Kim istifadə etmirsə, geri alınacaq


Məhdud tezlik resurslarından daha effektiv istifadə olunmalıdır

  “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, ölkə ərazisində radiotezlik resursları 10 il müddətinə ayrılacaq.  Məqsəd radiospektr idarəçiliyi sahəsində münasibətlərin effektiv formada tənzimlənməsi, təkmilləşdirilməsi, eyni zamanda radiotezlik spektrinin ayrılması və istifadəsində şəffaflıq, ədalətlilik prinsiplərinə riayət olunması, hüquqi bazanın möhkəmləndirilməsidir. 

  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün “Şərq”ə açıqlamasına görə, dəyişikliyə səbəb kimi radioxidmətlər üzrə yeni texnologiyaların sürətli inkişafı, həmçinin beynəlxalq və regional telekommunikasiya təşkilatları tərəfindən mütəmadi olaraq radiotezlik zolaqlarının istifadə təyinatının dəyişdirilməsi üzrə qəbul edilən qərarlarla radiotezliklərin müddətli ayrılması göstərilib: “Bundan sonra  kimsə tezlik üçün ödəniş edib, lakin 3 ay müddətində istifadəyə başlamasa, onda ayrılmış tezlik resursu geri alınacaq: 

“Eyni zamanda Radiotezliklərin və həmin radiotezliklərə köklənmiş radioelektron vasitələrin qanunsuz istifadəsinə, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların istehsalı, əldə edilməsi, idxalı, istifadəsi və qeydiyyatı qaydalarının pozulmasına qarşı cəzalar sərtləşdirilib. 

  Nəzərə alsaq ki, tezlik resursu məhduddur və dövlətə məxsusdur, onda hər iki yanaşma doğrudur. Hazırda elə qurumlar var ki, məhdud tezlik resurslarını ələ keçirib, cüzi ödəniş edib, "tezlik mənimdir, heç kimə vermirəm" prinsipi ilə hərəkət edir,  ondan istifadə etmir.  Bir çox hallarda yeni texnologiyalar üçün tezlik resursları tapmaq xeyli çətinləşir. Və yaxud da məhdud tezlik resursu üzərində xidmət quran şirkətlər bir çox hallarda tezliklərdən  səmərəsiz istifadə edir, lisenziya şərtlərinə əməl etmir. Xatırlayıram ki, bir müddət öncə Qazaxıstanda  5G üçün auksiona çıxarılan tezliklər  start qiymətindən 35 dəfə baha, təxminən 3 milyon dollara satılmışdı.

  Ümid edirəm yeni qaydalar dövlətə məxsus, məhdud tezlik resurslarından daha effektiv və səmərəli, həmçinin şəffaf və rəqabətli formada istifadəyə imkan yaradacaq.