Müraciətlərin sayı hər gün artır

İctimai Nəzarət Onlayn Platforması şəffaflığa və hesabatlılığa ciddi təkan verir

İctimai və dövlət maraqlarının müdafiəsi 

  Paytaxtda "İctimai nəzarət" layihəsinin onlayn platformasının (www.enezaret.az) görülən işlərin yekunlarına həsr olunmuş dəyirmi masa keçirilib. İctimai Nəzarət Onlayn Platforması ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Şəffaflıq üçün Vətəndaş Cəmiyyəti (ECSOFT) layihəsi çərçivəsində Milli Açıq Hökumət Platforması ilə birgə həyata keçirilən pilot layihədir. Layihənin icrası "MG Consulting" MMC tərəfindən həyata keçirilir. Bu platformanın yaradılmasında məqsəd ictimai maraq doğuran bəzi məsələlər (yollar, infrastruktur, abadlıq və s.) ilə bağlı vətəndaşlardan video və foto sübutlarla məlumat almaq və onların aidiyyəti dövlət orqanlarında həllinə nail olmaqdır. 

Qeyd edək ki, Platformanın təqdimatı 02 iyun 2021-ci il tarixdə keçirilib. Və həmin vaxtdan etibarən Onlayn İctimai Nəzarət Platforması vətəndaşların ixtiyarına verilib, müraciətlərin qəbuluna başlanılıb. Adından da göründüyü kimi Onlayn İctimai Nəzarət Platforması vətəndaşlardan daxil olan müraciətləri qəbul edərək həlli üçün müvafiq orqanlara yönləndirir. Məsələn, boru sızması, məişət tullantılarının daşınmaması, yol örtüyünün dağılması, təhlükə yaradan ağaclar, açıq lyuklar və sair problemlərlə rastlaşdıqda vətəndaşlar "WhatsApp" (055 4502013) və ya sayt vasitəsilə (www.enezaret.az) Enəzarət komandasına məlumat çatdırır, platformanın vəkilləri isə problemlərin həlli istiqamətində müvafiq addımlar atırlar. 

  Dəyirmi masada çıxış edən "MG Consulting"in nümayəndəsi Hamlet Babayev görülən işlərin yekunları barədə danışaraq qeyd edib ki, bu ilin sentyabr-noyabr aylarında onlayn ictimai nəzarət platformasında qeydə alınan müraciətlərin 70 faizə yaxını təmin edilib. Bu, mühüm göstəricidir: “Bu günə kimi Azərbaycanda ictimai nəzarətin onlayn platforması çərçivəsində müraciətlərin ümumi sayı 5 minə yaxın olub. Müraciətlərin ümumi sayından 1445 müraciət ümumi qaydalara aiddir, onlardan 737-si artıq təmin edilib, 285-nə baxılması nəzərdə tutulub. Müraciətlərin əsas hissəsi nəqliyyat, səkilər və lyuklarla əlaqədar problemlərlə bağlı olub. Babayev əlavə edib ki, müraciətlərin 76 faizi “WhatsApp” sosial şəbəkəsi vasitəsilə göndərilib. H.Babayev qeyd edib ki, ictimai nəzarətin onlayn platformasında qeydə alınan müraciətlər çərçivəsində problemlərin həlli üzrə reytinqə Bakı Şəhər İcra Hakimiyyəti başçılıq edir. İlk üçlüyü “Azərsu” ASC və Daxili İşlər Nazirliyi tamamlayır. "Bu gün onlayn platforma çərçivəsində Bakı Şəhər İcra Hakimiyyətinə daxil olan müraciətlərin ümumi sayı 373-dür ki, onlardan 265-i artıq təmin olunub", - deyə H.Babayev vurğulayıb. H.Babayev əlavə edib ki, onlayn platforma çərçivəsində “Azərsu” ASC-yə daxil olan müraciətlərin ümumi sayı 237-dir. 

