Elvin Abbasov: "Əgər biz rəqəmsal sahədə dünya tendensiyasına qoşulmaq istəyiriksə, öncə əlimizdəki təcrübəli mütəxəssislərimizi razı salmalıyıq"
“Əcnəbilərin və ya vətəndaşlığı olmayanların yerli İT şirkətlərdə işləməsi üçün iş icazəsi lazım olmayacaq”.
Bu məqam Miqrasiya Məcəlləsinə təklif edilən dəyişiklikdə öz əksini tapıb. "Sosial sığorta haqqında" qanuna təklif edilən dəyişikliklə isə əcnəbilər və ya vətəndaşlığı olmayanlar Azərbaycanda məcburi dövlət sosial sığorta haqqını ödəməkdən azad ediləcəklər.
Nəzərdə tutulan dəyişikliklərin Milli Məclisdə müzakirəsi zamanı qeyd olunub ki, hər il ölkədə 3 min 500 İKT mütəxəssisi hazırlansa da, Azərbaycanda informasiya-kommunikasiya texnologiyaları (İKT) üzrə 20 minə yaxın mütəxəssisə ehtiyac var. Azərbaycanın toplam daxili məhsulunda İKT sektorunun payı cəmi 1.8 faizdir.
Xarici İT mütəxəssislərin Azərbaycana dəvət ediləcəyi ilə bağlı iddialara münasibət bildirən İKT mütəxəssisi Elvin Abbasov deyib ki, Azərbaycanda evində oturub xarici şirkətlərdən 10 min dollara qədər məvacib qazanan kvalifikasiyalı İT mütəxəssislər var: “Biz yerli İT mütəxəssislərimizi itirməmək, eləcə də kodifikasiya mühəndislərimizi və texnoloqlarımızı geri qaytarmaq istiqamətində lazımi addımlar atmalıyıq.
Ölkəmizdə bir çox yerli ekspertlər beynəlxalq səviyyədə tanınan xarici şirkətlər – "Google", "Oracle" və "Microsoft"da fəaliyyət göstərirlər.
İstər özəl sektorda, istərsə də dövlət sektorlarında çalışan kifayət qədər təcrübəli və savadlı İT mütəxəssislərimiz aldıqları məvaciblər və maaşlardan narazıdırlar. Özəl sektoru kənara qoyaq, dövlət qurumlarında belə İT mütəxəssislərimizin maaşlarına baxış bucağı dəyişmir. Onların aldıqları maaş ilə adi peşə maaşı arasındakı fərq o qədər də seçilmir. Əgər biz rəqəmsal sahədə dünya tendensiyasına qoşulmaq istəyiriksə, öncə əlimizdəki təcrübəli mütəxəssislərimizi razı salmalıyıq. Atalar misalı var, "Əvvəl evin içi, sonra çölü".