Azərbaycanda təxminən 30 min dayə işləyir

Bundan sonra onlar da müvafiq sənədlə çalışacaqlar

Kimsə övladı üçün dayə axtarışına çıxdıqda, müraciət edənlərdən lisenziyasının olub-olmadığını soruşacaq


  Dayə işləmək istəyənlər imtahan verərək müvafiq sənəd – lisenziya əldə edə bilər. Belə bir imkanı Təhsildə Keyfiyyət Təminatı Agentliyi yaradır. Məlumata görə, Agentlik  “dayə” ixtisası üzrə formal təhsilə çıxış imkanı məhdud olan vətəndaşlara imtahanlarda iştiraka dəvət edir. TKTA-dan verilən məlumata görə, sözügedən ixtisas üzrə təhsil sənədi olmadan fəaliyyət göstərən dayələr səriştələrinin tanınması məqsədilə keçirilən imtahanlarda iştirak edə bilər. Ərizəçilər bunun üçün müraciət qaydaları, tələb olunan sənədlər və imtahan barədə ətraflı məlumat yerləşdirilmiş keçiddən istifadə edə və imtahanlarda iştirak etmək üçün qeydiyyatdan keçərək tələb olunan sənədləri ([email protected]) ünvanına göndərə bilərlər. Qiymətləndirmə nəticəsi müsbət olan müraciətçiyə müvafiq modul üzrə sertifikat təqdim ediləcək.

  Bu o deməkdir ki, dayə peşəsi də modernləşir artıq. Kimsə övladı üçün dayə axtarışına çıxdıqda, müraciət edənlərdən lisenziyasının olub-olmadığını soruşacaq. Lisenziyalı dayələr daha güvənli, daha savadlı, bilikli hesab ediləcəklər. Adətən dayələr tanış-bilişlər, qohumlar vasitəsilə tapılır. Düzünü desək, elanlara inananlar da azdır. Elanda hər kəs özü haqqında müsbət rəy yaza, yüksək keyfiyyətlərə malik olduğunu qeyd edə bilər. Amma reallıqda da belədirmi, bunu təcrübə, yəni uşağın üzərində aparılacaq təcrübə göstərir. Bəzən də sonradan məlum olur ki, dayə uşağa yaxşı qulluq etməyib, kobud davranıb, Allah uzaq eləsin, döyüb, işgəncə verib. Bu cür hallar yaşanmasın deyə, valideynlər tanıdıqları, etibar etdikləri adamların məsləhəti ilə dayə seçirlər. Sınanmış dayələri işə “qəbul edirlər”.  

  Sosioloq Lalə Mehralı “Şərq”ə açıqlamasında qeyd etdi ki, TKTA-nın dayə sertifikatı əldə etmək imkanı yaratması, əlbəttə, bu baxımdan müsbətdir, çünki bu, kimlər üçünsə faktiki iş yeri, həm də valideynlər üçün arxayınlıq hissinin təmini olacaq: 
- Hər bir ana istəyər ki, övladını savadlı, bilikli, dünyagörüşlü, təcrübəli, mehriban, canıyanan dayəyə etibar etsin. Ümumiyyətlə, mən dayə ilə uşaq böyütməyin hər zaman qəti əleyhinə olmuşam. Hər bir ana övladını özü böyütməlidir. Əgər bu,  müəyyən səbəblərdən mümkün deyilsə, ana məcburiyyət qarşısında işə çıxmalıdırsa, harasa səfər etməlidirsə, bu zaman uşaq ancaq yaxın qohumlara, ailənin digər üzvlərinə etibar edilməlidir. Ana uşağın üstündə əsir, yeməyini vaxtlı-vaxtında verir, altını dəyişir, yatızdırır, dərmanları varsa, onları içirdir, bütün bu işləri dayə ana kimi, ana nəvazişi, ana diqqəti ilə yerinə yetirə bilər? 

