Bu xidmətdən əsasən turistlər və ölkəmizə səfərə gələn xaricdəki soydaşlarımız yararlanır
Xarici ölkələrdə avtomobil icarəsi adlanan sahə sürətlə inkişaf edib. Avtomobil icarəsi biznesi dünyada kifayət qədər inkişaf etsə də, Azərbaycanda bu sahə hələ bir o qədər də özünü büruzə verə bilmir.
Azərbaycanda avtomobil kirayə bazarının qənaətbəxş səviyyədə olmadığını vurğulayan nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov “Şərq”ə açıqlamasında deyib ki, bu sahədə fəaliyyət göstərən şirkət çox olsa da, keyfiyyətli xidmət göstərən şirkət azdır. Ekspert hesab edir ki, əsas problemlərdən biri kirayə verilən avtomobillərin kasko sığortasının olmamasıdır. Bunun da birinci səbəbi sığorta şirkətləri ilə “rent a car”lar arasında yaranan mübahisələrdir: “Səyahət zamanı qəza baş verirsə, sürücü gözləmir və maşın dərhal ərazidən götürülür. Bəzi hallarda baş verən hadisəni gizlətməyə çalışır. Qəzanın baş verdiyi yalnız avtomobil təhvil verilərkən məlum olur. Sığorta şirkəti də hadisəni yerində qeydə almadığı üçün ödəniş etməkdən imtina edir. “Rent a car” şirkətləri də müştərilərlə müqavilə bağlayarkən bunu nəzərə alır. Sığortaya görə müştəridən əlavə pul alır, sığortasız avtomobil istəyən müştəri isə ola biləcək qəza ilə bağlı xərcləri əvvəlcədən öz üzərinə götürməli olur".
Kirayə avtomobil xidmətindən daha çox xarici turistlərin istifadə etdiyini vurğulayan E.Cəfərov bildirib ki, Azərbaycanda avtomobil kirayəsi sahəsində əsas müştərilər xarici turistlər və ölkəmizə səfərə gələn xaricdəki soydaşlarımızdır.
Yəni Azərbaycanda kirayə avtomobil sahəsi daha çox turizm sektoru ilə əlaqəli fəaliyyət göstərir və bu xidmətə tələb yay mövsümündə daha çox artır: “Yay mövsümündə C seqmentində olan ekonom avtomobillərin kirayəsinə tələb yüksək olur. Premium və biznes modellər, minibusları isə bir günlük də kirayə etmək olur”.