“Ağ ölüm”ün qara kabusu! - “Müharibədən sonra gəncləri zəhərləyən qüvvələr...”

"Narkotiklə bağlı mübarizə Azərbaycanda lazımi  şəkildə aparılmır. Bu gün yarım milyonluq, sabah isə müəyyən miqdarda narkotik aşkar edilə bilər.Belə hallda narkotiklə bağlı uğurlu bir nəticə əldə etmək mümkün deyil”.
Bunu “Sherg.az”a sosioloq-alim Əməd Qəşəmoğlu Şəmkir sakinlərindən yarım milyon dollarlıq narkotikin götürülməsi məsələsinə münasibət bildirərkən deyib. 
Alimin sözlərinə görə, cəmiyyət çox mürəkkəbləşib, insanların düşüncələri dəyişib:

“İndiki zamanda  yalnız hüquq-mühafizə orqanlarıdan kömək gözləmək və problemi onların həll edəcəyini düşünmək yanlışdır. Narkotikə qarşı mübarizədə birlikdə addımlamalıyıq. Azərbaycanın quru sərhədləri bağlı olduğu halda, bu qədər maddə ölkəyə necə gətirilə bilir? Gətirilmirsə, deməli, narkotik istifadəçiləri tərəfindən hazırlanır və bunu önləmək elə də çətin olmamalıdır.

İkinci Qarabağ mübaharibəsində gənclərimizin necə qorxmaz ürəyə sahib olduğunu bütün dünya gördü. Müharibə dönəmindən sonra sanki gəncləri zəhərləmək istəyən qüvvələr daha da artdı. Bunu bir növ düşmən təxribatı da adlandıra bilərik. Məlum durum vətəni müdafiə edənlərin sayını azaltmaq üçün nəzərdə tutulmuş planın təkib hissəsi də ola bilər. Prosesin qarşısı alınmasa, bu yolda çox gənci itirəcəyik. Narkotiklə mübarizə ciddi şəkildə aparılmalıdır".

Qeyd edək ki, ötən gün Şəmkir sakinlərindən yarım milyon dollarlıq narkotik götürülüb. Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, rayon sakinləri - Elşad İbrahimov və Nurəddin Hüseynov rayon ərazisində gizlədilən narkotik vasitəni 12 000 manat pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin Gürcüstanla sərhəd rayonlarına aparmağa razılaşıblar. Həmin şəxslər saxlanılaraq polis şöbəsinə gətirilən zaman əllərindəki qara rəngli çantadan “qara bazar”da təqribi qiyməti yarım milyon ABŞ dollarına yaxın olan 8 kq 122 qram heroin, 2 kq 297 qram tiryək, 111 qram psixotrop maddə olan metamfetamin və 300 ədəd metadon həbi aşkar olunaraq götürülüb. Faktla bağlı araşdırmalar davam etdirilir.

Şərqiyyə NƏBİ