...Güclü qar yağacaq və 2-3 gün yerdə qalacaq

Dünyada qlobal istiləşmə getdikcə yerini soyuq iqlimə vermək üzrədir


  Fransada qarın yağmaması ilə əlaqədar xizək kurortlarının 70 faizi fəaliyyətini dayandırıb.  Fransa xizək kurortları assosiasiyasının məlumatına görə, bu, Fransa üçün görünməmiş haldır.  Xizək kurortlarından birinin təlimatçısı Jan Mişel bildirib ki, obyektlərin bağlı qalması burada işləyən minlərlə insanın işsiz qalması deməkdir. Fransa xizək kurortları assosiasiyası isə xəbərdarlıq edib ki, iqlim dəyişikliyi davam edərsə, bu sahədə çalışan 400 min insanın taleyi risk altında olacaq.

İllərdir Bakıya da qar yağmır. Demək ki, qara həsrət qalan tək bizim ölkə deyilmiş.

  Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov isə “Şərq” ə açıqlamasında deyib ki, bu günə qədər qar yağmamasının səbəblərindən biri iqlim dəyişmələri ilə bağlıdır. Bu, Azərbaycan da daxil olmaqla əksər ölkələrdə özünü büruzə verirdi: 

“Qlobal istiləşmənin olması və iqlim dəyişkənliyi Yer kürəsində, eləcə də Azərbaycanda bir sıra problemlərə səbəb olurdu. Xüsusən də bu proseslərin baş verməsi nəticəsində qar yağmırdı ki, bu da insan sağlamlığına mənfi təsir göstərməklə yanaşı, dağlıq ərazilərdə su ehtiyatının azalmasına da səbəb olurdu. Lakin Fransadan fərqli olaraq bu il  Bakıya  qar yağacaq”. 

  Yanvar ayından sonra  Azərbaycanda soyuq və şaxtalı hava şəraitinin hökm sürdüyünü vurğulayan ekspert deyib ki, yanvardan sonra  güclü qar yağacaq və 2-3 gün yerdə qalacaq. Dünyada qlobal istiləşmə getdikcə yerini soyuq iqlimə vermək üzrədir. Son ildə cənub küləyinin təsiri ilə Azərbaycanda qış bir o qədər də sərt keçmir, Bakıya və bir çox rayonlara qar yağmırdı. Şimal küləyi əsəndə isə  havalar soyumağa başlayacaq. 

  Son illərdə Azərbaycanda havanın quraq keçməsini xatırladan T.Zeynalov deyib ki, bunun səbəbi Sakit Okeanda ellinyo cərəyanının axın etməsidir: 

“Ellinyo isti çay axını deməkdir, bu təbiət hadisəsi nəticəsində cənuba yağıntıların miqdarı azalır və quraqlıq başlayır. Yağıntılar isə ancaq şimala doğru yönəlir. Azərbaycan isə quraqlıq zonaya düşdüyü üçün qış mülayim keçir, yağıntının miqdarı az olurdu.  Son iki ildə isə soyuq cərəyan hökm sürür. Bunun təsirindəndir ki, son aylar yağıntının miqdarı artıb. Artıq ölkəmizdə ötən illərdəki kimi quraqlıq hökm sürmür. Havalar quraqlıq keçdiyinə görə torpaq çox qızırdı. Yağıntılardan sonra isə torpağın temperaturu düşməyə başlayıb. Yanvardan marta qədər də şaxtalı və qarlı havalar başlayacaq”.