Səhiyyə Nazirliyinin suçu yoxdur

Ölkədə dərman problemi preparatların idxalı ilə məşğul olan şirkətlərlə daha çox bağlıdır 

"Hazırda dərmanları əvvəlki - köhnə qiymətlərlə ölkəyə gətirmək idxalçı şirkətlərə sərf etmir. Onlar gözləyir ki, Tarif Şurası məsələyə baxsın, qiymətlərdə dəyişiklik edilsin, yeni qiymətlərlə idxala başlasınlar"

  Azərbaycanda bəzi dərman vasitələrinin tapılmaması həm xəstələr, həm də həkimlər üçün narahatlıq yaradır. Bunu deputat Rəşad Mahmudov Milli Məclisin dünən keçirilən iclasında deyib. O qeyd edib ki, dərman qıtlığı təcili tədbirlər görülməsini zəruri edir: “Dərman qıtlığının başlıca 3 səbəbi var, bunlardan ikisi beynəlxalq, biri isə daxili amildir. 

Birinci problem pandemiyanın dünya üçün yaratdığı sıxıntılar, istehsal zəncirinin qırılması, logistika xərclərinin yüskək səviyyəyə çatması, ikinci məsələ Rusiya-Ukrayna müharibəsi, bu ölkələrdən dərmanların gətirilməsindəki problemlərdir.

 Üçüncü vacib məsələ isə qiymət tənzimlənməsidir. Yuxarıda sadalanan səbəblərə görə dərman qiymətlərində artım baş verib. Dərman gətirən özəl şirkətlər isə özləri qiyməti qaldıra bilmədikləri üçün dərman preparatlarını ölkəyə gətirməyə tərəddüd edirlər. Hesab edirəm ki, dərman qiymətlərinin tənzimlənməsinə ehtiyac var”.

  Yaranmış problemlə bağlı “Şərq”ə danışan iqtisadçı Natiq Cəfərli adıçəkilən dərman preparatlarının qıtlığının Rusiya-Ukrayna müharibəsiylə əlaqəli olmadığını dedi: 

- Bəli, dərman preparatlarının ölkəyə gətirilməsində problem yaşanır, logistika məsələləri çətinləşib. Lakin bu, nə Ukrayna ilə bağlıdır, nə də Səhiyyə Nazirliyi ilə.  Ukrayna dərman preparatlarının ixracından 8 aydır kənardadır. SN isə dərman gətirən qurum deyil. Yaranmış problem, məncə, dərman preparatlarının idxalı ilə məşğul olan şirkətlərlə daha çox bağlıdır. 

Əsas məsələ də dərmanların qiymətidir. Hazırda dərmanları əvvəlki - köhnə qiymətlərlə ölkəyə gətirmək idxalçı şirkətlərə sərf etmir. Onlar gözləyir ki, Tarif Şurası məsələyə baxsın, qiymətlərdə dəyişiklik edilsin, yeni qiymətlərlə idxala başlasınlar. Problem idxalçı şirkətlərlə bağlıdır.  

  N.Cəfərli qeyd etdi ki, ölkənin dərman bazarının 96 faiz idxaldan asılı olması vəziyyəti daha da çətinləşdirir: 

- Ümumiyyətlə, istənilən halda idxaldan asılılıq qiymət artımı yaradır. Ona görə də illərdir mütəxəssislər bildirir ki, idxaldan asılılıq azalmalıdır. Ərzaq məhsullarında olduğu kimi dərman preparatları ilə bağlı da idxaldan asılı olduğumuz üçün qiymət artımı qaçılmaz hal alıb. Ölkədə tibbi ləvazimatların istehsal həcmi cəmi 4 faizdir. Bu da gündəlik istifadə olunan pambıq, tibbi maska, tibbi spirt kimi gündəlik istifadə edilən bir-iki tibbi ləvazimatdır. 

Ölkədə dərman istehsalı sıfır həddindədir deyə, idxaldan asılılıq çox böyükdür və nəticədə gördüyümüz kimi bu cür ciddi problemlər yaranır. Nə etmək olar?  Dərman preparatları, o cümlədən ərzaq məhsullarından alınan 18 faizlik əlavə dəyər vergisi ya ləğv edilməli, ya da heç olmasa, iki faiz azaldıla bilər, yəni 16 faiz güzəşt tətbiq oluna bilər. Gömrük rüsumlarında, dərman preparatlarına və ərzaq məhsullarına 15 faizlik gömrük rüsumu tamamilə ləğv edilə bilər. 

Bu, qiymət artımının qarşısını müəyyən qədər alar. İdxalçılar da zərərə düşməyəcəklərini bilib dərman preparatlarının ölkəyə idxalını sürətləndirərlər.