməsinə dair təklifinə münasibət bildirib. Türkiyə lideri Baxçalının təklifini dəstəkləyib və bunu "tarixi fürsət" kimi dəyərləndirib: “Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”. Türkiyə prezidentinin sözlərinə görə, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu cümhuriyyət türkün də, əlbəttə ki, kürdün də cümhuriyyətidir”. Qeyd edək ki, Abdullah Öcalan 1999-cu ildə həbs edilib və terrorçuluq fəaliyyətinə görə ölüm cəzasına məhkum edilib. Bu hökm daha sonradan ömürlük həbs cəzası ilə əvəz olunub. Öcalan həbs cəzasını İmralı adasında təkadamlıq kamerada çəkir. Məlumat üçün bildirək ki, Öcalanın MHP sədrinin təklifi ilə bağlı iki şərt irəli sürdüyü deyilir. Bunlar qarant dövlət və hüquqi təminatla bağlı məsələlərdir. Öcalan qarant dövlətlə bağlı hər hansı ölkənin adını qeyd etməyib. Türkiyə hökuməti Ankarada TUSAŞ-a yönəlik teraktdan sonra terrorçu təşkilatlara və onların dəstəkçilərinə qarşı mübarizəni artırıb. Bir neçə adreslərdə əməliyyatlar keçirilib və terrorçular yaxalanıb. Həmçinin İstanbulda terrorla əlaqəsi olmaqda təqsirləndirilən Esenyurt bələdiyyəsinin sədri Ahmet Özer həbs edilib. Onun təxminən 10 il ərzində PKK terror təşkilatına üzv olması faktı aşkarlanıb. Eləcə də terror təşkilatının rəhbərlərindən olan və qırmızı bülletenlə axtarılan Remzi Kartal ilə 14 dəfə görüşdüyü müəyyən edilib.
Siyasi şərhçi Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın MHP lideri Dövlət Baxçalının təklifinə müsbət münasibət bildirməsi gözlənilən idi. Ekspertin fikrincə, bu təklif, bu ideya əslində, Ərdoğanın öz təklifi idi, sadəcə olaraq MHP liderinin ağzıyla dövriyyəyə buraxılmış, ictimailəşdirilmişdi:
"Bu da bir siyasi texnologiyadır. Ərdoğan öz partiyasının iclasındakı məlum çıxışında D.Baxçalını öyərək qeyd edib ki, “Dövlət bəy cəsarətli çıxışları ilə daima tarixə istiqamət verən bir liderdir”. Türkiyənin dövlət başçısı daha sonra sözlərinə davam edərək bildirib ki, Cümhuriyyət hər hansı bir şəxsin, zümrənin, kütlənin, məzhəbin, etnik qrupun cümhuriyyəti deyil: “Bu Cümhuriyyət türkün də, kürdün də Cümhuriyyətidir”. Bəli, Ərdoğan bu məqamda haqlıdır. Türkiyə Cümhuriyyəti türklərlə bərabər kürdlərin də, lazların da, çərkəzlərin də, ələvilərin də cümhuriyyətidir, ölkəsidir. Lakin dinc kürdlərdən fərqli olaraq radikal kürdlər isə Ərdoğan kimi düşünmür. Onlar PKK-nın mövqeyini dəstəkləyirlər. Odur ki, Ərdoğanın “ikinci kürd açılımı” planının və A.Öcalanın Baxçalının qeyd etdiyi formada azadlığa buraxılmasının hansı nəticələrlə sonuclanacağı tam olaraq bəlli deyil. Bu mənada Ərdoğan-Baxçalı tandeminin sözügedən planı Türkiyədə terrorun kökünün dinc yolla kəsilməsinə hesablansa da, amma eyni zamanda kifayət qədər riskli plandır. Çünki terrorçuların bir hissəsi Öcalanın çağırışını eşidərək silahı yerə qoymağa razılaşsa da, bəzi PKK-çılar isə Öcalanı boykot edərək əvvəlki kimi terrorçuluq fəaliyyətini davam etdirə bilərlər".
B.Mirzəyev vurğulayıb ki, Türkiyədə hüzurun, barışın və sabitliyin bərqərar olmasını istəməyən Fransa, ABŞ, İran, İsrail və s. kimi ölkələr də “ikinci kürd açılımı”nın uğursuzluqla nəticələnməsi üçün əllərindən gələni edəcəklər: "Beləliklə, nəticədə “ikinci kürd açılımı” da birinci açılım təşəbbüsü kimi iflasa uğraya bilər. Ərdoğan və Baxçalı bu açılıma start verməzdən öncə yüz ölçüb bir biçməlidirlər. Çünki hazırda dünyada geosiyasi təlatümlərin hökm sürdüyü və qlobal qütbləşmə prosesinin yaşandığı bir məqamda belə bir riskli addımın atılması Türkiyəni böyük fəsadlar və təhdidlərlə üz-üzə qoya bilər. Lakin Türkiyənin bu gün böyük risklərə girmək lüksü yoxdur. PKK-nın arxasında onlarla dövlət dayanır. Bəzi ekspertlər isə hətta konkret olaraq 28 dövlətin bu və ya digər formada hazırda PKK-nı dəstəklədiyini bildirirlər. Bu dövlətlərin bəzıləri ilə Türkiyə hətta müttəfiqdir və ya eyni ittifaqda, eyni blokda təmsil olunur. Heç kimə sirr deyil ki, ABŞ, Fransa, Almaniya da bu işin içindədir. İran və bəzi ərəb ölkələri də PKK-nın arxasında dayanır. PKK ilə yanaşı, hazırda Türkiyədə 30-a yaxın irili-xırdalı terror örgütü, çeşidli radikal qrupları var. Əlbəttə ki, Türkiyə dövləti bütün bunları neytrallaşdırmağın, silahsızlaşdırmağın və terrorun kökünü qazımağın bir yolunu mütləq tapmalıdır. Lakin tələsmədən".