“Cavanlarla dostluq edəndə özümü ruhən gənc və gümrah hiss edirəm”

Cahangir Məmmədli: “Jurnalistika fakültəsi elə bir yerdir ki, burada tələbələri özünə dost, həmkar hesab etməmək mümkün deyil”

“Bir müəllim olaraq tələbələrimdən, gənc jurnalistlərimizdən gözləntim və tələbim odur ki, klassik Azərbaycan mətbuatından, onun təməl prinsiplərindən kənara çıxmasınlar”

  Həyatını Azərbaycan jurnalistikasına və mətbu sözə həsr etmiş dəyərli ziyalımız, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin kafedra müdiri, professor Cahangir Məmmədlinin doğum günüdür. 81 yaşını tamamlayan C.Məmmədli 1942-ci ildə Ağdam rayonunun Novruzlu kəndində anadan olub. 1968-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib. Həmin ildən adıçəkilən fakültədə müəllimlik fəaliyyətinə başlayıb. Jurnalistika sahəsində bir neçə nüfuzlu mükafatın sahibidir.  2004-cü ildə Bakı Dövlət Universitetində "İlin müəllimi” nominasiyasının qalibi olub. Prezident təqaüdçüsüdür. 
  "Şərq” qəzeti kollektivi adından professoru təbrik etmək, həm də yaşadığı 81 illik ömür tarixçəsinə nəzər salmaq üçün Cahangir müəllimlə  əlaqə saxlayıb, xeyli söhbətləşdik.

- Cahangir müəllim, deyirlər insan yaşlandıqca uşaqlaşır. Deməli, siz də 1 yaş böyüdünüz. Yeni yaşınızda özünüzü necə hiss edirsiniz? 

- 81 illik ömrüm  çox keşməkeşli yollardan, əyri-üyrü döngələrdən keçib. Bu gün məni xoşbəxt edən isə geridə qalan 80 ilin acılı-şirinli xatirələridir. Allah mənə elə bir ömür verdi ki, bütün mərhələləri görə-görə gəldim. Ən əziz xatirələrim doğma yurdum Ağdam,  doğma kəndim Novruzlu ilə bağlıdır. Bu xatirələr arasında  Bakı Dövlət Universiteti, tələbə yoldaşlarım, müəllimlərim,  tələbələrim də var. Ancaq ən acı və ən şirin xatirələrim Ağdamla bağlıdır.  İşğaldan sonra məni Ağdama Mir Şahinlə Elburus Ərud apardı. Bu səfərlə bağlı “80 il Ağ Damın altında” adlı film də lentə alınıb. Ağdamın erməni vandalizmi nəticəsində xarabalığa çevrildiyini görəndə  üzüntüdən bədənimiz əsdi. Erməniyə olan nifrətimiz  daha da böyüdü. Təsəvvür edə bilməzsiniz ki, insan öz doğma yurdunu belə bərbad vəziyyətdə görəndə hansı ağrılı hissləri keçirə bilər. Novruzluya gedəndə eyniadlı doğma məktəbimi də  yerlə-yeksan gördüm. Özümə yer tapa bilmirdim. Axı bu kənd, bu məktəb mənə əlli beş ildən bəri gəldiyim jurnalistikanı qazandırıb.
  Amma bir yandan da içimizdə illər sonra doğma torpağa qayıtmağın xoşbəxtliyi vardı. Hər parçası bir tarix olan daşına, kəsəyinə əl vurmaq, illərdir vəhşi ermənilər tərəfindən yerlə-yeksan edilən tarixi, dini abidələrimizi ziyarət etmək və sair anları yaşamaq nə qədər çətin olsa da, böyük xoşbəxtlikdir. Bu sevinci bizə yaşadan möhtərəm Prezidentimiz, müzəffər Ali Baş Komandan İlham Əliyevə, rəşadətli Azərbaycan Ordusuna minnətdarıq.
  Bizim Prezidentimiz bütün çıxışlarında, xarici KİV-ə müsahibələrində dəfələrlə azad olunmuş bütün torpaqlarımızda infrastrukturun yenidən əvvəlkindən də yaxşı yaradılacağını dilə gətirib. Ölkəmizə bütün rəhbərliyi dövründə verdiyi vədlərə həmişə sadiq qalmış bu insanın Ağdamı tezliklə gülüstana çevirmək vədi də mütləq reallaşacaq. Biz mütləq Novruzluya qayıdacağıq və mənim dağılmış məktəbimdə yenidən zəng səsi eşidiləcək. İşğaldan əvvəl olduğu kimi işğaldan sonra da  o məktəbdə gələcəyin  ziyalıları, elm adamları təhsil alacaq.  

