Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təşkilat ilə Litva Respublikasının Azərbaycan Respublikasındakı Səfirliyinin birgə əməkdaşlığı çərçivəsində “Litva Karaimləri” adlı konfrans və sərgi keçirilib.
Konfrans Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu və Litva Respublikası arasındakı əlaqələrin tarixçəsini əks etdirən videoçarxın nümayişi ilə başlayıb.
Konfransı giriş sözü ilə açan Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva tarixi şəraitlərdən asılı olaraq, bir sıra türk xalqlarının müxtəlif ölkələrə köçərək, orada məskunlaşmasından söz açıb. O, hazırda azsaylı türk etnik kökənli xalqlarla münasibətlərin bərpasının və genişlənməsinin müşahidə olunduğunu qeyd edib. Fondun prezidenti Türk xalqlarının inteqrasiyasına Türk dövlət başçıları, eləcə də Türk Əməkdaşlıq Təşkilatları tərəfindən diqqətin və dəstəyin göstərildiyini vurğulayıb. Günay Əfəndiyeva türk xalqlarının məskən saldığı ölkələrdən biri olan Litva Respublikasının, ərazisində yaşayan türk etnik kökənli milli azlıqlara – tatar və karaimlərə göstərilən diqqətli münasibətini təqdirəlayiq hal kimi qiymətləndirib: “Təsadüfi deyil ki, ötən il Litva Respublikası tərəfindən ölkədə “Litva tatarlarının İli”, bu il isə “Litva karaimlərinin İli” elan olunmuşdur. 2021-ci ildə Fond ilə Litva Respublikası arasında Litva tatarlarının və karaimlərinin tarixi və mədəni irsinin qorunması və daha da geniş təbliği məqsədi ilə Əməkdaşlıq Memorandumu imzalanmışdır. Fondda Litva Respublikasının xarici işlər naziri Qabrielius Landsberqisin iştirakı ilə Litva tatarlarının yetişdirdiyi görkəmli şəxsiyyətlərin nadir portretlərini, onların adət-ənənələrini əks etdirən tarixi fotoşəkillərin nümayiş edildiyi “Litva Tatarları” sərgisi açılmışdır”.
Fondun prezidenti diqqətə çatdırıb ki, karaimlər Litvada yaşayan, ən kiçik türk mənşəli etnik qrupdur. Trakayda məskunlaşan karaim icması əsrlər boyu öz adət-ənənələrini, inanclarını və ən əsası dilini qoruyub saxlamışlar. Onların dili qıpçaq qrupuna aiddir və BMT tərəfindən qorunan dillərdən biridir. Karaimlərin sayının az olmasına baxmayaraq, Türk Dünyasında özünəməxsus yerə sahibdirlər və Litva cəmiyyətinin də önəmli parçasıdırlar.
Günay Əfəndiyeva Fondun “Litva Karaimlərinin İli”nin açılışı çərçivəsində keçirdiyi tədbiri xatırladaraq, deyib: “Tədbir Litva Respublikasının birinci xanımı Diana Nausedienenin Fondu ziyarət etməsi ilə gerçəkləşdi. Diana Nausediene ilə xalqlararası inteqrasiyanın önəmindən, hər bir xalqın ümumbəşəri irsə bəxş etdiyi töhfələrdən, multikultural və tolerant dəyərlərin əhəmiyyətindən bəhs etdik. Daha sonra isə Litvanın Azərbaycandakı səfirliyi ilə birgə əməkdaşlıq çərçivəsində karaimlərə həsr etdiyimiz sərgiyə baxış keçirdik. Bu gün yenidən karaim irsini tanımaq və tanıtmaq üçün konfrans təşkil edirik, sərgi açırıq, bir araya gəlirik. Karaimlərin əsrlərin dərinliyindən gələn tarixi-mədəni irsini öyrənir, onların keçmişinə bir daha nəzər salırıq”.
Tədbirdə çıxış edən Litva Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri cənab Egidius Navikas Fondun fəaliyyətini türk dünyası ilə digər mədəniyyətləri təmsil edən xalqlar arasında dialoqun təşviqi və inkişafına töhfə kimi qiymətləndirib. Səfir Litva Respublikasının Azərbaycandakı Səfirliyi ilə Fondun bir sıra birgə layihələrinin həyata keçirilməsinin önəminə toxunaraq, uğurlu əməkdaşlıqdan böyük məmnunluq duyduğunu dilə gətirib.
Litva Karaimləri Mədəniyyət Assosiasiyasının sədri Karina Firkaviciute konfransda təqdimatla çıxış edərək, karaimlərin qədim tarixi, mədəniyyəti, keçmişdən bu günə keçdiyi yol barədə tədbir iştirakçılarına ətraflı məlumat verib. K.Firkaviciute karaimlərin dili, dini inancları, sayı, eləcə də rəhbərlik etdiyi icmanın özünəməxsusluğunun qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində gördüyü işlərdən danışıb.
Konfransın sonunda qarşılıqlı şəkildə hədiyyələr təqdim olunub.
Tədbir çərçivəsində karaimlərin adət-ənənələrini, yaşayış tərzini, milli geyimlərini əks etdirən rəsmlərdən ibarət sərginin açılışı baş tutub. Sərgi Litva Karaimlərinin sənətçiləri Rytas Linge və Augusta Firkovic tərəfindən ifa edilən milli musiqi və mahnılar ilə müşayiət olunub.
Tədbirdə rəsmilər, Fonda üzv və müşahidəçi ölkələrin, eləcə də digər dövlətlərin səfirləri, Litva Karaimlərinin təmsilçiləri, ictimai xadimlər iştirak edib.