Gələn il ölkədə dərman qıtlığı yarana bilər? - "Qara bazar"ın formalaşması...


Bu isə "qara bazar"ın formalaşmasına gətirib çıxaracaq
"Ona görə də dövlət bu məsələlərdə son dərəcə ehtiyatlı və diqqətli olmalıdır. Məsələ dövlətlə yanaşı ictimaiyyət nümayəndələri və medianın da nəzarətində olmalıdır"
  Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının dekabrın 28-də keçirilən iclasında dərman vasitələrinin qiyməti ilə bağlı qərarlar qəbul edilib.
Bu qərarla əlaqədar Tarif (qiymət) Şurasına sorğu ünvanlayıb.
  Sorğumuza cavab olaraq Şuradan bildirilib ki, böyük sosial əhəmiyyət kəsb edən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Şuranın dekabrın 28-də keçirilən növbəti iclasında dövlət qeydiyyatına alınan daha 149 dərman vasitəsinin qiyməti təsdiq olunub və bununla da qiymətləri tənzimlənən dərman vasitələrinin sayı 13 min 642-yə çatıb.
  Dövlət tənzimləməsinin məqsədi iqtisadi əsaslar olmadan qiymətlərin bahalaşmasının qarşısını almaq və optimal qiymətlərin, yəni əhalinin dərman vasitələri ilə etibarlı təchizatına və sahibkarlıq subyektinin ağlabatan rentabelliyinə imkan verən minimal qiymətlərin tətbiqinə nail olmaqdır.
  Bununla yanaşı, son zamanlar baş verən qlobal geosiyasi hadisələr, enerji daşıyıcılarının bahalaşması, xammalın və qablaşdırma materiallarının qiymətinin və ölkəyə dərman vasitələrinin idxalında logistika xərclərinin kəskin artması bəzi dərman vasitələrinin qiymətinə yenidən baxılması zərurəti yaradıb. Qeyd edilən məsələlər, həmçinin dərman təchizatında fasilələrin yaranmasına səbəb olur.
  Dərman qıtlığının qarşısının alınması və əhalinin etibarlı təchizatının təmin olunması məqsədilə idxalçı şirkətlər mövcud qiymətlərə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciət ediblər.
Əhalinin sağlamlığı baxımından mühüm əhəmiyyət kəsb edən, idxalı iqtisadi cəhətdən səmərəli olmayan dərman vasitələri üzrə etibarlı təminat məqsədilə Səhiyyə Nazirliyinin rəyi də nəzərə alınmaqla 202 dərman vasitəsinin qiymətinə yenidən baxılıb.
  Ekspertlərin fikrincə, əsas problem dərmanların qiymətlərinin tənzimlənməsi məsələsində ortaya çıxır. Yəni Tarif Şurasında bu məsələnin tənzimlənməsi doğru addım deyil. Tarif Şurasının dərmanların qiymət tənzimlənməsi siyasəti yararsızdır. Çünki qiymətlər molekullara və istehsalçı ölkələrə görə dəyişir. O bildirib ki, problemi aradan qaldırmağın əsas yolu xarici dərman şirkətlərinin bazara çıxışına imkan yaradılmasıdır.

  İqtisadçı-ekspert Fuad İbrahimli isə hesab edir ki, dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi ilk növbədə bu sahədə möhtəkirliyin qarşısını almağa hesablanıb:

“Azad bazar iqtisadiyyatında qiymətlər bazar münasibətləri çərçivəsində tənzimlənməlidir. Dövlətin müdaxiləsi məqsədəuyğun hesab olunmur. Amma bir reallıq var ki, son vaxtlar bazar münasibətlərində süni qiymət artırılması halları baş alıb gedir, xüsusən də ölkəyə idxal olunan dərmanların satışında qeyri-qanuni yollardan istifadə olunurdu. Dərmanların bahalığı əhali üçün ciddi çətinliklər yaradır. Bu baxımdan bu məsələyə dövlətin müdaxiləsi başadüşüləndir. Yəni süni qiymət artımına qarşı mübarizə kontekstində Tarif Şurasının dərman qiymətlərinin tənzimləməsi ilə bağlı qərarının vətəndaşların maraqlarına uyğun olduğuna ümid edirəm”.
  Ekspertin sözlərinə görə, inhisarçılıq elementləri olan sahələrdə hökumətin öz rıçaqlarından istifadə edərək istehlak səbətinə daxil olan birinci dərəcəli məhsullara müdaxiləsi qiymət əmələgəlmə prosesinə müsbət təsir edir: “Azərbaycanın dərman bazarında isə vəziyyət acınacaqlıdır. Ölkəyə idxal olunan bir çox dərmanların qiymətini idxalçı maya dəyərindən 5 dəfə artıq qiymətə satır. Bu halda isə dövlətin prosesə müdaxiləsi vacibdir. 

Tarif Şurasının qeyd etdiyi 149 dərmanın siyahısı məndə olmadığı üçün konkret tənzimləmə ilə bağlı fikir deyə bilmərəm. Ümumilikdə onu deyə bilərəm ki, qiymətlərin tənzimlənməsi ölkəyə idxal olunan məhsulun gömrük və digər xərcləri çıxılıb rəsmiləşdikdən sonra məhsul istehsalçı ölkədən alındığı qiymətlərlə müqayisə olunmalı və maksimum iki dəfə artığına satılmalıdır. Məhsulun yerli bazarda baza qiymətindən iki dəfə baha satılması bazar iqtisadiyyatı deyil, bu artıq anormallıq və ya süni qiymət artımıdır”.

  Tarif Şurasının qiymət tənzimləməsinin ölkədə dərman qıtlığı yaratması ilə bağlı iddialara gəldikdə isə ekspert bu təhlükənin real olduğunu deyib. Onun sözlərinə görə, dövlətin müəyyən etdiyi dərman tənzimləməsi idxalçılara sərf etmədiyi zaman idxalçı monopolistlər süni qıtlıq yaranmasına zəmin yaradacaq: 

“Bu isə eyni zamanda “qara bazar”ın formalaşmasına gətirib çıxaracaq. Ona görə də dövlət bu məsələlərdə son dərəcə ehtiyatlı və diqqətli olmalıdır. Məsələ dövlətlə yanaşı ictimaiyyət nümayəndələri və medianın da nəzarətində olmalıdır. Problemin daim gündəmdə saxlanılması işbazların özbaşınalığını məhdudlaşdırmağa xidmət edəcək”.