“Biz həmişə cənab Prezidentin bu humanist addımını hüquq müdafiəçisi olaraq alqışlamışıq”
2023-cü ilin “Heydər Əliyev İli” elan olunması əfv fərmanı ilə bağlı mövzunu aktuallaşdırıb. Məlumata görə, may ayında ölkə başçısının sərəncamı ilə minlərlə məhbusun həbsdən azad ediləcəyi, eyni zamanda xeyli məhbusun cəzasının azaldılacağı gözlənilir.
Budəfəki əfvin daha çox kimlərə şamil ediləcəyinə gəldikdə isə Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq müdafiəçisi Çingiz Qənizadə “Şərq”ə açıqlamasında deyib ki, ölkə başçısı ənənəvi olaraq hər il əfv fərmanı imzalayır və yüzlərlə insan azadlığa çıxır: “2023-cü il "Heydər Əliyev ili" elan olunub və bununla da bir sıra tədbirlərin keçiriləcəyi gözlənilir. Biz hüquq müdafiəçilərini isə maraqlandıran əsas məsələlərdən biri əfv sərəncamının olub-olmamasıdır.
Buna ümid edir, gözləyirik. Çünki adətən tarixi şəxsiyyətlərin yüz illiyi ilə bağlı müəyyən amnistiyaların, əfvlərin verilməsi təcrübəsi var.
Adətən bizim ehtimallar həmişə özünü doğruldur, bu dəfə də doğrulacağına inanır, 2023-cü ilin ilk aylarından sonra bu məsələnin gündəmi zəbt edəcəyini düşünürük. Biz həmişə cənab Prezidentin bu humanist addımını hüquq müdafiəçisi olaraq alqışlamışıq.
Həmişə də qeyd edirdik ki, burada təkcə əfv fərmanına adı düşən şəxslər yox, həm də onların ailə üzvləri, yaxınları sevinir. Ümumiyyətlə, minlərlə insanın sevincinə səbəb olan humanist addımdır. Bu baxımdan biz arzulayırıq və gözləyirik”.