Kərə yağını kəsəndə o parçalanıb tökülməlidir

Trans yağlar insan səhhətinə həddindən artıq ziyandır

“Hətta ən bahalı yağlardan olan Yeni Zellandiyadan gətirilən kərə yağları ilə bağlı da şikayətlər alırıq”


  Dünyada 5 milyard insan ürək xəstəliyi və ölüm riskini artıran trans yağlara qarşı müdafiəsizdir. Hər il dünyada 500 min insan bu yağlar səbəbindən yaranan ürək-damar xəstəlikləri nəticəsində vəfat edir.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında qeyd olunub.
Hesabata görə, trans yağların istehlakı nəticəsində ürək-damar xəstəliklərindən ən çox ölüm hallarının qeydə alındığı 16 ölkədən 9-da yaxşı profilaktika siyasəti həyata keçirilmir. Bu ölkələrə Avstraliya, Azərbaycan, Butan, Ekvador, Misir, İran, Nepal, Pakistan və Cənubi Koreya daxildir.

  Trans yağları aradan qaldırmaq üçün ən yaxşı siyasət Amerika və Avropanın yüksək gəlirli ölkələrində həyata keçirilir. Argentina, Banqladeş, Hindistan, Paraqvay, Filippin və Ukrayna kimi orta gəlirli ölkələr də bu siyasəti mənimsəyir.
  Həmçinin bu il trans yağların aradan qaldırılması üçün ən yaxşı siyasətin Meksika, Nigeriya və Şri-Lankada həyata keçiriləcəyi gözlənilir.

  Qeyd edək ki, ÜST 2018-ci ildə trans yağların qlobal olaraq aradan qaldırılması barədə çağırış edib. Təşkilatın baş direktoru Tedros Adhanom Qebreyesus bu yağların heç bir faydası olmadığını, əksinə, səhiyyə sistemləri üçün böyük xərclərə səbəb olduğunu diqqətə çatdırıb.

Mütəxəssislərin fikrincə, trans yağların ən qorxunc xarakteri öz təsirini birbaşa və sürətlə deyil, yavaş-yavaş, dolayı yollarla göstərməyindədir. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov Azərbaycana idxal olunan  yağların tərkibinə nəzarətin gücləndirilməsinin vacib olduğunu deyib. Onun sözlərinə görə, trans yağ təbii yağ növü deyil. İnsan sağlamlığına zərərli olan trans yağ, "hidrogenləşmə" deyilən bir proseslə bitki yağına "hidrogen" qatılaraq əldə edilən yağdır: 

“Yağların tərkibinin araşdırılması çox önəmlidir. Demək olar ki, hər gün Azad İstehlakçılar Birliyinə kərə yağlarının  tərkibi ilə bağlı şikayət daxil olur. Hətta ən bahalı yağlardan olan Yeni Zellandiyadan gətirilən kərə yağları ilə bağlı  da şikayətlər  alırıq. Mağazalarda bitki spredi olan yağlar satılır ki, onların üzərinə inək şəkli vurulur. İstehlakçı elə bilir ki, bu, kərə yağıdır. Ancaq bitki spredi olduğu açıq-aydın şəkildə  yazılmır. Bazarlarda ciddi yoxlama  aparılmalı, cəmiyyət də ona dəstək verməlidir. İstehlakçılar yaxınlaşıb eyni temperaturda olan yağları sıxa bilərlər, hansı  bərkdirsə, o, kərə yağına daha yaxındır. Kərə yağını kəsəndə, o, parçalanıb tökülməlidir. Trans yağlar insan səhhətinə həddindən artıq ziyandır və bunun üçün də ciddi laboratoriyalaşma getməlidir”.
  AİB sədrinin sözlərinə görə, hidrogen əlavə edilmiş yağlar pis xolesterolu artırır və infarkt, insult, damar tıxanması kimi bir çox ciddi xəstəliklərə səbəb olur. 

  Orqanizmin ürək-damar, sinir, immun, cinsiyyət sistemlərinə, mübadilə proseslərinə çox mənfi təsir edir, şəkərli diabetin və hətta onkoloji xəstəliklərin inkişafının riskini artırır. Trans-piylər orqanizmə hüceyrə səviyyəsində mənfi təsir edir, həzm sisteminin fəaliyyətini pozur, qanda xolesterinin səviyyəsini qaldırır. Trans-piylərin daimi qəbulu artıq çəkinin yığılmasına səbəb olur.