Problem tək həyət evləri ilə bağlı deyil


Yeni tikilmiş bina evlərinə də çıxarışlar verilmir

“İlk növbədə torpağın təyinatı dəyişməlidir, yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir”



  Sənədsiz evlər problemi Milli Məclisin Aqrar siyasət komitəsinin iclasında müzakirə edilib. Deputatlar hesab edir ki, mövcud məsələnin həlli üçün bələdiyyə torpaqları təftiş olunmalıdır. Mövzu ilə bağlı “Şərq”ə danışan millət vəkili Azər Badamov isə deyib ki, uzun illərdir  sənədsiz evlərlə bağlı məsələ problem olaraq qalmaqdadır. Bir neçə il əvvəl bu məsələnin həll olunması ilə bağlı ölkə başçısının tapşırığı da olub. Hətta bununla əlaqədar təftiş işlərinin aparılması üçün müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə komissiya da yaradılmışdı. Pandemiyaya qədər işlər sürətlə gedirdi. Amma pandemiyanın gəlişi və canlı təmaslara məhdudiyyətlərin tətbiqi bu işin müəyyən müddətə dayandırılmasına səbəb oldu.
  Artıq pandemiya ilə bağlı məhdudiyyətlərin aradan qaldırıldığını vurğulayan millət vəkili deyib ki, müvafiq komissiyanın işinin bərpa edilməsi üçün heç bir məhdudiyyət yoxdur: “Hesab edirəm ki, bu il də komissiya öz işinə yenidən başlayacaq və yarımçıq qalmış işi başa çatdıracaqdır. Evlərin uzun müddət sənədsiz qalmasının səbəbi odur ki, torpaqlar təyinatı üzrə deyil. Yəni fərdi həyət evləri, yaşayış massivləri tikiblər, amma onların təyinatı fərqlidir.
  Buna görə də kənd təsərrüfatı torpaqlarda, kommunikasiyaların mühafizə zonalarında tikilən evlərin sənədləşdirilməsi problemi həllolunmaz problem olaraq qalmaqdadır.  Hesab edirəm ki, sənədsiz evlərin inventarlaşdırılması məsələsi başa çatdırılmalı və təhlükəsiz ərazilərdə yerləşən evlərin sənədləşdirilməsi mexanizmi işlənib hazırlanmalıdır”.
  A.Badamov deyib ki, bələdiyyə torpaqlarının təftiş olunması vacibdir. “Buna ehtiyac var. Əgər həmin torpaqlar kənd təsərrüfatı üçün nəzərdə tutulubsa, niyə fərdi evlər tikilib? Burada məsuliyyətli şəxslər qanun qarşısında cavab verməlidir. Bundan başqa həmin torpaqlarda ev tikənlərin sənəd məsələləri həll olunmalıdır. Bu da minlərlə insanı əhatə edir. Amma qeyd etdiyim kimi, belə halların yaşanmasına məsul olan şəxslər cavab verməlidir”. 

  Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə hesab edir ki, 
sözügedən evlərə  çıxarışların verilməsi üçün birinci növbədə torpağın təyinatı dəyişməlidir. Yaşayış massivi kimi nəzərdə tutulmalı, daha sonra çıxarış verilməlidir: “Təbii ki, bu, özəlləşən zaman bütün əraziləri əhatə edə bilməz. Çox ərazilər var ki, orada tikinti aparmaq qadağandır. Amma tikilib. Qanunla baxsaq, bu ərazilərə sənəd verilə bilməz. Onlara gələcəkdə çıxarışlar verilərsə, yəqin ki, hansısa formada kompensasiya və yaxud köçürmə yolu ilə bu ərazilərdə yer dəyişikliyi olmalıdır”.
  Ekspertin sözlərinə görə, Bakı, Xırdalan, Sumqayıt 3 ayrı şəhər olsa da, fərdi yaşayış evləri o qədər genişlənib ki, şəhərlər bir-birinə birləşib və burda da əksər ərazilərdə çıxarış yoxdur. “Təbii ki, burada itirən tərəf dövlətin büdcəsidir. Çıxarışlar olsaydı vətəndaş əmlak, bələdiyyə vergisi verərdi”.
  Ekspert sonda qeydiyyat məsələsinə də toxunub və bildirib ki, bu gün qeydiyyatla bağlı yaşanan problemlər məhz çıxarışla əlaqəli məsələdir. Çıxarış olmadığı üçün insanlar qeydiyyata düşə bilmirlər. Bu məsələ tək həyət evləri ilə bağlı deyil. Yeni tikilmiş bina evlərinə də çıxarışlar verilmir. Vətəndaş illərlə ev alıb yaşayır, amma öz evinə qeydiyyata düşə bilmir”.