Nazir müavini: Qəbiristanlıqlar bələdiyyələrə verilməlidir

Dünən Milli Məclisin Regional məsələlər komitəsinin iclasında “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik (2022-ci il üzrə) məruzə” müzakirəyə çıxarılıb. Vurğulanıb ki, il ərzində yerli büdcə vəsaitlərinin səmərəli istifadə olunması, bələdiyyə əmlakının idarə edilməsi sahəsində qanunçuluğun və şəffaflığın təmin edilməsi, korrupsiyaya və digər hüquqpozmalara şərait yaradan halların qarşısının alınması üzrə inzibati nəzarət qaydasında tədbirlər görülüb. Qeyd olunub ki, bu məqsədlə aparılan araşdırmalar zamanı 27 halda ciddi qanun pozuntuları aşkar edilərək toplanmış sənədlər hüquqi qiymət verilməsi üçün aidiyyəti üzrə istintaq orqanlarına göndərilib, həmin materiallardan 12-si üzrə cinayət işi başlanılıb. 

  Bildirilib ki, 2022-ci ildə bələdiyyə aktlarının göndərilməsi ilə bağlı müddət pozuntusu halları azalıb. İl ərzində İnzibati Xətalar Məcəlləsinin 549-cu maddəsinə əsasən, bələdiyyələrin 74 vəzifəli şəxsi barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Həmin protokollar üzrə 68 bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, 6 protokol isə baxılmaqdadır. 2022-ci ildə inzibati nəzarət zamanı aşkar olunan xarakterik qanun pozuntuları, onları doğuran səbəb-şərait və digər aktual məsələlər əsas götürülməklə bələdiyyələrə metodoloji yardımın əsas istiqamətləri, üsul və vasitələri müəyyənləşdirilib.

Bələdiyyələrə vergilərdən daxilolmalar 50 faiz artıb

  İllik məruzədə qeyd olunub ki, 2022-ci ildə də bələdiyyələrin maliyyə imkanlarının yaxşılaşdırılması məqsədilə büdcə gəlirlərinin artırılması istiqamətində tədbirlər davam etdirilib: "İl ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə 2021-ci illə müqayisədə təqribən 2 milyon manat çox vəsait daxil olub. Son 2 ildə yerli büdcələrə torpaq və əmlak vergisindən 6,5 milyon manata yaxın əlavə vəsait daxil olub. Əvvəlki dövrlərdə icarəyə verilmiş torpaqların icarə haqlarının bazar qiymətlərinə uyğunlaşdırılması üzrə bələdiyyələrlə metodoloji iş davam etdirilib. Nəticədə 2022-ci ildə 167 bələdiyyənin ümumilikdə 15 min hektardan çox torpaq sahəsini əhatə edən 1.836 icarə müqaviləsində icarə haqqı təqribən 552 min manat artıb. 

Azərbaycanda 391 bələdiyyənin elektron xəritəsi yoxdur

  Bəyan edilib ki, 1215 bələdiyyənin elektron xəritəsi hazırdır. 391 bələdiyyənin elektron xəritəsi isə yoxdur. Qeyd edək ki, ölkəmizdə hazırda 1 606 bələdiyyə var.

"Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar"

  Milli Məclisin Regional məsələlər komitəsinin iclasında çıxış edən ədliyyə nazirinin müavini Vilayət Zahirov bildirib ki, bələdiyyələrlə bağlı müəyyən məsələlərlə qarşılaşırlar. Ən mühüm məsələ maliyyə resurslarının zəif olmasıdır. Onun sözlərinə görə, qanunvericilikdə bununla bağlı imkanlar var, lakin bələdiyyələr imkanlardan düzgün istifadə edə bilmirlər: “Maliyyə resurslarının zəif olmasının səbəblərindən biri bələdiyyə ərazilərindəki vergi obyektlərinin siyahısının olmasıdır. Bu siyahı olarsa, həmin obyektlərdən vergilər yığılar, bələdiyyələrin maliyyə imkanları yaxşılaşar. Həmçinin rayon miqyasında torpaqlar icarəyə verilib. Bələdiyyələr əvvəlki illərdə torpaqları həmin dövrün qiymətləri ilə icarəyə verib. Həmin dövrün maliyyə vəziyyəti ilə indiki dövrün maliyyə vəziyyətini müqayisə etmək mümkün deyil. Bununla bağlı nazirliyin aidiyyəti qurumları tərəfindən regionlarda olan bələdiyyələrlə tövsiyələr göndərilib. Digər tərəfdən, son illərdə xeyli irəliləyiş var. Əvvəl bələdiyyə üzvlərindən sadəcə biri ali təhsilli olurdu. Hətta az sayda bələdiyyə sədrlərinin orta təhsildən də aşağı təhsil səviyyəsi olurdu. Hazırda demək olar ki, çox az sayda təhsili olmayan bələdiyyə üzvü tapılar. Birdən-birə bələdiyyələrə böyük səlahiyyətlərin verilməsi yanlış olar. Zamanla bunu həll etmək olar”.

