Bakıda ətin qiyməti yenə bahalaşacaq? - Yaxın zamanlarda...

...fermerlər özləri şəhərə məhsul gətirməyəcək
  Paytaxtda ətin qiymətinin kəskin bahalaşması Milli Məclisdə də müzakirə predmeti olub. Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında millət vəkili Elnur Allahverdiyev bölgələrlə müqayisədə paytaxtda ətin qiymətinin çox baha olmasından danışıb. Deputat Ağcabədi və Bərdə rayonlarında 8-11 manata satılan ətin paytaxta 18 manata gəlib çıxmasına məntiqi izah tapılmadığını bildirib: “Səhər tezdən ət topdan satıcılardan 8 manata alınır. Belə olan halda mənə maraqlıdır ki, niyə bu məhsul Bakıda 18 manata satılır? Ətin qiyməti hansı metodologiya ilə hesablanır? Bəlkə, həqiqətən də, ölkə daxilində hansısa rüsum var, biz bilmirik?”. Millət vəkilinin sözlərinə görə, təkcə 2 ay ərzində ətin qiyməti 13 manatdan 15 manata, sonra isə 18 manata qalxıb.
  Millət vəkili mövcud problemi qabardıb, lakin suallarına cavab almayıb. Həqiqətən də, sual yaranır ki, bölgələrdə 8-11 manata satılan ət paytaxta çatanadək başına nə gəlir ki, qiymət 16-18 manata yüksəlir? Qiymət yüksəlişi yoldamı baş verir, bazardamı, satış məntəqəsindəmi?
  İqtisadçı Əkrəm Həsənovla yaranmış vəziyyətə aydınlıq gətirməyə çalışdıq. O, bir neçə səbəbə toxundu:
"Əvvəla onu deyim ki, ölkədə kənd təsərrüfatı məhsulları, o cümlədən heyvandarlıq məhsulları - ət inhisarda deyil. Bəlkə yaxın zamanda bu da olacaq, amma hələ ki bu sahədə inhisarçılıq yoxdur. Ətin qiymətini bazar müəyyən edir. Bununla belə ətin satış qiymətində baş verən bu böyük fərqlilik sual doğurur. Ətin ərsəyə gəlməsinə çəkilən xərclər var: yem, mal-qaranın bəslənməsindən tutmuş, işıq, istilik, baytar xərclərinədək. Bunlar hamısı fermerlərə, heyvandarlıqla məşğul olanlara aiddir. Mal-qaranın paytaxta gətirilməsi üçün alıcıların çəkdiyi xərclər isə daşınma xərcindən və bazarda satış üçün ödənilən xərclərdən ibarətdir. Burada rəsmi vergi rüsumu yoxdur. Heç bir rüsum tətbiq edilmir. Lakin məlum məsələdir ki, harada məmur varsa, orada əlavə xərclər var. Satış məntəqələrinin sahibləri satışa icazə üçün əlavə xərc ödəyir, ətin baytar nəzarətindən keçirilməsinə də xərc ödəyir, daşınma zamanı da əlavə xərclər ortaya çıxır. “Evləri köndələn yar”da deyildiyi kimi, “bu, “uçastkovı”nın payı, bu “revizor”un payı”. Ona görə də satış qiymətində artım baş verir. Lakin yenə də başlanğıc qiymətlə son qiymət arasında ikiqat artıma heç cür izah vermək mümkün deyil. Fərq bu qədər böyük olmamalıdır. Varsa, deməli, satıcılardan yenə də hansısa əlavə xərclər, əlavə vəsaitlər tələb olunur. Yaxud da ümumi qiymət artımı fonunda ətin də qiyməti qalxır. Bəzən “süni qiymət” artımı terminindən istifadə edirlər. Qiymət artımı süni ola bilməz. Bir səbəb var ki, qiymət artımı baş verir. Hazırda demək olar ərzaq məhsullarının əksəriyyətinin qiymətində artım var. Deməli, ətin də qiyməti artacaq. Bir halda ki, adi makaronun kiloqramı 1, 50 qəpikdən 1.80 qəpiyə çatıb, ətin qiyməti niyə qalxmasın? Ümumi qiymət artımı baş verirsə, bu, özünü bütün məhsullarda göstərəcək. Bu, qaçılmazdır".
  İqtisadçı qeyd edib ki, bölgələrdə qiymətlər paytaxta nisbətən həmişə aşağı olub:
"Bu da onunla bağlıdır ki, rayonda əhali az və çox dərəcədə əkinçiliklə, bostançılıqla, heyvandarlıqla məşğuldur. Kəndlinin kiçik də olsa müəyyən təsərrüfatı var. Həyətində toyuq-cücə bəsləyən bazardan baha qiymətə nə toyuq alasıdı, nə də ət. Paytaxtda isə bu məhsullar qiymət fərqinə məruz qalır, çünki paytaxta hazır məhsul gəlir. Ümumiyyətlə, hesab edirəm ki, yaxın zamanda fermerlər özləri şəhərə məhsul gətirməyəcək, çünki bu, onlara sərf etməyəcək. Məhsulu yerindən topdansatış qiyməti ilə bu işlə məşğul olanlara satacaq, həmin şəxslər də məhsulun şəhərə daşınmasıyla məşğul olacaqlar. İndi də bu var, çox adam məhsulu qapıdan, həyətdən satır, lakin gələcəkdə kütləvi hal alacaq".