Psixoloq:"Azyaşlıların dəfn mərasimlərində iştirakı doğru deyil"
“Qadınları və uşaqları dəfnə aparmayın. İslamda bu yoxdur. Belə görmüşəm. Bakıda qadınlar qəbiristana 40-cı gün gedirlər. Dəfn kimi ağır səhnə nə duyğusal qadın, nə zəif uşaq beyni üçündür”. Bu sözləri feysbukda jurnalist Aygün Muradxanlı yazıb. Həmkarımızın bu təklifi sosial şəbəkə istifadəçiləri arasında fikir ayrılığı yaradıb.
Ziya Səfərli adlı istifadəçi A.Muradxanlı ilə eyni fikirdə olduğunu deyib:
“Mən atamı itirəndə, qəbiristanlığa aparmadılar, 7 yaşım var idi deyə. Anam isə ölüm ayağında olanda yanında durma dedilər, amma durdum. 2 ildi o travmaları adicə bir stəkan su içəndə də xatırlayıram. İstər dini, istərsə də normal halda düzgün bir şey deyil. Beyində travma qalır”.
İdrak Abbasov isə “Norveçdə də heç bir dəfn mərasimində uşaq iştirak etmir. Amma qadınlar dəfn mərasimində və bütün proseslərdə iştirak etməlidir. Əksinə, qadınlar kişilərdən daha dayanıqlıdırlar”, - deyib.
AyGul Mehman adlı istifadəçi isə jurnalistin fikirlərini dəxlisiz təklif adlandırıb: “Məni atamın dəfninə buraxmayan beyinsizləri bir ömür bağışlamayacam, çünki hələ də elə bilirəm harasa gedib, gələcək. Hər şeydə dözümlü olduq, dəfnə dözməyəcəyik”.
Əli Şamil isə yazıb ki, haqlısınız. Avropada, xristianlar arasında nə görürlər, onu təqlid eləməklə özlərini yenilikçi sayırlar. Amma onların yenilik saydığı çox məsələnin xalqımızın mənəviyyatına, inkişafına vurduğu zərəri görmək istəmirlər.
Qeyd edək ki, psixoloqlar da hesab edir ki, körpələr dəfn və yas mərasimlərindən mümkün qədər kənar saxlanmalıdır. Onların fikrincə, ətrafda nə baş verdiyini anlamayan uşaqlar üçün dəfn və yas mərasimi daha çox neqativ duyğular yaradır.
Psixoloq Elnur Rüstəmov “Şərq”ə açıqlamasınd deyib ki, uşaqları dəfn mərasimlərinə aparan zaman yaş fərqi mütləq diqqətə alınmalıdır. Psixoloq xüsusilə qeyd edib ki, azyaşlıların dəfn mərasimlərində iştirakı doğru deyil:
“Dəfn mərasimləri ilə bağlı izahat böyük önəm daşıyır. Əvvəlcə bu müəyyənləşməlidir ki, dəfn mərasiminə aparılan uşağa hansı izahat verilir? Bəzən bizim valideynlər uşaqla bağlı ötəri düşünürlər.
Adi həyatı götürək. Uşağı tutalım, lap yaxın qohumun evinə aparanda da gərək ona bununla bağlı bir izahat verəsən. Ümumiyyətlə, uşağın əlindən tutub, kortəbii şəkildə harasa aparmaq olmaz. Uşağın beynində suallar yaranır; mən hara gəlmişəm, bu adamlar kimdir... Körpədirsə, baş verənləri ümumiyyətlə qavramır. Onun beynində sadəcə görüntü qalır. Valideyn bu görüntünü sonradan əziz bir xatirəyə də çevirə bilər, həmçinin o görüntü, sadəcə, altşüurda korşalıb qala da bilər. Yəni burada valideynin yanaşmasının, onun izahının əhəmiyyəti olduqca böyükdür. Azyaşlılar çox sual verir, hər şeyi anlamağa çalışır.
Söhbət şəhidlərdən gedirsə, valideyn uşağa izahat verməlidir, onlar nəyin uğrunda döyüşüblər, niyə şəhid olublar. Bu izahatın düzgün verilməsi uşağın özgüvən hissinin formalaşmasında əhəmiyyətli rol oynayır. Əgər izahat doğru verilərsə, uşağın yaxşı vətəndaş olmasına xidmət edəcək”.