Hazırda Azərbaycanda dövlət qulluğunda çalışanların 18 faizi 30 yaşa qədər olan şəxslərdir. Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, bu say kifayət qədər yaxşıdır: “Dövlət qulluğunda çalışanlar 35 yaşa qədər olan şəxslər ümumilikdə 36 faiz təşkil edir. Bu da özlüyündə yüksək rəqəmdir. Gələn 3 il ərzində 35 yaşınadək dövlət qulluğunda çalışanların sayının 50 faizə qaldırılması planlaşdırılır. Biz bu istiqamətdə əlimizdən gələni edəcəyik. Həmin kadrların kifayət qədər gənc olduğunu nəzərə alsaq, qeyd edə bilərik ki, bu hal dövlət qurumlarının işinə də öz müsbət təsirini göstərəcək”.
Millət vəkili Kamilə Əliyeva isə "Şərq”ə açıqlamasında deyib ki, gənclərimizin ölkənin siyasi, sosial-iqtisadi sahələrində mühüm vəzifələrə təyin olunması, onlara böyük etimad göstərilməsi ulu öndər Heydər Əliyev tərəfindən təməli qoyulan siyasətin davamıdır:
“Azərbaycan Sovetlər Birliyinin tərkibində olduğu zaman ulu öndər Heydər Əliyev minlərlə gənci keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərində təhsil almağa göndərmişdi. Həmin gənclər bu gün ölkəmizdə müxtəlif sahələrdə savadlı və təcrübəli mütəxəssis kimi dövlətimizə böyük fayda verməkdədirlər.
1993- cü ildə ulu öndərin hakimiyyətə qayıdışından sonra gənc nəslə diqqəti dövlət siyasətinin əsas istiqamətlərindən birinə çevirdi. Gəncləri “Azərbaycanın gələcəyi” adlandıran Heydər Əliyev onlara hər zaman qayğı göstərməyin vacibliyini qeyd edirdi. Müasir dünyada güclü demokratik dövlət quruculuğunda gənclərin rolunu düzgün qiymətləndirən ulu öndər bütün sahələrdə onlara böyük etimad göstərirdi. Dövlət orqanlarında gənclərin fəaliyyətinin genişləndirilməsi və onları bir- biri ilə əlaqələndirmək məqsədilə Heydər Əliyevin 1994-cü il 26 iyul tarixli Fərmanı ilə Gənclər və İdman Nazirliyi yaradılıb.
Azərbaycan gəncliyinin inkişafında və gənclərin dövlət qurumlarına inteqrasiya olunmasında ulu öndərin böyük xidmətləri olub. 1997-ci il fevralın 2-də Azərbaycanda “Gənclər Günü”nün elan oluması ilə bağlı Fərman bu sahədə atılan növbəti addım oldu.
Gənclər hərəkatının təşkilatlanması istiqamətində dövlət dəstəyinin göstərilməsi ilə bağlı ulu öndər Heydər Əliyevin imzaladığı fərman və sərəncamlar, həyata keçirdiyi tədbirlər gəncliyin inkişafında mühüm əhəmiyyət kəsb edib.
Heydər Əliyevin imzaladığı ”Dövlət gənclər siyasəti haqqında” Fərmanı Azərbaycanda gənclərin hərtərəfli inkişafı üçün daha əlverişli şərait yaradıb. Sənəddə Gənclər və İdman Nazirliyi nəzdində gənclərin problemləri üzrə elmi araşdırmaların aparılması mərkəzinin yaradılması nəzərdə tutulurdu”.
Ulu öndər Heydər Əliyevin gənclərlə bağlı fikirləri və onun yaratdığı fəlsəfi ideyaların bu gün də aktual olduğunu vurğulayan millət vəkili deyib ki, müdrik şəxsiyyətin əsasını qoyduğu bu siyasi kurs hazırda Prezident İlham Əliyev tərəfindən layiqli şəkildə davam etdirilir: “Möhtərəm Prezidentimiz dövlət tərəfindən gənclərin rifahına xidmət edən bir sıra dövlət proqramlarını təsdiq edib. Dövlət başçımız 2007-ci il “Gənclər ili” elan edib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramı” və 2019-2023-cü illər üzrə Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə dövlət proqramları nəticəsində bu günə kimi 5000-dən artıq gəncimiz dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alıb.
2013-cü il iyulun 2- də Prezident İlham Əliyev tərəfindən ölkədə ilk dəfə “Gənclər üçün Prezident Mükafatı” təsis edilib. Bu qərar gənclərə dəstək verilməsi yönümündə mühüm əhəmiyyət kəsb edib. Ölkə başçısı gənclərlə bağlı, onların dövlətimizin gələcəyi naminə daha böyük işlər görmələri üçün çox sayda qərarlar qəbul edib.
Məhz Prezident İlham Əliyevin prezidentliyi dövründə yetişən gənclərin qəhrəmanlığı nəticəsində torpaqlarımız işğaldan azad edilib. Vətən müharibəsində canından keçənlərin, şəhidlik zirvəsinə ucalanların əksəriyyəti gənclərimizidir. Bu, müstəqil Azərbaycan dövlətinin inkişafında gənclərimizin xidmətini təsdiqləyən növbəti nümunənin təzahürüdür.
Azərbaycanda gənclərin öz potensiallarını reallaşdırmasına dövlət geniş imkanlar yaradır. Gənclik təşəbbüs, enerji, böyük həvəs, hadisələrə yeni baxış deməkdir. Bu gün gənclər ictimai həyatın ən müxtəlif sahələrində öz potensiallarını gerçəkləşdirmək imkanlarına malikdirlər.
Çünki müasir Azərbaycan gənclərinin dünyagörüşü daha fərqlidir, dünyada gedən proseslərə yaxşı bələddirlər, eləcə də yüksək analiz etmək qabiliyyətinə malikdirlər.
Azərbaycan gənclərinin inkişafına, müxtəlif sahələrdə nəaliyyətlər əldə edən gənclərə Heydər Əliyev Fondu və Fondun prezidenti Mehriban xanım Əliyeva tərəfindən misilsiz dəstək göstərilir. Elm, təhsil, səhiyyə, mədəniyyət, ekoloji sahələrə aid proqram və layihələr hazırlanaraq həyata keçirilir. Heydər Əliyev Fondu ölkəmizlə yanaşı xaricdə yaşayan tanınmış, öz yüksək bilik və qabiliyyəti ilə seçilən müvəffəqiyyət qazanmış gənc həmvətənlərimizə də böyük diqqət ayırır. Xarici ölkələrin tanınmış elmi-tədqiqat mərkəzləri ilə alimlərin mübadiləsini təşkil edir, ölkənin yaradıcı və elmi potensialının artırılmasına böyük köməklik göstərir”.