Pensiya amnistiyası daha 3 il uzadılır



Beləliklə, 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər
  Fərdi hesabında pensiya kapitalı olanlara 25 il staj hədiyyə edilməsi müddəti daha üç il uzadılıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, hədiyyə edilən həmin 25 il sığorta stajının hər il üçün 1 il azaldılması 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq olunacaq.
  Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanun pensiya sistemində növbəti humanist yanaşmanın tətbiqinə, pensiya təminatına əlçatanlığın artırılmasına xidmət edən daha bir addımdır.
  Belə ki, “Əmək pensiyaları haqqında” qanunda 2019-cu ilin əvvəlindən tətbiq olunan dəyişikliyə əsasən, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan pensiya yaşına çatan şəxsə avtomatik 25 il sosial sığorta stajı (pensiya hüququ qazanmaq üçün də minimum staj tələbi 25 ildir) hədiyyə edilir. Nəticədə o, hətta heç bir stajı olmadıqda belə, pensiya hüququ qazanır.
  Hədiyyə edilən həmin 25 il sığorta stajının 2023-cü ilin əvvəlindən artıq hər il üçün 1 il azaldılması nəzərdə tutulurdu.
  Məsələn, fərdi hesabında 01.01.2006-cı ildən 01.07.2018-ci ilədək dövr üzrə hər hansı məbləğdə pensiya kapitalı olan şəxsə 2023-cü ildə artıq 25 il yox, 24 il, 2024-cü ildə 23 il, 2025-ci ildə 22 il və s. staj hesablanacaqdı və lazım olan minimum 25 illik stajın qalan hissəsi isə pensiya yaşına çatmış şəxsdən tələb olunacaqdı.
  Təsdiqlənən yeni qanun 25 il sığorta stajının hədiyyə edilməsi müddətinin 3 il uzadılmasını nəzərdə tutur. Yəni qeyd edilən 25 il sığorta stajının hər il üçün 1 il azaldılması artıq 2023-cü ildən deyil, 2026-cı ildən tətbiq ediləcək.
  Yaşlı əhaliyə humanist yanaşmanı göstərən bu islahat yaxın 3 ildə daha 30 minə yaxın şəxsin onlara 25 illik staj hədiyyə edilməsi nəticəsində pensiya hüququ əldə etməsinə, pensiya təminatının əhatəsinin daha da genişləndirilməsinə imkan verəcək. Azərbaycan Prezidenti dünən “Əmək pensiyaları haqqında” qanunda dəyişiklikləri təsdiq edib.
Yeni dəyişikliklər pensiyaçılar üçün nə vəd edir?
  Millət vəkili Vüqar Bayramov “Şərq” ə açıqlamasında deyib ki, mövcud qanunvericilikdə pensiya yaşına çatan və 2006-2008-ci illər aralığında kapital məbləğindən asılı olmayaraq fərdi şəxsi hesabının sığorta hissəsində pensiya kapitalı olan şəxslərə pensiya təyin edilərkən 2006-cı il yanvarın 1-dək olan sığorta stajı 25 il, 2023-cü ildən etibarən isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Həmin güzəştin müddəti gələn ilin yanvarında başa çatırdı. Dünən təsdiq olunan dəyişikliklər ilə pensiya amnistiyası daha 3 il uzadılır: “Mövcud qanunvericiliyə əsasən, yaşa görə pensiya almaq üçün ya 25 il ştaj və ya minimum pensiya kapitalı tələb olunur. Ancaq əgər vətəndaş 2018-ci ilin iyulun 1-dək hətta 1 manat pensiya kapitalına malik olubsa, o, ştaj müddətindən asılı olmayaraq pensiya almaq hüququ əldə edir. Belə ki, bu zaman onun 2006-cı ilədək olan ştajı 25 il hesab olunur. 2026-cı ildən sonra isə hər təqvim ili üçün 1 il azaldılmaqla hesablanır. Praktik olaraq, bu dəyişikliklər ilə 2018-ci ilin ikinci yarısınadək pensiya hesabında hətta ən kiçik məbləğ kapitalı olan vətəndaşlarımız da pensiya ala biləcəklər. Bu baxımdan, sözügedən dəyişiklik pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə xidmət edəcək”.