Bir mənzilin MTK-lar tərəfindən bir neçə şəxsə satılması və vətəndaşların aldadılması hər zaman müzakirə mövzusu olub. Bu kimi hallarla qarşılaşan vətəndaşlar hüquqlarını çox zaman məhkəmələrdə arasalar da, heç də hər zaman müsbət nəticə əldə edə bilməyiblər.
Nəticədə isə vətəndaş evsiz qalmaq məcburiyyəti ilə üzləşib. Dəfələrlə belə qanunsuz halların aşkarlanmasına, vəzifəli şəxslərin cəzalandırılmasına baxmayaraq, bu gün də dələduzluq edərək vətəndaşın cibinə girən tikinti şirkətləri var. Təəssüf ki, onların sayı az deyil.
Qeyd edək ki, çoxsaylı vətəndaş narazılığına səbəb olan “PROGRESS-2016” MTK-nın vəzifəli şəxsləri tərəfindən eyni mənzilin bir neçə şəxsə satılması faktlarına dair Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin istintaqı davam etdirilir.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, istintaq zamanı “Hayan E” MTK-nın direktroru Nəsirov Rafiq Nəsib oğlu və “PROGRESS-2016” MTK-nın direktoru Səməndərov Emil Tofiq oğlu tərəfindən Abşeron rayonu, Xırdalan şəhəri, Rəsulzadə küçəsində inşa olunan yaşayış binasındakı mənzillərin müxtəlif şəxslərə satılmasına baxmayaraq, qanunsuz gəlir əldə etmək məqsədilə digər şəxslərə saxta sənədlər əsasında yenidən satılmasına dair əsaslı şübhələr müəyyən edilib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə hesab edir ki, bu sahədəki problemlərin yaranmasına səbəb qanundakı boşluqlar və vahid baza sisteminin olmamasıdır:
“Vahid bazaya görə, alqı-satqını dövlət aparır. Hazırda isə alqı-satqını binanı tikən şirkətlər apardığına görə, ölkəmizdə bu cür problemlər yaşanır. Ümumiyyətlə, Azərbaycan iqtisadiyyatının böyük bir hissəsi tikinti sektorundan asılıdır. Yəni burada həm iş yerləri olur, həm də tikinti zamanı bir çox zavodlar, fabriklər tam işlək vəziyyətdə olur. Lakin bəzi tikinti şirkətləri dələduzluq edirlər və bir mənzili bir neçə şəxsə satırlar. Təbii ki, bura bütün tikinti şirkətlərini şamil etmək olmaz, çünki öz imicini qoruyan tikinti şirkətlərimiz də var. Bu cür dələduzluq səbəbindən artıq vətəndaşlarımız müqaviləli binalardan mənzil almaq istəmirlər, çünki ehtiyat edirlər”.
Ekspertin sözlərinə görə, bu kimi problemlərin yaranmasına səbəb tikilən binalarda satılan mənzillərin hər hansısa bir dövlət orqanında reyestrinin aparılmamasıdır:
“Möhür, imza, müqavilə və s. hər biri MTK rəhbərində olduğuna görə, bu adam istəsə bir mənzili sahiblərindən xəbərsiz 10 adama da sata bilər. Bu isə yalnız bina tikilib təhvil verildikdən sonra, yəni adamlar evinə gəlib sahiblik edəndə bəlli olar. Yəni problem ondadır ki, bunun Azərbaycanda reyestri aparılmır və vahid bazası yoxdur.
Türkiyəyə, Rusiyaya və digər ölkələrə baxaq. Burada tikintini şirkət edir, amma alqı-satqını başqa bir qurum aparır. Amma bu gün ölkəmizdə vətəndaş böyük məbləğdə pullar verir, amma sonu necə olacağı sual altındadır.
Bu səbəbdən də vətəndaşlar mənzil alarkən, yeni tikili binanın keyfiyyəti ilə maraqlanmırlar. Sadəcə, bina tikən şəxsin şəxsi keyfiyyəti ilə maraqlanırlar ki, bu necə insandır, kimisə aldadıbmı, tikdiyi binalara çıxarış veribmi və s. Əslində bu, düzgün yanaşma deyil. Sadəcə, vətəndaşlar məcburdurlar ki, bu cür yanaşsınlar”.