Çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək
Azərbaycanda dərman vasitələri haqqında yeni sənəd hazırlanır.
Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov
bildirib ki, bu sənəd üzərində Səhiyyə Nazirliyi TƏBİB ilə birgə hazırlıqlar aparır. Sənədin hazırlanması istiqamətində iş davam edir.
Millət vəkili Müşfiq Məmmədli isə “Şərq”ə açıqlamasında büdcə müzakirələri zamanı Baş nazir Əli Əsədovun da bu məsələyə diqqət çəkdiyini xatırladıb.
Dərman vasitələri ilə bağlı yeni sənəd hazırlandığını qeyd edən baş nazir tapşırıq vermişdi ki, sənədin hazırlanmasında bizim komitə üzvləri də iştirak etsin.
Son bir ay ərzində bu məsələ ilə bağlı komitənin üzvləri tərəfindən İşçi Qrup səviyyəsində müzakirələr aparılıb. Şəxsən mən də komitə üzvü olaraq əczaçılıq sahəsi üzrə fəaliyyət göstərən firmalar və Əczaçılar Assosiasiyası ilə görüşlər keçirmişəm. Daxili istehsal üçün görüləcək işlər, dərman preparatlarının idxalı və apteklərdə əlçatanlığının təmin olunması istiqamətində təklifləri dinləmişəm. Sənəd hələ hazırlanma mərhələsindədir. Görüşümüz yenə də davam edəcək”.
Sənədlə bağlı gözləntilərinin yüksək olduğunu vurğulayan deputat deyib ki, yerli dərman istehsalı ilə bağlı bir neçə iri layihələr həyata keçirilməkdədir:
“İnanıram ki, çox qısa müddətdə Azərbaycan özünü əksər dərman vasitələri ilə təmin edə biləcək. Daxili istehsalın stimullaşdırılması, uyğun investisiya mühitinin yaradılması apteklərdə qiymətlərin süni artırılmasının qarşısının alınması kimi məsələlər sənəddə öz həllini tapacaq”.