Odur ki, vaxtında bu xəstəliyin qarşısını almaq daha asandır
“Buna görə də gənclərimizin narkomaniyaya mübtəla olmaması üçün ata, ana, qohum-qardaş, hətta ətraf qonşular da əllərindən gələni etməlidirlər”
“Valideynləri antinarkomaniya tədbirlərinə cəlb etmək lazımdır”.
Bu sözləri “Şərq”ə açıqlamasında Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, ekspert Emil Maqalov deyib.
Ekspertin araşdırmalarına görə, valideynlər uşaqlarının təhsilində iştirak etdikdə nəticə, şagird nailiyyətlərinin artması və şagirdlərin münasibətinin yaxşılaşmasına gətirir:
“Məktəblər, ailə və cəmiyyət arasında tərəfdaşlıq, gəncləri emosional sıxıntı və problemli davranışlarla bağlı olanlar da daxil olmaqla, bir sıra zərərlərdən qorumağa kömək edə biləcək güclü əlaqələr şəbəkəsini təmin edir.
Valideynlər məktəblərdə baş verən hadisələrə qarşı maarifləndirici fəaliyyətlərə cəlb olunmalıdır məktəblərə və müəllimlərə dəstək olmaq üçün layihələr hazırlamaq və dəstək verməliyik. Söhbətlərin yaradılması, birgə danışıq taktikaları və valideyn tərəfdaşlıqları, məktəbin sonrakı illəri, resursları gücləndirmək üçün bir sıra strategiyaları hazırlayaq”.
Psixoloq Sənubər Yusifovanın fikrincə, bütün bəlaları ilə gənclərin həyat tərzinə, ailə-məişət davranışlarına başucalığı gətirməyən narkomaniyaya və narkobiznesə qarşı mübarizədə valideynlər hamıdan diqqətli olmalıdırlar. Çünki hər bir valideyn uşağının böyüdükcə xarakterində və davranışında olan qeyri-adiliyi dərhal bilmək, duymaq imkanına malikdir:
“Ata, ana övladlarının yetkinlik dövrünün məşğuliyyətinə, kimlərlə oturub-durmasına, boş vaxtlarını necə keçirməsinə, evdən məktəbə, instituta, dostları ilə əylənməyə nə vaxt gedib, nə vaxt qayıtmasına nəzarət etməlidirlər.
Təcrübədə görmüşük, elə məşhur və ictimaiyyətə kifayət qədər tanınmış valideynlər var ki, uşaqlarını müayinə və müalicə üçün peşman-peşman müraciət edirlər. Bu valideynlər həkimin təəccübünü görəndə - vallah, dünəndə-srağagündə bilmişik, tək oğul övladımdı, əlimdən gedir, kömək eləyin, - deyə ümidlərini həkimə və müalicəyə bağlayırlar.
Belə valideynlər vaxtında uşaqlarını nəzarətsiz buraxmasaydılar, övladına verdikləri pulu nəyə sərf etdiklərini bilsəydilər, bir sözlə, valideyn nəzarəti funksiyasına lazımınca riayət etsəydilər, uşaqlarının gizli əməllərindən vaxtında xəbərdar olardılar. Təcrübə göstərir ki, narkomanların yalnız 2-3 faizini müalicə etmək mümkün olur.
Odur ki, vaxtında bu xəstəliyin qarşısını almaq daha asandır. Buna görə də gənclərimizin narkomaniyaya mübtəla olmaması üçün ata, ana, qohum-qardaş, hətta ətraf qonşular da əllərindən gələni etməlidirlər”.