İslam sülh, əmin-amanlıq dinidir

Müasir dövrün tələbi bütün sivilizasiyalar arasında sıx əməkdaşlığı qaçılmaz edir

"Beynəlxalq müstəvidə həyata keçirilən dinlərarası, millətlərarası dialoqların dərinləşməsi, əməkdaşlığın sıxlaşması məhz islam dininin əsas prinsiplərindən biridir"

Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi;

  Brüsseldə “Daha təhlükəsiz dünya naminə dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi” mövzusunda beynəlxalq konfrans keçirilib. Konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK), Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Avropada Etiqad Azadlığı və Təhlükəsizlik İnstitutu, eləcə də Avropa İslahatı üzrə Yeni İstiqamət Fondunun təşkilatçılığı ilə reallaşıb. Tədbirdə beyin mərkəzlərinin, müxtəlif dini qurumlar, fondların, eləcə də diplomatik korpusun nümayəndələri iştirak ediblər. Üç sessiyadan ibarət olan konfransda Azərbaycan tərəfini Belçika Krallığındakı səfirimiz Vaqif Sadıqov, DQİDK-nın sədr müavinləri Səyavuş Heydərov, İlahiyyat İnstitutunun rektoru Aqil Şirinov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov təmsil ediblər. Tədbirdə həmçinin, Avropa Ravvinləri Konfransının prezidenti baş ravvini Pinxas Goldşmidt, Avropa Şurasının Antisemitizm, anti-müsəlman və digər dini dözümsüzlük üzrə xüsusi nümayəndəsi Daniel Holtgen, Belçika Yəhudi Mərkəzi Konsistoriyasının prezidenti Filip Markieviç, İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin nümayəndəsi Elder Erix Kopişke və başqaları iştirak ediblər. Çıxış edənlər “Müasir dünyada dinin rolu”, “Dinlərarası harmoniya davamlı inkişafın mühüm elementi kimi”, “Dinlərarası dialoq sülhə necə töhfə verə bilər?” mövzularında öz fikirlərini bildiriblər. 

  Dini Komitənin sədr müavini Səyavuş Heydərov çıxışında vurğulayıb ki, bu gün həm islam, həm də xristian aləmində dini zəmində, eləcə də məzhəblərarası ədavətin qızışdırılması yolu ilə münaqişə ocaqları yaradılıb və gələcəkdə də yeni ocaqların yaradılması istisna deyil. Onun sözlərinə görə, dini təhlükəsizlik problemlərinin gələcəkdə dünyada qlobal təhlükəsizlik problemlərinin əsasına çevrilməklə sivilizasiyaların, mədəniyyətlərin və dinlərin toqquşmasına gətirib çıxaracaq prosesin başlanması gözardı edilə bilməz: "Dindən siyasi məqsədlər üçün sui-istifadə, ksenofobiya, antisemitizm, islamofobiya kimi günümüzün qlobal çağırışları sülh, təhlükəsizlik və sosial birliyə ciddi təhlükə yaradır. Bu çağırışlar mədəni müxtəlifliyi, sivilizasiyalararası dialoqu, müxtəlif dinlər arasında anlaşmanı təşviq etmək, bununla da tolerantlığı artırmaq məqsədi ilə müxtəlif dinlər və mədəniyyətlər arasında möhkəm dialoqun qurulması üçün beynəlxalq miqyasda səylərin birləşdirilməsini və gücləndirilməsini hər zaman olduğundan daha çox tələb edir". Bu baxımdan uğurlu Azərbaycan nümunəsinə diqqət çəkən Komitə rəsmisi bildirib ki, ölkəmizdə din azadlığı prioritet məsələdir və onun qorunması Respublikanın təhlükəsizliyinin başlıca qarantıdır: "Azərbaycan dünya xəritəsində tolerantlıq mərkəzinə, XXI əsrdə bəşəriyyətin qarşısında duran qlobal çağırışlara cavab axtarmaq, humanitar əməkdaşlıqla bağlı ən mühüm məsələlərə dair geniş spektrli dialoqlar, fikir mübadilələri və müzakirələr aparmaq üçün beynəlxalq miqyasda nüfuzlu platformaya çevrilib. Dünyada etimadsızlıq mühitinin formalaşdığı bir zamanda Azərbaycan tolerantlıq nümunəsidir, çünki multikulturalizm və birgəyaşayışı həyat tərzinə çevirməyi bacarıb". 

