Sahib Məmmədov: “Layihəni hazırlayanlar elə bilirlər ki, hamı dövlət müəssisəsində çalışır”
“Aydın Mirzəzadə bir balaca vaxt ayırıb tədqiqat aparsın ki, nə qədər insan indiyə qədər ödənişsiz məzuniyyətdən xanımları doğuşa gedəndə istifadə edib”
Milli Məclisin dünənki iclasında deputat Aydın Mirzəzadə yeni övladı olan atalara veriləcək 14 günlük ödənişli məzuniyyət müddətinin artırılmasını təklif edib. O bildirib ki, 14 gün bir körpəyə baxılması üçün çox azdır. Körpəyə baxmaq üçün azı 1 ay vaxt lazımdır: “Hesab edirəm ki, dövlət və özəl şirkətlər üçün bir ay elə də çox müddət olmaz”.
Xatırladaq ki, həyat yoldaşlarının uşaq dünyaya gətirməsi ilə əlaqədar atalara verilən 14 günlük ödənişsiz məzuniyyətin ödənişli əsaslarla olması üçün qanunvericiliyə dəyişiklik edilməsi ilə bağlı Milli Məclisə təkliflər verilib və reaksiya müsbət olub.
Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında ödənişli atalıq məzuniyyətinin əleyhinə olduğunu deyib:
Liqa sədrinin sözlərinə görə, atalıq məzuniyyətinin ödənişli olması üçün qanunvericiliyə təklif olunan dəyişikliklər də, bununla bağlı deputatların verdiyi təkliflər də səhv yanaşmadır. Əgər atalıq məzuniyyəti üçün 1 aylıq ödəniş Dövlət Sosial Müdafiə Fondunun büdcəsindən ödənəcəksə, bu müddəti 3 aya qədər uzada bilərlər. Burada heç bir problem yoxdur: “Yox əgər bu məbləğ işəgötürənlərin büdcəsindən ödəniləcəksə, bütün bunlar sadəcə populizmdir. Atalıq məzuniyyəti Əmək Məcəlləsində var. Qadını doğuşa gedəndə kişinin 14 gün ödənişsiz məzuniyyət hüququ var. İndi onu ödənişli etmək istəyirlər. Bu, səhv qərardır. Sadəcə, həmin maddənin ödənişsizini ödənişli ilə əvəz etmək istəyirlər. Xanım bir müəssisədə işləyir, kişi digərində və ya xanım ümumiyyətlə işləmir. Sual olunur ki, iş yeri kişiyə niyə 14 gün üçün pul verməlidir? Layihəni hazırlayanlar elə bilirlər ki, hamı dövlət müəssisəsində çalışır. Düzgün deyil. Belə güzəştlər dövlət hesabına və yaxud da xüsusi fondlar hesabına olmalıdır. Vicdanlı sahibkar, onsuz da yetəri qədər vergi, sosial pulu ödəyir. Bu azmış kimi bir də əlavə yük olaraq atalıq məzuniyyəti üçün ödəniş təklif edirlər”.
Ödənişli atalıq məzuniyyətinə ehtiyac olmadığını vurğulayan S.Məmmədov hesab edir ki, nə 14 gün, nə də 30 gün olmalıdır: “Aydın Mirzəzadə bir balaca vaxt ayırıb tədqiqat aparsın ki, nə qədər insan indiyə qədər ödənişsiz məzuniyyətdən xanımları doğuşa gedəndə istifadə edib. Heç bir faiz deyil. Amma atalıq məzuniyyəti ödənişli olsa, 100 faiz işçi bu hüququndan istifadə edəcək. 14 gün evdə oturub pul alacaqlar. Hələ bir az da artıq orta əməkhaqqı ilə hesablanacaq. Bu da işəgötürənlərin əlavə xərclərinə gətirib çıxaracaq”.
Ekspertin sözlərinə görə, bu layihə daha çox ölkədəki sahibkarlığın məhv edilməsinə hesablanmış bir addımdır.