  Nazir müavini qəbiristanlıqların bələdiyyələrə verilməsinin gecikməsinə aydınlıq gətirib: "Qəbiristanlıqların bələdiyyələrə verilməsi başa çatdırılmayıb. Bunun da bir çox səbəbləri var". Onun sözlərinə görə, regionlarda, kəndlərdə sənədləşmənin, xəritənin və digər sənədlərin olmaması məsələlərin gecikməsinə səbəb olub: "Buna görə də təbii ki, çatışmazlıqlar aradan qaldırıldıqdan sonra müəyyən qərar qəbul olunub, qəbiristanlıqlar bələdiyyələrə verilməlidir”.

"Bələdiyyələr vətəndaşa sənəd göndərir ki, mənzilə görə bu qədər ödəniş etməlisən, izahı yoxdur"

  Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib ki, dövlətin verdiyi dotasiyalar eyni bələdiyyələrə verilir: "Niyə o bələdiyyələr dotasiya alır, amma başqaları almır? Bu bələdiyyələrin siyahısını digər strukturlardan kimlər təqdim edir, hansı əsaslara əsasən tərtib edirlər? Baxırsan ki, dotasiyalar 10 il ərzində eyni bələdiyyələrə verilir. Digər bələdiyyələr niyə dotasiya ala bilmirlər? Məsələ nədir, bilmirəm. Sonra yığılan vəsaitlərin xərclənməsinə gəlincə, siyasi partiyalarda konkret bilinir ki, neçə faizi əmək haqqına, neçə faizi yeni layihələrin həyata keçirilməsinə ayrılmalıdır. Düzdür, bələdiyyə müstəqil təşkilatdır. Amma belə ola bilməz ki, özün yığ, özün xərclə. Orada göstərilməlidir ki, yığılan vəsaitin neçə faizi əhalinin sosial probleminə ayrılmalıdır, nə qədəri əmək haqqına verilməlidir. Bunlar müəyyən edilməlidir. Ola bilər bələdiyyələr torpağı cüzi ucuz icarəyə versin, amma 10 dəfə aşağı hansısa sahibkara verə bilməz. Bundan başqa, bələdiyyələr tərəfindən toplanan əmlak vergisi ilə bağlı da problem var. Hər bir vətəndaşa bələdiyyələr tərəfindən təqdim edilən mənzil haqqı ödənişi ilə bağlı heç bir hesablama yoxdur. Məsələn, kooperativlərdə bu ödəniş hər kvadrat metrə görədir. Bələdiyyələr isə sənəd göndərir ki, bu qədər verməlisən. Amma vətəndaşa izahı olmalıdır ki, niyə vətəndaş bu qədər ödəməlidir?”.

  Deputat Tahir Rzayev bildirib ki, bələdiyyələrdən 2-3-ü birləşib uşaq bağçası aça bilər. Bu gün bağçalara böyük ehtiyac var: "Özəl bağçaların fəaliyyətinə nə qədər vəsait xərclənir? Azərbaycanda fəaliyyət göstərən 1600-dən çox bələdiyyənin bir bağçası belə yoxdur. Ədliyyə Nazirliyi müəyyən tədbirlər həyata keçirir. Amma təəssüf ki, bunlar elə kağız üzərində də qalır. Bələdiyyələrə imkanlar yaradılıb”.

"Bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsi ciddi problemdir”

  Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Kamran Bayramov deyib ki, bələdiyyələrin icra aparatlarında əməkdaşların sayının şişirdilməsi ciddi problemdir: "Bələdiyyələrin icra aparatlarında olan əməkdaşların sayının şişirdilməsi ilə bağlı məsələ ciddi problemdir. Hazırda bunun qanunvericiliklə tənzimlənməsi yoxdur”. Deputat bildirib ki, bu gün hər hansı bələdiyyə heç bir məhdudiyyət olmadan istənilən sayda bələdiyyə qulluqçusunu işə qəbul edir: “Burada heç bir nümunəvi struktur yoxdur. Dəfələrlə təklif etmişik ki, bu məsələ qanunvericiliklə tənzimlənsin. Bələdiyyələrin icra aparatının nümunəvi strukturu müəyyən meyarlar əsasında təsdiq olunmalıdır. Əgər bu olsa, bələdiyyələr məcburi şəkildə həmin struktura uyğun işçiləri işə qəbul edəcək. İcra aparatlarının formalaşdırılması bələdiyyə sədrinin öhdəsində olana qədər bu məsələdə irəliləyiş görməyəcəyik”.