  Səyavuş Heydərov qeyd edib ki, Azərbaycanın əsası Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən multikulturalizm, birgəyaşayış strategiyası artıq dünya ictimaiyyətinin diqqətindədir. Sözügedən strategiyanın ana xəttini təşkil edən, memarı Prezident İlham Əliyev olan “Bakı prosesi” platforması mənəvi böhrandan çıxış üçün “yol xəritəsi” kimi qiymətləndirilir.

  Digər çıxışlarda dinin siyasiləşdirilməsinin fəsadlarından, insanlığın, bəşəriyyətin böhranlardan, müharibələrdən, eləcə də digər qlobal və regional kataklizmlərdən xilas yolunun mənəvi intibahdan keçməsindən, xüsusilə hazırda dünyada mövcud olan mənəvi böhrandan çıxış yolu, o cümlədən bir “yol xəritəsi” kimi Azərbaycanda formalaşmış multikultural, tolerantlıq, birgəyaşayış ənənələrindən bəhs edilib. Eyni zamanda dinlərin dialoq və əməkdaşlıq potensialından istifadə olunması üçün dünya miqyasında dini maarifləndirmənin gücləndirilməsinə və əhatə dairəsinin genişləndirilməsinə böyük ehtiyac olduğu vurğulanıb. Qeyd edilib ki, dünya miqyasında dini maarifləndirmə işinin doğru və sağlam qaynaqlar vasitəsilə aparılması təkcə dinlərə bağlı həqiqətlərin yayılması, onlara qarşı olan mənfi fikirlərin aradan qaldırılması deyil, həm də dindarlar arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması, dialoq və əməkdaşlıq hissinin gücləndirilməsi baxımından böyük əhəmiyyət daşıyır. Bu məsələdə ortaq nöqtələrin tapılması, ümumi rəyin formalaşması və birgə qərarların qəbul edilməsi müxtəlif dinlərə mənsub insanlar arasında əməkdaşlığın genişlənməsinə və etimad hissinin möhkəmlənməsinə ciddi təsir göstərə bilər. Qeyd edək ki, konfransda “Fərqli dinlər, ortaq dəyərlər” adlı fotosərgi də nümayiş etdirilib.

  İlahiyyatçı-alim Hacı Atif İsmayılov "Şərq"ə bildirib ki, beynəlxalq müstəvidə həyata keçirilən dinlərarası, millətlərarası dialoqların dərinləşməsi, əməkdaşlığın sıxlaşması məhz islam dininin əsas prinsiplərindən biridir. Ekspert deyib ki, islam dini bir çox "Quran" ayələrinə əsasən sülh, əmin-amanlıq dinidir. İslam özündən əvvəlki dinləri də təsdiqləyib və onların Allaha olan inam və bağlılığını daha önə çəkib. "Qurani-Kərim"də vurğulanır ki, bütün dinlərin etiqad prinsipi Allahı tanımaq, peyğəmbərləri qəbul etmək və Axirət gününə imandır. 

Bütün haqq dinləri bu üç prinsip birləşdirir. Dinlər arasında vəhdət hər zaman mövcud olub. Adəmdən Hatəmə qədər bu prinsiplər qorunub. Əfsuslar olsun ki, dindən sui-istifadə edənlər, müsəlmanlar arasında nifaq yaratmaq, parçalanma salmaqda maraqlı olan dairələr var. Əslində isə bütün dinlər insanları sülhə, barışığa dəvət edir. Dinlər milli-etnik kökdən asılı olmayaraq ümmət anlayışı üzərindən insanları birliyə, həmrəyliyə səsləyir. O baxımdan belə tədbirlərin davamlı keçirilməsi çox əhəmiyyətlidir. Müasir dövrün tələbi də bütün sivilizasiyalar arasında sıx əməkdaşlığı qaçılmaz edir. Sülh naminə insanların birliyə, vəhdətə, qarşılıqlı münasibətlərə səslənməsi olduqca mühüm və faydalıdır".