Təsəvvür edin ki, bəzən ana körpəsinə qarşı "üsyan” edir. Uşaq çox ağlayanda, şıltaqlıq, ya tərslik edəndə ana bezir, qışqırırsa, dayə sakit dayanacaq? Hardan bilək ki, dayə uşağı vurmayacaq, uşaq yeməkdən imtina edirsə, onu ac qarına yatızdırmayacaq, körpə islanmış "pampers”lə saatlarla qalmayacaq?! Neçə dəfə izləmişik qonşu ölkələrdə dayənin körpə ilə qəddar davranışını. Bəzən mənzillərdə müşahidə kameralarının olduğunu bilə-bilə körpə baxıcıları, dayələr yenə hisslərinə hakimlik edə bilmirlər. İndi təsəvvür edin ki, nəzarətsiz mənzillərdə uşaqla necə rəftar edirlər. Şəxsən mən uşağımı yad insana etibar etməmişəm, etmərəm də. Mən qəbul edirəm ki, bəzən ana işləməyə məcbur olur, bəziləri hətta analıq məzuniyyətini yarımçıq kəsib işə çıxırlar. Sosial vəziyyətləri onları buna məcbur edir. Gərək məsələlərə kompleks yanaşaq. Dövlət analıq məzuniyyətinin müddətini artırmalıdır və bu müddətdə anaya ödənilən məzuniyyət pulunun miqdarı da həm ananın, həm də körpənin ehtiyaclarını ödəyəcək səviyyədə olmalıdır. 

O zaman biz anaları qınaya bilərik ki, hökumət bu uşağa baxmaq, qulluq etmək üçün sənə yetərincə ödəniş edir, evdə otur, uşağına bax. Amma belə deyil axı. Övladı dünyaya gəlmiş qadın ehtiyac üzündən körpəni yad insanlara tapşırıb işə çıxmalı olur. Lakin sirr deyil ki, heç bir məcburiyyət, zərurət olmadan uşağı yad əllərə etibar edib karyera, sərbəst həyat ardınca gedən analarımız da var.  Elə qayınanalar var, gəlinə deyir, səndən nə ana olacaq, get işinlə məşğul ol, uşağı dayə böyüdəcək. Çox təəssüf ki, bizdə əsrlərlə oturuşmuş ailə modeli artıq dağılmaq üzrədir. Ailələr indi iki, üç, nadir hallarda 4 nəfərdən ibarətdir. Ata-ana, bir körpə. Uzaqbaşı, iki uşaq. Ailələrdə nənəyə, babaya artıq yer verilmir. Uşağı dayəyə etibar edirlər, nənəyə-babaya yox. 
  L.Mehralı məcburiyyət qarşısında dayə seçilirsə, bu zaman bir çox amillərə diqqət edilməli olduğunu dedi:

- Əgər valideyn uşağı dayəyə tapşırmaq məcburiyyətindədirsə, əlbəttə, onun savadlı, güvənli birisi olduğuna dair konkret sənəd təqdim etməsi yaxşıdır. Sözügedən Agentlik belə bir imkan yaradırsa, bunu ancaq alqışlamaq olar. Hazırda işədüzəltmə firmaları da var. Dayələrlə bağlı zəmanət məktubu təqdim edirlər. Agentlik isə dayə peşəsinə yiyələnmək istəyənləri imtahanlara cəlb edəcək, sertifikat verəcək. Məncə, bu, çox yaxşı haldır. Həm gənc mütəxəssislər yetişəcək, sertifikat əldə edənlərin özünə inamı artacaq, həm də uşaqlar daha etibarlı əllərdə olacaqlar.

