Cinsi qısnama mövzusu Azərbaycanda hələ də aktualdır


Monitorinq mexanizmi yaradılmalı, geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilməlidir
  Ölkədə qadın hüquqlarının qorunması istiqamətində bir çox qanunvericilik aktları qəbul edilib və edilməkdədir. Bu məsələ ildən-ilə daha sistemli xarakter alır, görülmüş işlər, hazırkı vəziyyət sistemli təhlil olunur, eyni zamanda çətinliklər və problemlər də bu cür yanaşmalar nəticəsində müəyyənləşdirilir.
  Lakin mütəxəssislər cinsi qısnama mövzusunun Azərbaycanda kifayət qədər aktual olduğunu, qanunvericilikdə müəyyən məsələlərin nəzərdə tutulmasına baxmayaraq, problemlərin hələ də qaldığını, praktikada reallaşdırılmayan cəzaların olduğunu qeyd edirlər. Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İradə Hüseynova isə hesab edir ki, Azərbaycanda cinsi qısnama probleminin qarşısının alınmasında ictimai qınaq mexanizmləri, sosial şəbəkələr, xüsusilə də geniş maarifləndirmə tədbirlərinin həyata keçirilməsi mühüm rol oynaya bilər.
  Vətəndaşların Əmək Hüquqları Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Komitə yanında İctimai şuranın sədri Sahib Məmmədov “Şərq”ə açıqlamasında seksual qısnamanın qarşısının alınmasında qarşıya çıxan problemlərin aradan qaldırılması ilə bağlı tövsiyələrini diqqətə çatdırıb. S.Məmmədov bildirib ki, bir çox ölkələrdə seksual qısnamaların qarşısının alınmasına yönələn, həmçinin cinsi ayrı-seçkilik ilə bağlı qanunvericilik yoxdur. Qanunvericiliyə seksual qısnamanın qarşısının alınmasına yönələn müddəalar daxil edilsə də praktikada tətbiq mexanizmləri mükəmməl deyil: “Qanunvericiliyin təkmilləşdirilməsi, seksual qısnama halları ilə bağlı monitorinq mexanizmlərinin yaradılması, geniş maarifləndirmə və məlumatlandırma işləri həyata keçirilərkən bütün maraqlı tərəflərin, Həmkarlar İttifaqlarının, işəgötürən birliklərin, ixtisaslaşmış Qeyri-Hökumət Təşkilatlarının, ictimai şuraların cəlb edilməsi vacibdir”.