Yanaşma düz deyil:“5 qəpiyə görə heç kəs cibində torba daşımaz”


“İstehlakçıları parça torbalardan istifadəyə öyrəşdirmək, izahedici video çarxlar hazırlamaq lazım idi”


Sabahdan etibarən  marketlərdə alıcılara verilən polietilen torbalar ödənişli olacaq. Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Yanında Dövlət Vergi Xidməti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən “Ticarət Şəbəkələrinin İnkişafı” ictimai birliyinə məktub ünvanlanıb. Məktubda qeyd olunub ki,  ekoloji problemlərin həllinə yönəldilmiş tədbirlərin səmərəliliyini artırmaq, operativ həll olunmasını təmin etmək, o cümlədən, ətraf mühitin sağlamlaşdırılması məqsədilə 15 fevral 2023-cü il tarixindən etibarən, polietilen torbalar müştərilərə ödənişli qaydada təqdim ediləcəkdir”. 

Qeyd edək ki, İrlandiya, Niderland, Çexiya kimi ölkələrdə polietilen paketlər pulla satılır. Məsələn, Niderlandda belə torbaların qiyməti 0.25 avrosentdir (40 qəpik). Britaniyada torbaların qiyməti 5 pens (10 qəpik) olandan üç il sonra onlardan istifadə iki dəfə azalıb.

İqtisadçı -ekspert Natiq Cəfərli isə “Sherg.az”a açıqlamasında deyib ki, ekoloji tarazlığı qorumaq üçün bir çox ölkədə bu cür təşəbbüslər həyata keçirilir. Amma onlarda  marketlərdə alternativ olaraq parçadan torbalar, çantalar təklif olunur, təşviq olunur, alıcılar maarifləndirilir və bu öz nəticəsini verir: 

“Azərbaycanda isə bu, yoxdur. Belə kompleks tədbirlər görülmədən ancaq torbaları pullu etməklə məqsədə nail olmaq mümkün olmayacaq”. 

Sellofan torbaların qiymətinin dövlət tərəfindən təyin olunma mexanizmi olmadığını vurğulayan ekspert marketlərdə bu torbaların 5-10 qəpik civarında  satılacağını qeyd edib.  N.Cəfərli hesab edir ki, məbləğ bir o qədər böyük olmadığı üçün bu yolla insanların polietlen torbalardan istifadəsini azaltmaq real görünmür. 5 qəpiyə görə heç kəs marketə cibində torbayla gəlməyəcək. Təşviq addımları atılmalıdır ki, insanların buna münasibəti dəyişsin: 

“Amma  sözügedən qərarla bağlı niyyət bəllidir. Uzun müddətdir, dünyada ekologiya ilə bağlı polietilen torbalardan imtina edilir. Qonşu ölkələrdə bəzi hallarda polietilen torbalar qadağan edilib, bəzi hallarda isə pul ilə satılır. Yəni polietilen torbaları pul ilə satmaqda məqsəd qazanc əldə etmək deyil. 

Pulla satılan zaman bu torbalara tələbatın azalacağına ümid edilir. Ancaq burada zamana ehtiyac var ki, insanların davranış qaydası dəyişsin. 

Ona görə də Azərbaycan bu torpaların ödənişli satışına keçməzdən əvvəl bu istiqamətdə təşviq addımları atılmalı, maarifləndirmə işləri aparılmalı idi. 10 illərlə insalarda formalaşmış bir ənənəni bir  günün içində dəyişdirmək mümkün deyil”.

İqtisadçı deyib ki, istehlakçıları parça torbalardan istifadəyə öyrəşdirmək, izahedici video çarxlar hazırlamaq lazım idi”.