- 30 il həsrətini çəkdiyiniz torpağı dünya gözü ilə bir daha görmək necə bir  hiss idi?

- Bundan böyük xoşbəxtlik, bundan böyük sevinc ola bilməz. Mən müharibə dövründə anadan olmuşam. Uşaqlığım İkinci Dünya müharibəsinə təsadüf edib.  Qocalığımda da  müharibə dövrü yaşadım.  İkinci Dünya müharibəsində özgənin torpağında özgələr üçün döyüşürdük.  44 günlük Vətən müharibəsində isə öz torpaqlarımızdakı özgələrlə haqq, ədalət naminə vuruşduq. 44 günlük Vətən müharibəsi bizim şanlı tariximizdir. Nə xoş mənə ki 80 yaşın astanasında bu cür şanlı tarixin şahidi oldum. Şuşanın quşqonmaz zirvəsinə dırnaqları, dizləri ilə çıxan igidlərimizin şücaətini gördüm.
  Qəhrəman əsgər və zabitlərimizin fədakarlığı, qəhrəmanlığı sayəsində bu gün biz azad edilmiş torpaqlarda qurub yaradırıq, şəhərlərimizi, kəndlərimizi bərpa edirik və həm də şanlı Zəfərimizlə fəxr edirik.  30 illik Vətən nisgilimiz Ali Baş Komandanımız və yenilməz ordumuzun sayəsində sona çatdı. Zamanla da  bu torpaqların əzəli və əbədi sahibləri olaraq əvvəlki  həyatı  yenidən qaytaracağıq. Bundan böyük xoşbəxtlik, bundan gözəl hiss ola bilməz!

- Cahangir müəllim, görün neçə müharibə görüb, nə qədər itkilər vermisiniz. Buna rəğmən bu yaşınızda belə həyat eşqiniz sönməyib. Sizi hər zaman enerjili və həyatdolu görmüşük. Bunu nəyə borclusunuz?

- Sözün düzü, Qarabağın işğalından sonra  çox ciddi sarsıntı keçirib, sağlamlığımla bağlı çox problem yaşadım. 2003-cü ildə İlham Əliyev ölkə prezidenti seçiləndən sonra  həyata olan ümidlərim yenidən canlandı. Onun hər dediyi söz məni işğal altında qalan torpağıma bir az daha yaxınlaşdırırdı. Onun  dediklərinə ürəkdən inanırdım.  Bu illər ərzində məni ayaqda saxlayan, mənə həyat eşqi verən  dövlət başçımızın “Azərbaycan bir qarış da torpağını işğal altında qoymayacaq" vədləri oldu.  Prezident İlham Əliyevin də vurğuladığı kimi, “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm. Yaxın tarix dəfələrlə bunu göstərib, həm siyasi müstəvidə, diplomatik müstəvidə, eyni zamanda döyüş meydanında. Nəyi ediriksə, dəqiqliklə edirik”. Şübhəsiz ki, bu fikirlərin təsdiqini bugünədək aparılan siyasət, atılan addımlar, o cümlədən sentyabrın 27-dən başlayan əks-hücum əməliyyatlarında gördük.

- Cahangir müəllim, sizi sevənlər çoxdur. Tələbələriniz həmişə sizin haqqınızda müəllim-tələbə münasibətində yox, dost kimi danışır. Tələbələrlə aranızdakı bu bağın səbəbi nədir?

