Karbon vergisi günün tələbidir

Ekologiya və ətraf mühitin mühafizəsi  

Bütün ölkələr bunu tətbiq etməyə başladığı təqdirdə Azərbaycanın fərqli davranmaq şansı olmayacaq


  Azkarbonlu iqtisadiyyat və təbii ehtiyatlardan səmərəli istifadə prinsiplərinə əsaslanan davamlı inkişafa qlobal keçid artıq XXI əsrin imperativinə çevrilib. İqlim dəyişikliyi, təbii ehtiyatların tükənməsi, ətraf mühitin çirklənməsi –bütün bu çağırışlar təcili və qətiyyətli tədbirlərin həyata keçirilməsini tələb edir. Məhz “yaşıl” texnologiyalar, yəni ətraf mühitə antropogen təsirin azaldılmasına hesablanmış texnologiyalar bu problemlərin aradan qaldırılması üçün əsas vasitəyə çevrilib.

  Qlobal istiləşmə gündən-günə sürətlənməkdə və bəşəriyyətin iqlim böhranının qarşısını almaq qabiliyyətinə meydan oxumaqdadır. Ümumdünya Meteorologiya Təşkilatının hesabatına görə, 2023-cü il qlobal orta temperaturun sənayeləşmədən əvvəlki dövrlərin səviyyəsindən 1,45°C yuxarı olduğundan ən isti il olub. Aydın görünür ki, iqlim sistemi yeni trayektoriyaya qədəm qoyub və burada təbii dalğalanmalar artıq istixana qazlarının rekord konsentrasiyası fonunda yüksələn temperaturun qarşısını ala bilməyəcək.

  Dünya ictimaiyyəti artıq bəşəriyyətin iqlim böhranının artan təhlükəsi qarşısında durduğunu və təmiz enerjiyə sürətli keçidin zəruriliyini aydın dərk edir. Hazırda dünyada karbon emissiyasının yarısından çoxunda pay sahibi olan BRICS ölkələri qlobal enerjinin “yaşıl” texnologiyalara keçidinə rəhbərlik etmək və iqlim böhranı ilə mübarizədə hərəkətverici qüvvəyə çevrilmək üçün unikal imkana malikdir. Bu, dinamik inkişaf edən iqtisadiyyatlara təmiz innovasiyaların geniş miqyasda tətbiqi dekarbonizasiyanı sürətləndirə və bütün dünyada davamlı inkişaf üçün yeni standartlar müəyyən edə bilər, lakin bu, milli və beynəlxalq səviyyələrdə qətiyyətli tədbirlər tələb edir. Xatırladaq ki, hazırda Avropa İttifaqı ölkələri, İsveçrə, Böyük Britaniya, Kanada, Yaponiya və Yeni Zelandiya kimi ölkələr öz daxili bazarlarında karbon vergisi tətbiq edir. Azərbaycanda da yaxın gələcəkdə karbon vergisi tətbiq oluna bilər. Məlumat üçün bildirək ki, karbon vergisi ölkələrin atmosferə buraxılan zərərli qaz emissiyalarını azaltmasını hədəfləyən və istehsal prosesində meydana çıxan karbon dioksid emissiyalarını məhdudlaşdıran vasitə kimi tətbiq edilir. Bu təcrübə ətraf mühitə vurulan zərərin dəyərini əks etdirmək və ekoloji cəhətdən təmiz istehsal və istehlak vərdişlərini təşviq etmək üçün edilir. Müəssisə istehsal gücünə və ya emissiya göstəricilərinə görə vergiyə cəlb edilir. Sərhəddə karbon vergisi isə idxal məhsullarına onların karbon tərkibinə və ya istehsal prosesində emissiyalarına görə vergi qoyulmasını təmin edir.

  Qeyd edək ki, Azərbaycanda da iqlim dəyişikliyinə qarşı mübarizə və "yaşıl texnologiyalar"dan istifadənin genişləndirilməsi məqsədilə ekoloji və "yaşıl vergilər"in tətbiq dairəsinin müəyyən edilməsi istiqamətində iş aparılır. Bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, karbon emissiyasının azaldılması məqsədilə "karbon vergisi" və ya analoji verginin tətbiqi imkanlarının qiymətləndirilməsi nəzərdən keçirilir.

  İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli təmsil etdiyi qurumun və BMT-nin ölkəmizdəki nümayəndəliyinin təşkilatçılığı ilə Bakıda keçirilən “Gələcəyin sədaları: İqlim fəaliyyəti və qlobal məqsədlərə yönələn səylərin əlaqələndirilməsi” mövzusunda təşkil edilən Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda da bu mövzuya toxunub.  O, Azərbaycanın "yaşıl infrastruktur"u və "yaşıl ekosistem"i inkişaf etdirmək məcburiyyətində olduğunu deyib: “Ölkəmizin rəqabət qabiliyyətliliyinin təmin edilməsi, xüsusilə koronavirus (COVID19) pandemiyasından sonra tədarük zəncirinin diversifikasiyası "yaşıl ekosistem"in inkişafı üçün daha böyük perspektivləri ortaya çıxarır: “Bizim də növbəti illərdə əsas hədəfimiz bu istiqamətdə siyasət həyata keçirməkdir. Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə Azərbaycanın fərqli davranmaq şansı olmayacaq. Bizim karbon emissiyalarını azaltmaq üçün qarşımızda hansı iqtisadi çətinliklər var? Bu qiymətləndirmənin aparılmasında hansı çətinliklər var? Biz texnologiyanın xərcləri hesablarında bugünkü qiymətləri nəzərə alırıq, amma 5-10 ildən sonra bu texnologiyanın qiymətinin nə qədər olacağını təxmin edə bilmirik. Çünki iqlim dəyişmələrinə, emissiyaların azalmasına yönələn texnologiyalar artdıqca, bunların qiymətinin düşməsi yəqin ki, qaçılmaz olacaq. İkinci əsas məsələ isə real sektora təsirdir. Bu təsir birmənalı şəkildə olacaq. Eyni zamanda düşünməliyik ki, bir neçə il əvvələ qədər karbon vergisi sözü çox spesifik hallarda səslənirdi, ancaq indi gündəliyimizi məşğul edir. Karbon vergisini bütün ölkələr tətbiq etməyə başladığı təqdirdə bizim fərqli davranmaq şansımız olmayacaq. Bunun real sektora təsir edəcəyi şübhəsizdir. Amma biz qlobal reallığı nəzərə almadan qlobal iqtisadiyyata inteqrasiya olunmuş şəkildə fəaliyyət göstərə bilmərik".

  Dövlət Vergi Xidmətinin rəisinin müavini Samirə Musayeva deyib ki, karbon vergiləri həm mitiqasiya, həm adaptasiya, həm də ölkənin iqlim fəaliyyəti ilə bağlı ölkənin üzərinə götürdüyü hədəflərə çatmaq üçün istifadə edilir: “İnkişaf etməkdə olan ölkə kimi deyə bilərik ki, bizdə aşkar karbon vergiləri olmasa da, gizli karbon vergiləri mövcuddur. Yanacaqlara tətbiq edilən yanacaq vergiləri, mədən vergiləri, yol vergiləri, əslində, Azərbaycanda gizli karbon vergilərinin olduğunu göstərir”. O bildirib ki, 42 faiz emissiyalar bu və ya digər formada gizli karbon emissiyaları ilə əhatə olunub”. 

  Karbon vergisi ilə bağlı sualımızı şərh edən millət vəkili Vüqar Bayramov “Sherg.az"a açıqlamasında deyib ki, dünya təcrübəsində ekoloji standartlara əməl edən sahibkarlar üçün təşviq aləti mövcuddur. Eyni zamanda ekoloji standartı gözləməyən sahibkar üçün xüsusi vergilər tətbiq olunur

“Son zamanlar məhz ekoloji, iqlim dəyişikliyi kontekstindən bu məsələ dünyada çox ciddi müzakirə olunur. Hətta bəzi Avropa ölkələri isə karbon vergisinin tətbiqi ilə bağlı qanunu artıq qəbul edib. Bu vergilərin tətbiqində məqsəd sahibkarların yaşıl iqtisadiyyata daha çox meyl etməsidir. Xarici ölkələrin təcrübəsinə əsasən deyə bilərəm ki, sahibkar yaşıl enerji standartlarını gözləyirsə, bu halda onlara dövlət tərəfindən xüsusi dəstək nümayiş etdirilir. Sahibkar ekoloji standartı gözləmirsə, o, vergiyə cəlb olunur. Həmin karbon vergisi adlı vergi ödəyir”.