“Taksi sürücüsünün normal istirahəti və iş rejimi olmalıdır”
“Çünki onlar özlərindən başqa gündə onlarla insanın həyatına cavabdehdirlər"
"Problem "Prius" markalı avtomobilləri idarə edənlərdədir".
Bu sözləri “Sherg.az”a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, son vaxtlar ölkəmizə kütləvi şəkildə “Toyota Prius" markalı avtomobillər gətirilir:
"Buna səbəb həmin avtomobillərin hibrid tipli və ekonom olmasıdır. Üstünlükləri çoxdur. Bugünkü dövr üçün şəxsi avtomobil kimi istifadə edənlərin də sayı kifayət qədərdir. Amma "Prius" taksi fəaliyyətinə daha çox cəlb olunur. Bunların da böyük əksəriyyəti köhnə maşınlardır. Başqa ölkələrdən gətirilir. Çünki ucuz - 12-14 min manat arasında başa gəlir. Bəzi insanlar var ki, evini-eşiyini satıb, "Toyota Prius" alır. Taksi kimi xəttə buraxır. Maşını da özü sürmür, kiməsə verir. Həmin adamlar da problem yaradırlar. Narkotik vasitələrin təsiri altında olan, yuxusuz, yorğun insanlar sürücü kimi fəaliyyət göstərirlər.
Onlar da "Uber", "Bolt" kimi taksi şirkətlərinə qoşulurlar. Şirkətlər də gün ərzində 25 gediş tələbi qoyur, qarşılığında hədiyyə təqdim edirlər. Sürücü də sahibkarın tələbi ilə daha çox qazanc əldə etməyə məcbur olur. Bu gün sözügedən daşıyıcı şirkət sürücülərini sahibkarların əlindən xilas etməliyik.
Lakin təəssüf ki, hazırda dövlət bu işə ciddi maraq göstərmir. Bir neçə ildir ki, həmin adıçəkilən şirkətlər Azərbaycanda "at oynadır". Onlar qiymətləri ucuzlaşdıraraq, digər şirkətləri müflisləşdiriblər. Özləri də istədikləri qiymətlə bazarda monopoliya yaradırlar. Belə olmaz. Qarşısı mütləq alınmalıdır.
Taksi fəaliyyəti ilə bağlı qaydalar təkmilləşdirilməlidir. Taksi sürücüsünün normal istirahəti və iş rejimi olmalıdır. Çünki onlar özlərindən başqa gündə onlarla insanın həyatına cavabdehdirlər".
Qeyd edək ki, sükan arxasında yuxulayan “Prius” taksi sürücüsü qəza törədib. Nəticədə onun idarə etdiyi avtomobil qarşısında dayanan “Mitsubishi Pajero” markalı maşına çırpılıb.