- Yaxşı oxuyan, istedadını hiss etdiyim tələbəni həmişə şəxsi nəzarətimdə saxlayıram. Mən belələri ilə universitetin dəhlizində də, yol yoldaşı olanda da – hər cür imkan yarandığında bildiklərimi bölüşürəm.
Jurnalistika fakültəsi elə bir  yerdir ki, burada tələbələri özünə dost, həmkar hesab etməmək mümkün deyil. Fakültəmizin peşəkar məzunları, yaradıcı tələbələri çoxdur. Elə bu dəqiqə yanımda sevimli tələbəm Kənan Novruzov (BDU Jurnalistika fakültəsinin müəllimi, "Report" İnformasiya Agentliyinin əməkdaşı)  oturub. Birinci kursdan onun istedadına bələdəm. Bu cür tələbələrim çoxdur. Bəzən müəllim  müasir gənclərdən gileylənir, tələbələrin oxumamağından şikayətlənir. Halbuki yeni nəsli çox sevirəm, hər zaman onlara dəstək olmağa çalışıram. Fakültənin dəhlizində onları görəndə elə bilirəm öz balamı, nəvələrimi görürəm. Bu həmişə belə olub. Cavan vaxtlarımda öz tələbələrimi qardaş-bacılarım, bir az yaşlananda övladlarım kimi sevirdim. İndi də hamısı  mənim nəvələrimdir. Elə tələbələrim var ki, hər gün mənimlə zəngləşib hal-əhval tutur, nəsə bir  məsləhət alır. Mən də sevə-sevə onlara dəstək oluram.  Fakültənin hər məzunu  vaxtı ilə  jurnalistikanın bünövrəsini qoyan Şirməmməd Hüseynov, Seyfulla Əliyev, Famil Mehdi məktəbinin yetirmələridir. Fakültə mühitində bu gün də o məktəbin layiqli davamçıları var. 

- Xüsusi vurğulamağınızdan belə başa düşdüm ki, Kənanı digər tələbələrinizdən daha çox istəyirsiniz. Yeri gəlmişkən, Kənan bir müddət də bizimlə çalışıb. Sizə  qarşı xüsusi bir sevgisi və  böyük  hörməti var. Sizdən o qədər ürəkdolusu danışırdı ki, biz ona “balaca Cahangir” deyirdik... amma müsahibələrinizin birində oxumuşdum ki, ən  istəkli tələbəniz Mətbuat Şurasının sədri Rəşad Məciddir axı... 

- Rəşad Məcid dostluğu, istedadı ilə hər zaman qürurlandığım tələbəmdir, amma inciməsin,  mən hər zaman cavanları daha çox sevmişəm.  Onlarla dostluq edəndə özümü ruhən gənc və gümrah hiss edirəm. Gənclərlə işləmək, onlarla dostluq etmək  mənə xüsusi bir zövq  verir. Kənan çox parlaq və işıqlı bir gəncdir. Mən onun ilk yazısından anlamışdım ki, gələcəkdə çox böyük işlərə imza atacaq.  Tələbə vaxtlarından müxtəlif mətbu orqanda, internet saytlarında çalışıb, yazıları dərc olunub. Bu gün  isə artıq Jurnalistika fakültəsində  dərs deyir, uzağı bir ildən sonra tam ştatlı müəllim olacaq. 

- Hətta biz Kənanın fakültənin növbəti dekanı olacağına da inanırıq...

- Dəqiq! İnşallah, o günlər də gələcək! Kənanda o qabiliyyət də, potensial da var. Kənanı dəfələrlə televiziyalara yüksək vəzifəyə dəvət ediblər. Amma Bakı Dövlət Universitetində qalmaqda  israrlıdır. Mən onun universitet sevgisinə yaxından bələdəm.
 
- Sizin üçün bütün jurnalistlərin müəllimi deyirlər.  Tələbə dostlarınıza tövsiyələriniz nədir?

- Çox çətin bir zəmanədə yaşayırıq. Dünya sürətlə dəyişir, çox fərqli nizam formalaşır. Davam etməkdə olan  Rusiya-Ukrayna müharibəsi üçüncü dünya müharibəsi ab-havası yaşadır. Bu proseslər fonunda  böyük dövlətlərin jurnalistikası qərəzli bir format alıb. Artıq bir dənə belə qərəzsiz  informasiya tapıb oxumaq olmur. Qərb jurnalistikası bizə dəqiq, qərəzsiz, fakta münasibətdə obyektiv olmağı  öyrədirdi. Bu gün isə Avropa  mediası həmin prinsiplərdən birmənalı olaraq imtina edib, ideoloji jurnalistika ilə məşğul olur.  İdeologiya  isə siyasi və ya kütləvi birlik əmələ gətirən, bir hökumətin, siyasi partiyanın, kütləvi cəmiyyət siniflərinin davranışlarına istiqamət verən vasitədir. Bir müəllim olaraq tələbələrimdən,  gənc jurnalistlərimizdən gözləntim və tələbim odur ki,  klassik Azərbaycan mətbuatından, onun təməl prinsiplərindən kənara çıxmasınlar.