Savadlı həkimlər heç vaxt reklam dərdi çəkmir

İnkişaf etmiş ölkələrdə həkimlər rəqəmcə bahalı, mahiyyətcə ucuz televiziya reklamına qaçmır

  Azərbaycanın efir məkanında bəzi verilişlərdə həkimlərin reklam qiymətləri ilə bağlı fantastik rəqəmlər açıqlanıb. Medicina.az saytı populyar televiziya proqamlarında həkimlərin reklam olunmasının qiymətləri barədə araşdırma aparıb.
  Məlum olub ki, telekanalların reklam paketlərində müvafiq xidmətin qiyməti ƏDV-siz 16-18 min manatdır.
Bundan əlavə teleaparıcılardan Zaur Baxşəliyev, Xoşqədəm Hidayətqızı və Elgiz Əkbərin proqramında qonaq kimi iştirak edən həkimlər aparıcıların xüsusi təqdimatı üçün əlavə ödənişlər edirlər.

  Belə ki, əgər sponsor paketi 10 min manatdırsa, həkim canlı verilişdə oturmaq və çıxış, xüsusi təriflənmək üçün əlavə 3-5 min manat arası pul ödəyir.

Həkim-anestezioloq Turanə Rəsulova isə “Şərq”ə açıqlamasında deyib ki, məşhur verilişlərdə aparıcıların bu məsələni şouya çevirməsi, kimisə "nömrə 1" adlandırması, həkimin də bunun qarşılığında pul ödəməsinin səbəbkarı məhz bu aparıcıları fenomen edən tamaşaçılardır: 

“Əzizlərim, həyatınızı, qərarlarınızı, Zaur və Xoşqədəmə bağlamağınızla, bu qədər fantastik rəqəmlər ödəyib özünü sizə təqdim etməyə həkimləri məcbur edən sizsiniz. 

  Dünyanın hər yerində həkimlər çox qazanır. Bilirsiz niyə? Çünki pul qazanmaq yaşına gələnə qədərki həyatı insan həyatının ən gözəl illəridir, tam bir fəlakətdir - istənilən başqa peşədən daha çox oxumaq, daha çox əziyyət çəkməyi tələb edir və inkişaf etmiş ölkələrdə “ağlı başında olan adam” bu həyatı seçmir. Seçənlərin də çox qazanması ən təbii haldır.

  İnkişaf etmiş ölkələrdə həkimlər rəqəmcə bahalı, mahiyyətcə ucuz televiziya reklamına qaçmır, çünki zatən sağlam cəmiyyətlər televiziyaları demək olar ki, izləmir. İzləyənlər də bizim “məşhur” proqramlar kimi proqramları izləməz, onlara görə həkim seçməz. Həkimlər də işi ilə məşğuldur, reklam dərdi çəkməklə deyil.

Mən nə qədər savadlı həkim tanıyıram ki, bu kimi şeylərə getmədiyi üçün qazana biləcəyindən çox-çox az qazanır. Nə qədər həkim tanıyıram ki, bu “rəqabət”i istəmədiyi üçün xaricdə çalışır və nə qədəri tərk edib ölkəni... İndi düşünün, kimi tənqid edirsiz? Nəyi tənqid edirsiniz? Və niyə tənqid edirsiniz?!”.