Daşınmaz əmlakın icbari sığortasına mane olan cəhətlərdən biri məhz çıxarışsız mənzillərdir
Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur
Daşınmaz əmlakın yanğın və ya digər hadisələr nəticəsində zədələnməsi, məhv olması ilə bağlı dəyən zərərin əvəzinin ödənilməsi üçün sığorta sisteminin tətbiq olunması geniş yayılıb.
Bəs sənədsiz evlərin icbari sığortası ilə bağlı problem necə həll ediləcək?
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”nin İdarə Heyətinin sədri Nigar Alimova məsələ ilə bağlı APA-ya bildirib ki, icbari sığorta ilə məşğul olan həm dövlət, həm də özəl sektor qurumları elektron informasiya resursundan tam istifadə edəcəklər.
Onun sözlərinə görə, ölkədə qeydiyyata alınmamış tikililərin tənzimlənməsi iqtisadi sahədəki, eləcə də vətəndaşların hüquq və mənafeləri ilə bağlı bir çox məsələnin həllinə töhfə verəcək: “Evlərin sənədləşdirilməsi, vətəndaşların qeydiyyatı, evlərin sığortalanması, alqı-satqısı, vərəsəlik, ipoteka kimi bir çox sahələrdəki problemlərin avtomatik olaraq həll olunmasına şərait yaradacaq”.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə hesab edir ki, daşınmaz əmlakın icbari sığortası sahəsində nəzarəti zəruri edən məqamlar var:
“Bu gün çox ciddi şəkildə artan, böyük bir yaşayış fondumuz var. Hər hansı təbii fəlakət, yaxud fors-major halları baş verərsə, artıq mənzilləri sığortalanmış vətəndaşların kompensasiyasını dövlət qurumları deyil, sığorta şirkətləri qarşılayacaq. Bunun yaxşı tərəfi ondan ibarətdir ki, dəymiş zərəri qiymətləndirən zaman vətəndaş sığorta şirkətinin hesabatı ilə razılaşmadıqda, hər hansı mütəxəssisə müraciət edib dəymiş zərəri hesablatdıra bilər”.
Ekspertin sözlərinə görə, hüquqi və fiziki şəxslərə məxsus tikililərin, yaşayış və qeyri-yaşayış sahələrinin, yaşayış evləri, binalarının və mənzillərin, habelə dövlət əmlakının sığortası icbaridir: “Daşınmaz əmlakın icbari sığortası qeyd olunan hər hansı daşınmaz əmlakı olan və ya ona faktiki sahibliyi həyata keçirən şəxslərə aid edilir. Özbaşına tikinti sayılan daşınmaz əmlak, sökülməsi barədə qərar qəbul edilmiş, eləcə də, tikintisi başa çatmayan və qəzalı vəziyyətdə olan daşınmaz əmlak icbari sığortaya cəlb olunmur. Eyni zamanda yaşayış binasının qeyri-yaşayış sahələrinin icbari sığorta etdirilməsi tələb olunmur”.
E.Fərzəliyev bildirir ki, daşınmaz əmlakın icbari sığortasına mane olan cəhətlərdən biri çıxarışsız mənzillərdir. Əksər yaşayış binalarında və fərdi həyət evlərində çıxarış yoxdur. Çıxarışı olmayan mənzillər sığorta şirkətləri tərəfindən sığortalanmır: “Bu sahədə əsas problem kirayə mənzillərlə bağlı yaranır:
“Dəfələrlə şahidi olmuşam ki, bir mənzil kirayə verilib, kirayədə qalanlar tərəfindən evə ciddi zərər dəyib. Hətta yanğın hadisələri də olub. Burada məhkəmə çəkişməsi olsa belə, bir ortaq məxrəcə gələ bilməyiblər. Çünki kirayənişinlə kirayə verən arasında rəsmi notarial müqavilə olmadığına görə, aralarında öhdəlik olmadığına görə bu problemlər öz həllini tapa bilməyib. Həm də əsas məsələ evin sığortası olmadığına görə bu cür problemlər yaşanır. Sığorta olarsa, belə çəkişmələr də olmaz. Hansısa hadisə zamanı sığorta şirkəti dəymiş zərəri qarşılayır”.