  Sözügedən qərarı müsbət dəyərləndirən təhsil eksperti Kamran Əsədov isə  “Şərq”ə açıqlamasında deyib ki, tarixən dayəlik daha çox yüksək təbəqədən olan, vəzifəli şəxslərin uşaqlarına baxan elmi, savadı ilə seçilən bir insan olub. Azərbaycanda isə ayrı-ayrı adamlar qeyri-rəsmi şəkildə öz aralarında razılaşma əsasında övladlarına dayələr tuturlar: 

“Onların əksəriyyəti qeyri-peşəkar insanlardır. Bu isə uşağın sağlamlığı, böyüməsi, eləcə də tərbiyəsi üçün çox zərərli və təhlükəli bir addımdır. Bəzən şahidi oluruq ki, dayə tərəfindən uşağa psixoloji və fiziki travmalar yetirilir. Hətta uşağın döyülərək öldürülməsi, oğurlanması və digər cinayət hadisələri də törədilir. Birinci növbədə peşə hazırlıq kurslarında dayəlik xidmətinin öyrədilməsi təşkil edilməlidir. Dayənin özü ən azından uşaq böyüdüb boya-başa çatdırmış biri olmalıdır. Bu təcrübəni keçmədiyi halda dayənin kiminsə uşağına normal şəkildə qulluq etməsi, onun tərbiyəsi ilə məşğul olması şübhəlidir”.

Dayəliyin Azərbaycanda son 10-15 ildə yaranmış, ənənəsi olmayan yeni sahə olduğunu vurğulayan təhsil ekspertinin sözlərinə görə, ölkəmizdə təxminən, 30-40 mindən çox belə işçi var:

“Keçmişdə ancaq zadəgan övladları dayələrə - xüsusi mürəbbiyələrə həvalə olunarmış. Bu adət indi də Qərb ölkələrində qorunub saxlanır. Dünya təcrübəsində bu peşəyə yiyələnmək istəyənlər üçün özəl kurslar fəaliyyət göstərir. Xarici təcrübəyə görə, dayə xidməti göstərmək istəyənlərə hətta hüquq, pediatriya və psixologiyadan dərslər keçirilməlidir. Dayə ən azından, pediatriya barədə məlumatlı olmalı, uşaq təhlükə ilə üzləşdikdə ona ilkin yardım göstərməyi bacarmalıdır.  Bizdə bəzi MMC-lər yaradıb, kurslar təşkil etməklə dayə hazırlığına səy göstərdilər. Əlbəttə, yaxşı olardı ki, burada bir metodologiya olsun və təhsil onun əsasında aparılsın. Bizdə isə bu barədə vahid metodologiya hazırlanmadı. Hərə müxtəlif üsullarla-biri xarici təcrübəyə, digəri özünün hazırladığı modullara əsasən dayələrə ibtidai vərdişlər verir”.

  K.Əsədovun sözlərinə görə, ən böyük problemlərimizdən biri də peşə təhsilinin bərbad vəziyyətdə olmasıdır. Agentlik yaratsalar da, bu, heç nəyi dəyişmədi. Vəziyyət olduğu kimi qaldı:

“ Peşə təhsili düzəlsə, orada dayəlik üzrə də təhsil almaq olar. İndi İşsizlikdən Sığorta Fondu yaradılıb. Onun funksiyalarından biri də qısamüddətli kurslar təşkil etməklə insanların peşə yönümünü dəyişməkdir.  Bu mexanizmi əvvəldən əyri yaratdılar.  Dayələrə mütləq yaş məhdudiyyəti qoyulmalıdır. Nə çox cavan, nə də çox yaşlı insanların dayəlik etməsi düzgündür. Cavan xanımların təcrübələri az ola bilər. Yaşlı xanımlar isə pul xatirinə bu işlə məşğul olur, amma başqasının uşağını bədbəxt edirlər. Çünki həmin adamların səhhəti ilə bağlı və ya psixoloji problemləri çox olur. Məncə, dayəni tanışlıqla götürmək olmaz. Mütləq elə qurum olmalıdır ki, dayə oradan sertifikat almalıdır.  Həm sağlamlıq, həm də psixi durumlarına görə sənədləri olmalıdır. Yaxşı olardı ki, dayələri hazırlayan qurum olsun. Orada pedaqoji təhsil də verilsin. Ali təhsilə gəlincə isə inanmıram ki, ali təhsilli müəllim dayə işləsin. Sırf ali pedaqoji təhsilli olması vacib deyil”.