Bu il "Azərişığ"a 51 min müraciət daxil olub

Bu il “Azərişıq” ASC-yə “ASAN Xidmət”, “ASAN Kommunal” mərkəzləri vasitəsilə və elektron qaydada elektrik şəbəkəsinə qoşulmaq məqsədi ilə təxminən 51 min müraciət daxil olub.
''Report''un Cənub bürosunun verdiyi xəbərə görə, bu barədə qurumun rəsmilərinin keçirdiyi mətbuat konfransında bildirilib.
Masallıdakı “ASAN Xidmət”ində baş tutmuş tədbirdə qeyd olunub ki, bunlardan 44 mini əhali, 7 mini qeyri-əhali müraciətləridir.
İndiyə qədər “Azərişıq” göstərdiyi xidmətlərdən 12-ni tam elektronlaşdıraraq vətəndaşların istifadəsinə verib, bir sıra dövlət qurumları ilə təmin edilmiş inteqrasiya həyata keçirib. Həmin qurumlar isə Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Dövlət Vergi Xidməti, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət komitəsi, Elektron Hökumətin İnkişafı Mərkəzi (e-gov.az, asanpay.az), Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ("ASAN Xidmət") və “Kapital bank” ASC-dir.
Jurnalistlərə bildirilib ki, “Azərişıq” innovasiyaları tətbiq etməklə vətəndaş məmnunluğunun, çevik idarəetməni formalaşdırıb: “Məqsəd əldə edilən nailiyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. “Azərişıq” Prezidentin tapşırıqlarına əsasən görülən işlər çərçivəsində “ASAN Xidmət və “ASAN Kommunal” mərkəzlərində Elektron Müraciətlərin İdarə Olunması Sistemi (EMİOS) vasitəsi ilə göstərilən xidmətlərin mərhələli şəkildə Elektron hökümət portalına inteqrasiyasını tam təmin edib. Göstərilən elektron xidmətlər bu sahədə şəffaflığın, operativliyin təmin edilməsi, xidmətlərin keyfiyyətinin yüksəldilməsi, abonentlərə rahat və müasir elektron platforma üzərindən online müraciət etmə imkanı təmin edir.
Hazırda borcun olmaması barədə sənədin verilmə müraciətlərinin qəbulu, əhali və Qeyri-Əhali istehlakçısının aktiv və passiv edilməsi barədə elektron müraciət, elektrik təchizatı sistemlərinin layihələndirilməsi və quraşdırılma işləri və istehlakçının balansında olan elektrik şəbəkələrinə və avadanlıqlarına texniki xidmətin göstərilməsi xidmətləri “Azərişığ”ın www.azerishiq.az, www.e-gov.az və ya e-service.azerishiq.az portalı vasitəsilə əyata keçirilir.
Həmçinin məcburi köçkün qrupuna aid abonentlərdən müraciət qəbulu, yük hesabatının hesablanması, abonentin geniş tarixçəsinin verilməsi, əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması, əhali istehlakçısının ad dəyişdirilməsi, əhali və Qeyri-Əhali abonentinin sayğac zədələnməsinin araşdırılması, enerji haqlarının internet vasitəsi ilə ödənilməsi və qeyri-əhali abonentinin enerji təchizatı şəbəkəsinə qoşulması xidmətlərini də həmin portallardan almaq mümkündür”.