Sürücülük imtahanlarını DİM keçirsə effektiv olmayacaq

İmtahanların hansı qurum tərəfindən keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir

Əsas məsələ, Azərbaycanda sürücülük imtahanı ilə bağlı istifadə olunan nəzəri proqramlar dəyişdirilməlidir


  Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin Dövlət İmtahan Mərkəzinə verilməsi ilə bağlı zaman-zaman təkliflər səsləndirilir. 

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə isə  deyib ki, müraciət olarsa, sürücülük imtahanlarını keçirə bilərik: "Hesab edirəm ki, biliklərin yoxlanılmasında hansısa formatda prosesə qoşula bilərik. Lakin təbii ki, real sürücülük qabiliyyətini yoxlaya bilmərik. Yeni imtahan mərkəzində bunun üçün imkanımız olacaq. Biz hansısa imtahanı keçirmək üçün heç kimlə danışıq aparmırıq. Hökumət nə sifariş verirsə, onu yerinə yetiririk”.

  Nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov isə “Şərq”ə açıqlamasında deyib ki, sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların Dövlət İmtahan Mərkəzinə verilməsi effektiv olmaz: 

“Uzun illərdir Daxili İşlər Nazirliyinin Dövlət Yol Polis İdarəsində bu imtahanları keçirmək üçün baza formalaşıb, bütün resurslar var. Sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların təşkili üçün DİM-də lazımi resurslar varmı? Ümumiyyətlə, qurum özü bu yükün altına girməyə hazırdımı? Həm də ki, imtahanı DİM keçirsə belə DYP əməkdaşlarının imtahan prosesində iştirakı mütləqdir. İmtahanın qəbulu, vəsiqələrin verilməsi onların səlahiyyətindədir. Belə olan halda sürücülük vəsiqəsi almaq üçün keçirilən imtahanların nəzəri hissəsinin DİM-ə verilməsi o qədər də doğru  bir məsələ deyil. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. Bir imtahanda iki qurumun təşkilatçılıq etməsi əlavə prosesdir və  imtahanların  DİM tərəfindən keçirilməsi xüsusi bir dəyişikliyə səbəb olmayacaq. Əsas məsələ imtahanın necə götürülməsidir və bu proses  DYP tərəfindən normal qaydada icra olunur”.

  Hüquqşünas Ərşad Hüseynov  isə hesab edir ki, imtahanların hansı qurum tərəfindən keçirilməsi o qədər də əhəmiyyət kəsb etmir:
“Əsas məsələ imtahanın necə götürülməsidir. Sürücülük və yol qaydaları ilə bağlı dəqiq, müasir proqram olmalıdır. Hazırda Azərbaycanda sürücülük imtahanı ilə bağlı istifadə olunan nəzəri proqramlar 80-ci illərdən mövcud olandır. Əksəriyyət imtahandan birtəhər keçə bilmək üçün proqramı əzbərləməklə məşğuldur. Proqramı dəyişmək lazımdır. 2018-ci ilin dekabr ayında “Yol hərəkətinin təhlükəsizliyinə dair dövlət proqramı”nda da qeyd olunub ki, Azərbaycanda sürücü hazırlığı ilə bağlı qanunvericilik təkmilləşdirilsin. Peşəkar sürücü hazırlayan obyektiv, şəffaf imtahan sistemi və sürücü təhsili olmalıdır. İmtahanın hansı dövlət qurumunda keçirilməsinin isə önəmi yoxdur”.