Zəhərlənmələr daha çox vətəndaş məsuliyyətsizliyinin nəticəsində baş verir
“Çox zaman şahidi oluruq ki, vətəndaş nasazlayan kimi özbaşına dərman preparatı qəbul edir"
Bu ilin dekabr ayı ərzində Kliniki Tibbi Mərkəzə zəhərlənmə ilə bağlı 891 nəfər müraciət edib. Mərkəzin Mətbuat xidmətindən "Trend"ə verilən məlumata görə, müraciət edənlərdən 126 nəfəri Toksikologiya şöbəsinə qəbul edilib, digərlərinə isə ilkin tibbi yardım göstərilərək evə buraxılıb. Qəbul olan xəstələrdən 62-si dərmandan, 15-i sirkə turşusundan, 14-ü dəm qazından, 7-si alkoqollu içkidən, 4-ü göbələkdən, 12-si botulizmdən zəhərlənib. Digərlərindən 5-i anafilaksiya, 7-si allergik reaksiya səbəbindən xəstəxanaya yerləşdirilib. Zəhərlənən şəxslərin 51-i qadın, 47-i kişi, 28-i isə uşaq olub. Həkimlərin səylərinə baxmayaraq, 1 nəfər dərman zəhərlənməsindən, 5 nəfər sirkə turşusundan, 1 nəfər dəm qazından, 1 nəfər isə botulizmdən dünyasını dəyişib. Dünyasını dəyişən şəxslərdən 2-si qadın, 6-sı kişidir.
Ağır fəsadlara və təəssüf ki, ölüm hallarına yol açan zəhərlənmələrə səbəb nədir; ehtiyatsızlıq, məsuliyyətsizlik, məlumatsızlıq, yoxsa həkim səhvimi? Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov “Şərq”ə açıqlamasında bildirib ki, səbəblər arasında həkim səhvi bəlkə də ən son sırada dayanır. Zəhərlənmələr daha çox vətəndaş məsuliyyətsizliyinin nəticəsində baş verir:
- Səbəblər müxtəlifdir. Bəzi zəhərlənmələr ehtiyatsızlıqdan, bəziləri isə canına qıymaq istəyənlərin qəsdlə dərman qəbulu zamanı baş verir. Dəm qazından zəhərlənmələri də ehtiyatsızlığa aid etməliyik. Ümumiyyətlə, qida zəhərlənmələrinin böyük əksəriyyəti insanlarımızın ehtiyatsızlığından, qidanın keyfiyyətinə bələd olmamalarından irəli gəlir. Məsələn, birisi balığı tanımadığı küçə satıcısından alırsa, zəhərlənə biləcəyini də gözə almalıdır. O balıqlar bəlkə günlərlə eyni yerdə satılır. Açıq havada, müxtəlif bakterioloji çirklənmələrə məruz qalır, istehlak müddəti bitir. İnsanlarsa ağına-bozuna baxmadan alırlar. Balıq çox təhlükəli qidadır. Onun təzəliyinə mütləq əmin olmalısan. Botulizm də çox ciddi qida zəhərlənməsidir, qana keçən zəhərli komponentlər qısa zamanda sürətlə orqanizmə yayılır, bəzən bu insanları xilas etmək mümkün olmur. Eləcə də turşulardan, göbələkdən zəhərlənmələr. Dəfələrlə bildirilir ki, ev şəraitində hazırlanmış şorabaların istifadəsində ehtiyatlı olmaq lazımdır. Qapaq qabarıbsa, balonun daxilində su qabarcıqları əmələ gəlibsə, deməli, bu qida istifadəyə artıq yararsızdır. Amma bizim əhali bunu da nəzərə almır, tərkibində kimyəvi dəyişiklik baş vermiş qidanı süfrəyə gətirirlər. Göbələk də həmçinin. Çoxumuz hansı göbələklərin qida üçün yararlı olduğunu bilmirik, amma alırıq. Göbələk də ehtiyat tələb edən qida növüdür. Onun yuyulması, təmizlənməsi və bişirilmə qaydasına əməl edilməlidir. Köhnəlmiş göbələk yeməyini istifadə etmək olmaz. Yaxud dəm qazı zəhərlənməsini götürək. Nə qədər deyilir ki, ehtiyatlı olun, isitlik verən cihazların, qaz plitələrinin saz vəziyyətdə olmasına diqqət edin. Amma baxırsan ki, mənzildə qazın his verdiyi açıq hiss olunur, ev sakinlərisə buna normal baxır. Eləcə də hamam otaqlarında suqızdırıcılar düzgün quraşdırılmır, “uqar” buraxır, insanın da bundan halı pisləşir, boğulur. Dəm qazı karbon-monooksiddir. Bu da mavi yanacağın natamam yanması nəticəsində əmələ gəlir. Güclü zəhərləyici xüsusiyyətə malikdir. Mənzildə qızdırıcı vasitələr normal işlək vəziyyətdə olmalıdır ki, dəm qazı yaranmasın.
Ş.Məmmədov bildirdi ki, dərman zəhərlənmələri iki xarakterli olur:
- Biri özünə qəsdetmə məqsədi ilə olan zəhərlənmələrdir, biri də bilgisizlikdən. Çox zaman şahidi oluruq ki, vətəndaş nazaslayan kimi özbaşına dərman preparatı qəbul edir. Dərman preparatlarını həkim təyinatı olmadan qəbul etmək qəti surətdə olmaz. Hansı dərmanın hansı halda, hansı simptomlar zamanı qəbul ediləcəyini bilmədən aptekdən alırlar və qəbul edirlər. Bazarda kifayət qədər dərman var. Bu dərmanların hamısı Səhiyyə Nazirliyinin analizator şöbəsində analizlərdən keçir və satışa buraxılır. Dərman allergiyası və zəhərlənməsi ayrı-ayrı anlayışlardır. Məsələn, hansısa dərman keyfiyyətsizdir və yaxud qablaşdırması standarta uyğun deyilsə, müəyyən problemlər yaranır. Əslində Azərbaycanda belə bir hal yoxdur. Dərmanların hamısı nazirlik tərəfindən sertifikatlaşdırılır və analiz olunur, daha sonra isə bazara buraxılır. Lakin əhali dərman preparatlarını həkim məsləhəti və həkim təyinatı olmadan qəbul edir. Dərmanları qarışdırırlar, ard-arda bir neçə dərman qəbul edirlər, bu da orqanizmdə zəhərlənməyə səbəb olur. Avropada, qardaş Türkiyədə apteklər dərman preparatını reseptsiz heç bir halda vətəndaşa satmır. Bu, qadağandır. Adi başağrısı üçün dərman istəsən də satmırlar. Çünki başağrısına əvvəlcə nəyin səbəb olduğu bilinməlidir. Ola bilər ki, başağrısının kəsilməsi üçün qəbul edilən dərman təzyiqi, ya da şəkəri qaldırsın. Belə halda pasiyenti vəziyyətdən çıxarmaq çox çətin olur. Uşaqlarla bağlı da ata-analar hədsiz diqqətli olmalıdırlar, dərman həblərini, dərman qutularını əlçatan yerdə qoymamalıdırlar. Uşaqlara həkim göstərişi olmadan dərman verməməlidirlər.