"Çox təəssüf ki, analoji faktlar artmaqda davam edir. Vətəndaşlar da sağ olsun ki, aidiyyəti üzrə qurumlara bu barədə məlumat verirlər".
Bunu "Sherg.az"a nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı polis əməkdaşlarının keçirdiyi tədbirlər və taksi şirkətlərinin sürücülərinin 31 hüquqpozma faktının aşkarlanması ilə bağlı danışarkən deyib. O diqqətə çatdırıb ki, belə insanlar cəmiyyətdən təcrid olunsun deyə daha ətraflı, dəqiq məlumatlar vermək lazımdır:
"Polisin məsələyə son dərəcə operativ yanaşmasına görə, Daxili İşlər Nazirliyi (DİN) rəhbərliyinə təşəkkür edirəm. Bu, hər kəsi narahat edən bir məsələ idi. Sırf taksi fəaliyyətində neqativ hallar baş verirsə, mexanizmdə ciddi dəyişikliklərə ehtiyac var. Pedofillər, manyaklar məlum işə cəlb edilməməlidir.
Taksi fəaliyyəti ilə hər adam məşğul olmamalıdır, deyəndə, bəziləri özlərini yersiz haqlı sayaraq, o şəxslərin necə və haradan dolanmalı sualını ünvanlayırlar. Bəs manyakcasına pul qazanmaq yaxşıdırmı?!
Ona görə də sahə üzrə ciddi qayda-qanun yaratmaq lazımdır ki, belə dələduzlar xidmət göstərməsin".
Qeyd edək ki, Bakıda 29 taksi sürücüsü qadın sərnişinlərə qarşı qeyri-etik təkliflər edib. Eyni zamanda saxlanılan taksi sürücülərindən birinin başqa-başqa adlar altında, müxtəlif məqsədlər üçün açılan feysbuk üzrə 44 profili, 6 səhifəsi, 4 TikTok hesabı, 12 Instagram profili olması müəyyən edilib. Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.