Küçələrdə ölümə tərk edilən körpələr! - Nə etməli? -  “Uşaq qutuları qoyulsun”

Bakıda küçədə 3 aylıq körpə tapılıb. Əldə edilən məlumata görə, Binəqədi rayonunda dekabrın 19-da axşam saatlarında Binəqədi qəsəbəsi Gülüstan küçəsində atılan 3 aylıq oğlan polis tərəfindən sığınacağa yerləşdirilib. Polis əməkdaşları tərəfindən körpənin anasının şəxsiyyəti müəyyən olunub. Faktla bağlı araşdırma aparılır. 

Məsələ ilə bağlı “Sherg.az”a danışan tanınmış jurnalist İlhamə Həkimoğlu bildirib ki, əslində ananın nə üçün belə etdiyi, yaşı, sosial şərtlər barədə məlumat verilmir,  xəbər verilmədən də bir söz demək çətindir. 
Jurnalistin sözlərinə görə, ananın övladından imtina etməsinin bir neçə köklü səbəbi ola bilər:

“Birincisi , valideynin psixoloji problemləri, narkotik və ya alkoqoldan asılılığı ol abilər. İkinci  əsas səbəb uşağı sosial cəhətdən təmin edə bilməmək qorxusudur.  Baxa bilməyəcək deyə tərk edir.  

Üçüncüsü isə ailə münaqişələrini göstərmək olar. Uşaq atasız dünyaya gəlibsə, ana-ata öz “günahlarının”  bəhrəsindən imtina edib, onu ölümə tərk edir. Burda “ölümə tərk etmək” sözünü boş yerə işlətmədim. Çünki bizdə valideyn uşaqdan imtina edərkən onu  polis şöbəsinin, doğum evinin və ya körpənin həyatı üçün təhlükə daşımayacaq hər hansı obyektin yanında buraxmaq əvəzinə soyuqda ölümə tərk edir.  Almaniyada qadın hər hansı bir səbəblə uşağına sahib çıxmaq istəmirsə, onu atılmış uşaqlar üçün qurulan “babyklappe” (uşaq qutusu) deyilən xüsusi bölgələrə qoyub gedir.

 İlk dəfə Müqəddəs Cozef xəstəxanasının xarici divarına yerləşdirilən "Babyklappe" adlanan sistemdə körpə sobaya bənzər qapaq altına qoyulur. Qutu bağlandıqdan sonra həyəcan siqnalı çalmağa başlayır və xəstəxana işçiləri xəbərdar olur. Körpəni qutunun içindən 2-3 dəqiqə içində götürürlər.

Qutuda körpəni tərk edənlərə ünvanlanan bir məktub qoyulur. Məktubda körpəyə 8 həftə dövlət tərəfindən qayğı göstəriləcəyi xatırlanır və valideynlər 2 ay içində görünməzsə, övladlığa veriləcəyi bildirilir. Uşaqla bərabər valideyn özü haqqında məlumat olan məktub qoymalıdır. 

Bu məlumatlar sirr kimi saxlanılır. Uşaq böyüyüb 16 yaşına çatanda əgər arzu edərsə, həmin məktub ona təqdim olunur. BMT-nin Uşaq Hüquqları Komitəsi “körpə qutuları”nın Avropanın bir çox ölkəsində yaradıldığını bildirib. Almaniyada artıq 99 belə qutu var və sayları getdikcə artır. Polşa Çexiya, İsveçrə, Kanada, Malayziya və hətta Vatikanda da uşaq qutuları var.

Söz yox ki, bizdə də sığınacaqlar var. Lakin, öz  etdiyi əməlin vahiməsini, utancını anlayan  ana-atalar körpəsini tənha bir yerdə tərk edib  getməyə  üstünlük verirlər. Bu həm qorxunc, həm də cinayətkar əməl sayılır.  Söhbət insan həyatının məhv edilməsindən gedir”.

Şərqiyyə NƏBİ