Məhkəmə qərarlarının icrasına büdcədən vəsait ayrılmalıdır

Əks təqdirdə bu, investorları da ölkəyə investisiya qoymaqdan çəkindirəcək

  Dünən Milli Məclisin payız sessiyası çərçivəsində növbəti iclası keçirilib və 2023-cü ilin büdcə zərfi ikinci oxunuşda müzakirə edilərək qəbul olunub. İclasda Baş nazir Əli Əsədov və hökumət üzvləri də iştirak edir. Deputatlar büdcə zərfi ilə yanaşı, cari məsələlər barədə də fikirlərini səsləndirib, problemləri dilə gətiriblər. 

  Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev deyib ki, ölkədə ilin sonuna 1 milyon 200 min məhkəmə qərarının icraya yönəldilməsi gözlənilir. Bu, kifayət qədər böyük rəqəmdir: "Faktiki olaraq məhkəmə qərarlarının icra olunmamasının səbəbi bununla bağlıdır. Vətəndaşların narazılığı əsasən məhkəmələrin ədalətsiz qərar qəbul etməsi, yaxud ədalətli qərarların icra edilməməsi ilə bağlıdır. Məhkəmə qərarlarının icrası üçün büdcədən vəsait ayrılmalıdır. Bu, dövlətçilik üçün çox mühümdür. Əgər məhkəmə qərarları icra olunmursa, bu, investorları da ölkəyə investisiya qoymaqdan çəkindirəcək. Xahiş edirəm ki, hökumət üzvlərindən bu istiqamətə vəsait ayırsınlar”.

  Deputat Elşad Mirbəşir deyib ki, güzəştli müalicələrin nəzərdə tutulduğu xərclərdə SMA (sinir-əzələ xəstəliyi) xəstələrinə diqqətin artırılmasına ehtiyac var: “Azərbaycanda da bu xəstələr var. Hökumət üzvləri bu məqama diqqət yetirsinlər. SMA xəstəlikli uşaqlar nəzarətə götürülsün. İneksiya yolu ilə onların müalicəsi mümkündür. Azərbaycanda 28 belə xəstə uşaq var. Bu uşaqların birinin müalicəsi üçün 2 milyon manat tələb olunur”.

"Cavanşirə, Hacı Çələbiyə heykəl qoyulsun"

  Deputat Tahir Kərimli Şeyx İbrahim, Hacı Çələbi və Cavanşirin heykəlinin qoyulmasını təklif edib: "Azərbaycanda vətənpərvərliyi inkişaf etdirməkdən ötrü təklif edirəm ki, Şeyx İbrahim, Hacı Çələbi və Cavanşirin heykəlləri qoyulsun”. Deputat Qəbələnin Albaniyanın paytaxtı olması ilə bağlı yubiley keçirilməsini də təklif edib: “Şamaxıda "Dörd qapılar" deyilən yer də qoruq elan edilsin”.

"İnflyasiya fonunda istehlak səbəti daha ədalətli indeksasiya olunmalıdır"

  Deputat Zahid Oruc inflyasiya fonunda istehlak səbətinin daha ədalətli indeksasiyasını təklif edib. Qeyd edib ki, minimum əmək haqqının 300 manat olması fonunda inflyasiyanın həddi istehlak səbətinin dəyərinin daha ədalətli indeksasiyasını tələb edir: "Məsələn, 2019-cu ilin 250 manatlıq minimum əmək haqqının alıcılıq qabiliyyəti 2022-ci ilin 300 manatlıq minimum maaşından daha yüksəkdir. Ötən ilin noyabrında 100 manata alınan ərzaq indi 125 manata alınır: “O cümlədən, xidmətlər səbətində təkcə qaz, elektrik, su və kanalizasiya tarifləri hesabına 1 nəfər üçün minimum istehlak səbətinin aylıq dəyəri 14 manat artıb. Nəhayət, bizim hazırkı istehlak səbətimiz vətəndaşın mərkəzi istilik sisteminə çıxışı normativinə söykənir, ancaq əhalinin yalnız 10 faizinin belə mərkəzi sistemlərə çıxışı var. O zaman minimum istehlak səbətində müəyyənləşmiş kvota ilə bir ailəni 10 gündən artıq istiliklə təmin etmək mümkün deyil. Ona görə də Dünya Bankının ölkəmizi orta gəlirli ölkə kateqoriyasına aid etməsi halında bizim istehlak səbətinin 3-cü dünya ölkələri standartlarında saxlanması doğru deyil”.

"2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb"

  Z.Oruc qeyd edib ki, 2022-ci ildə yarım kq-lıq çörəyin qiyməti 50 qəpikdən 65 qəpiyə çatdırılıb: “Əslində qiymətlər həm də su, elektrik enerjisi və yanacağın tarifləri artırıldığı üçün yüksəlib. FAO təşkilatı dünyada qiymət artımının 23-cü ildə də davam edəcəyini bildirir. Azərbaycanda hər nəfər üçün çörək və çörək məhsulları istehlakının illik norması 119 kiloqramdır. Nə qədər ki, ölkəmizdə müasir aqrotexnologiyalar tam olaraq tətbiq olunmayıb, qənaətli yanacaq texnologiyaları və məhsuldarlıq 50 sentnerə çatdırılmayıb, xaricdən asılılıq davam edəcək”.