  Dəyirmi masada iştirak edən USAID-in Azərbaycandakı missiyasının direktoru Maykl Nerbass "İctimai nəzarətin onlayn platforması" layihəsinin vacibliyindən danışıb. M.Nerbass bildirib ki, ictimai nəzarətin onlayn platformasının üstünlüyü ondan ibarətdir ki, vətəndaş aktivliyi təmin edlir, hər kəs gördüyü hallar, rastlaşdığı hadisələrlə bağlı məlumat mübadiləsi aparır, məlumatları onlayn platformaya göndərməklə operativ reaksiya verilməsini təmin etmiş olur, bu da sonda yüksək keyfiyyətli nəticələrə gətirib çıxarır. "Müraciətlər həll olunduqca, insanlar nəticəsini gördükcə yeni müraciətlərin sayı da artır. İl ərzində daxil olan müraciətlərin 70 faizi öz həllini tapıb. Bu çox yaxşı nəticədir, lakin biz daha çox nailiyyət əldə etməyə çalışırıq. Vətəndaşlar nə qədər fəal olarsa, hökumətin müraciətlərə reaksiyası da bir o qədər tez olar. Bu da öz növbəsində müvafiq dövlət qurumlarının fəaliyyətinə töhfə verir”, - deyə o bildirib. 

  İctimai Nəzarət Onlayn Platforması həqiqətən də gözlənilən nəticəni verirmi? Suala cavabında Açıq Hökumət platformasının koordinatoru Əliməmməd Nuriyev ölkəmizdə ictimai nəzarət və ictimai iştirakçılıq sahəsində qanunvericiliyin son illərdə təkmilləşdiyini bildirdi. “Şərq”ə açıqlamasında Ə.Nuriyev qeyd etdi ki,  ölkə rəhbərliyinin iradəsi və vətəndaş cəmiyyətinə dəstəyi son illərdə ictimai nəzarətin yüksəlməsinə səbəb olub: 

- Vətəndaş və dövlət maraqları baxımından ictimai nəzarət çox önəmlidir. “Onlayn İctimai Nəzarət Platforması” da ictimai nəzarətin tətbiqində mühüm əhəmiyyət kəsb edən platformadır. Bu platforma  vətəndaşlar üçün bir çox imkanlar yaradır. Onlayn İctimai Nəzarət Platforması ictimaiyyət üçün narahatlıq doğuran hər bir məsələyə səlahiyyətli orqanların reaksiyasını qiymətləndirmək imkanı təmin edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sözləri ilə desək, "İctimaiyyəti bizim ümumi işimizə cəlb etməliyik. Həm ictimaiyyət nümayəndələri öz səylərini göstərsinlər, həm də sizin işinizə, dövlət orqanlarının işinə nəzarət etsinlər".

 İctimai nəzarət dövlət orqanlarının işində şəffaflığın və hesabatlılığın artmasına ciddi təkan verir. İctimai nəzarəti həyata keçirməklə vətəndaş dövlət idarəçiliyində iştirak etmiş olur, aktiv və məsuliyyətli vətəndaş kimi çıxış edir. Nəticədə dövlətin müvafiq orqanları Onlayn İctimai Nəzarət Platformasının müəyyən etdiyi bir sıra problemlərə dair operativ, qərəzsiz və peşəkar tərtib edilmiş müraciət əldə edirlər. Hazırda sosial şəbəkələrdə oxşar problemlər qaldırılanda, görürük ki, müxtəlif insanlar dövlət orqanlarının ünvanına tənqidi fikirlərlə çıxış edir. 

Belə münasibət dövlət orqanı ilə vətəndaş münasibətlərində maneə yaradır. Halbuki hər hansı problemlə bağlı müvafiq orqana operativ müraciət, məlumat daxil olduqda, problemin daha tez həllinin şahidi oluruq. 

Məsələ vətəndaşların baş vermiş hadisəyə, yaranmış hansısa problemin aidiyyəti dövlət orqanına operativ çatdırmasındadır. Onlayn İctimai Nəzarət Platforması vətəndaşlara bu imkanı yaradır. 

Platformanın internet saytına daxil olduqda vətəndaşlardan daxil olmuş müraciətlərin məzmunu, daha çox hansı məsələlərlə bağlı müracitələr edildiyi, həll edilmiş problemlər, eləcə də icra mərhələsində olan işlər barədə məlumatlar almaq mümkündür. 

Onlayn Platformanın üstünlüyü həm də budur ki, burada kənar şəxslərin hər hansı rəy, fikir və ya mövqe bildirmək imkanı yoxdur. Eyni zamanda, mətbuat orqanları bu platformadan məlumat mənbəyi kimi istifadə edə bilir. 

Platforma vətəndaşa icma problemlərinin həllinə nail olmaq, eyni zamanda ictimai nəzarəti həyata keçirərək dövlət idarəçiliyində iştirak etmək imkanı yaradır. Vətəndaş aktivliyi, vətəndaşın dövlətə dəstəyi həm də budur.