Poliklinikalarda həkimlər uşaqlara formal sağlamlıq sənədi verirlər
“Bu gün məktəblərdə uşaqlar arasında hansısa xəstəliklər gizli qalır”.
Bunu Milli Məclisin Səhiyyə komitəsinin dünənki iclasında deputat Kamilə Əliyeva deyib.
O bildirib ki, “Uşaqların icbari dispanserizasiyası haqqında” qanunumuz var: “Amma uşaqlara yoxlanışda ancaq sağlam olduqları yazılır. Bu gün mediada hər gün eşidirik ki, hansısa məktəbdə uşaq ölüb. Bu qanunla bağlı bir dinləmə keçirək və bu məsələni müzakirə edək”.
Komitə sədri Əhliman Əmiraslanov bildirib ki, bu, çox vacib məsələdir:
“Tək uşaqların yox, ölkədə bütün insanların dispanserizasiyası məsələsi çox vacibdir. Mən də mətbuatdan uşaqların ölüm xəbərlərini oxuyuram. Deməli, bu məsələyə səthi yanaşılır. Bunu aidiyyəti qurumlarla müzakirə etmək olar”.
Valideynlər arasında keçirilən sorğu da deputatların narahatlığına əsas verir. İddialara görə, icbari dispanserizasiya vərəqi poliklinika həkimləri tərəfindən formal olaraq “sağlamdır” şəklində doldurulur. Proses şəffaf olmadığı üçün də valideynlər ümumiyyətlə uşaqlarını poliklinikalara aparıb həkim yoxlamasından keçirməkdə maraqlı olmurlar. Belə ki, uşaq xəstə olsa belə həkimlər ötəri yoxlayıb müayinə vərəqəsinə “sağlam” olmasını yazırlar. Hətta bəzi həkimlər poliklinikalara müraciət edən valideynlərdən pul umurlar.
Terapevt Vəfa Əhmədova isə “Şərq”ə açıqlamasında deyib ki, uşaqların sağlamlığına nəzarət etmək üçün ən yaxşı vasitə onların vaxtaşırı müayinə olunmasıdır:
“Uşaqların dispanserizasiyası – uşaqların sağlamlığının qorunması, normal fiziki inkişafının təmin edilməsi və xəstəliyin ilkin mərhələdə aşkar edilməsi məqsədilə kompleks profilaktika, diaqnostika və müalicə-sağlamlaşdırıcı tədbirlərdən ibarət olan aktiv dinamik müşahidə sistemidir. Xəstəliklərin əksəriyyətinin təməli məhz uşaq yaşında qoyulur. Profilaktik müayinələrdə isə uşaqlar arasında xəstəliklərə səbəb olan risk faktorlarını aşkar etmək və üzərinə düşüb qarşısını almaq mümkündür. Bu baxımdan uşaqlar arasında icbari tibbi müayinələrin aparılmasının, aşkar edilmiş xəstə uşaqların dispanserizasiyaya cəlb edilməsinin və müalicə-sağlamlaşdırıcı tədbirlərin həyata keçirilməsinin müstəsna əhəmiyyəti var”.
Həkimin sözlərinə görə, ildə bir dəfədən az olmayaraq uşaqlar icbari dispanserizasiya olmalıdır:
“Hazırda poliklinikalarda mövcud qanuna nə dərəcədə riayət olunduğunu deyə bilmərəm. Amma uşaqlar bizim millətin gələcəyidir, onların sağlamlığı nə qədər möhkəm, nə qədər nəzarət altında olarsa, bizim gələcəyimiz də daha möhkəm olar. Valideynlər özləri uşağı yoxlanışa aparmağa maraqlı olmalıdır. Hətta həkimlər başdansovdu müayinə etsələr belə valideyn etiraz etsin ki, uşaqlar düzgün yoxlanılsın. Əgər prosedur düzgün və şəffaf aparılsa, hər bir valideyn də uşağının sağlamlığı barədə ətraflı məlumat əldə etmiş olar”.
Konkret olaraq məktəbyaşlı uşaqların qəfil ölüm səbəbinə gəldikdə isə V.Əhmədova deyib ki, şagirdlər arasında ölüm hallarının artmasının müxtəlif səbəbləri var: “Orta məktəblərdə ölüm halları hər zaman olub.
Məktəblilər arasında qəfil ölümün artmasının səbəblərindən biri stresdir. Daha sonra orqanizmdə gedən paralel xəstəliklər – şəkərli diabet, yüksək qan təzyiqi və sairdir. Bu xəstəliklər zamanında müalicə olunmadığı halda qəfil ölümlərə, infarkta gətirib çıxara bilir. Bu, əvvəl də var idi, indi də var. Əsas da məktəblilərə psixoloji təzyiq edilməsin. Bəzən uşaqlara dərsləri ilə bağlı təzyiq edirlər, bu da onlarda stres yaradır. Uşaqları bütün gün gərginlikdə saxlamaq olmaz ki, dərs oxusun. Belə olanda uşaqlar qorxur, yuxusuzluq yaranır, ürək döyüntüsü artır, hətta funksional dəyişikliklər də yarana bilər. Uşaqlarda qəfil ölümün digər səbəbi anadangəlmə ürək qüsurlarıdır. Ciddi ürək qüsurları vaxtında müayinə və müalicə olunmadığından, birdən-birə qəfil ölüm halları ola bilər”.