Orta əməkhaqları, pensiyalar artacaq? - Gözlənilən AÇIQLAMA


Vüqar Bayramov: "Daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq"
300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316.7 manat hesablanacaq
  2023-cü ildə dövlət büdcəsindən 15.2 milyard manat sosial sferaya yönəldiləcək. Bu, ümumi büdcə xərclərinin 45.6 faizi deməkdir. Pensiyalarda artım gələn aydan reallaşacaq. Vahid indeksasiya sisteminə keçid bütün əmək pensiyası alan vətəndaşlarımızın pensiya məbləğlərinin hər il yanvar ayında əvvəlki il üzrə orta aylıq əməkhaqqındakı artım faizinə uyğun artırılmasını nəzərdə tutur. Bu ilin ilk 9 ayında orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 14,4 faiz artıb. Bu o deməkdir ki, mövcud tendensiya saxlanacağı halda gələn ilin yanvar ayında pensiyalar 14-15 faizə indeksasiya olunacaq. Təbii ki, daha dəqiq rəqəm 2023-cü ilin yanvar ayında elan olunacaq.
  Millət vəkili Vüqar Bayramov deyib ki, əgər 2023-cü ildə orta aylıq əməkhaqqı 15 faiz artarsa, o zaman 500 manat pensiya alan vətəndaşımızın pensiyasında 75 manat artım olacaq. Deputatın sözlərinə görə, 2022-ci ildə əmək pensiyaçılarına ödənilən maddi yardımın da 2023-cü il yanvarın 1-dən etibarən pensiyaların tərkibinə daxil edilərək indeksasiya olunması nəzərdə tutulur: "Bu da pensiya məbləğlərindəki artıma müsbət təsir göstərəcək. Xüsusi şərtlərlə pensiya alan şəxslərin aylıq pensiyalarına ödənilən 10 faiz, həmçinin digər pensiyaçılara il ərzində ödənilən 200 manat maddi yardım onların pensiyalarına daxil edildikdən sonra yekun məbləğ orta aylıq əməkhaqqının illik artım tempinə uyğun indeksləşdiriləcək. Məsələn, 300 manat pensiya və il ərzində 200 manat maddi yardım alan vətəndaşların pensiya məbləği yeni ildən 316.7 manat qəbul edilərək üzərinə indeksasiya faizi qədər artımla hesablanacaq. Əməkhaqqı məbləğinə gəldikdə isə gələn il orta aylıq əməkhaqqının 898 manat olacağı proqnozlaşdırılır. Gələn il şəhid ailələri və onların övladları, valideynlərinin muzdlu işdən aldıqları gəlirlərinin 800 manata qədər olan hissəsinin vergilərdən azad olunması nəzərdə tutulur. Bütövlükdə isə dövlət sektorunda əməkhaqqı artımları Prezidentin sərəncamları ilə reallaşır. 2022-ci ildə əksər sektorlarda maaş artımları reallaşdı. 2023-cü ildə də sosial müdafiə tədbirlərinin güclənəcəyi gözlənilir".