“Azəriqaz”: “Talış kəndinin qazlaşdırılması zamanı 75-dən çox mina aşkarlanıb”

Bu il Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi daxili maliyyə resursları hesabına Tərtər rayonun işğaldan azad edilmiş Talış kəndinə 11,1 kilometr uzunluğunda yeraltı polietilen qaz xətti çəkib.
“Report” xəbər verir ki, bunu bu gün Birliyin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov qurumda ilin yekunlarına dair keçirilən növbəti “Açıq qapı” aksiyası zamanı birdirib.
O, bu tikintinin mürəkkəbliyini də qeyd edərək bildirib ki, “Azəriqaz”ın qaz xətləri çəkdiyi dəhliz boyunca minalanmış ərazilərdən keçməli olublar: “Tikinti zamanı həmin ərazilərdə 75-ə yaxın mina və partlayıcı vasitə aşkarlanıb. Orta hesabla, biz kəmərin uzunluğunu minanın sayına bölsək, hər 150 metrə məsafəyə bir mina düşür. Bu prosesi də Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) peşəkarlıqla icra edib. ANAMA tərəfindən “Azəriqaz”a böyük dəstək göstərilib”.
Onun sözlərinə görə, “Azəriqaz” təyin edilmiş ərazini qazlaşdırmaq və vaxtında təhvil verilməsi üçün iki növbəli iş rejimi ilə çalışıb və qaz xəttinin çəkilməsi yekunlaşıb.
Növbəti ildə də işğaldan azad edilmiş ərazilərdə qaz xəttlərinin çəkilməsi və kommunikasiyaların qurulması planlaşdırılıb, deyə T. Cəfərov qeyd edib.