Ən azı Türkiyədə təhsil alan tələbələrin ölkəmizə qayıtması üçün güzəşt tətbiq edilməlidir
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra qardaş ölkədə ali məktəblərdə təhsil onlayn, distant formaya keçib. Bu səbəbdən Türkiyədə təhsil alan azərbaycanlı tələbələrə quru sərhəddən istifadə imkanının yaradılması təklif olunur.
Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Türkiyədə 30 minə yaxın Azərbaycan vətəndaşının təhsil aldığını nəzərə alsaq, həmin gənclərin ölkəmizə qayıdışına dəstək olunması vacibdir:
“Təyyarə biletlərinin baha olduğunu nəzərə alsaq, tələbələrin çoxunun quru sərhədləri vasitəsilə vətəninə qayıtmağa üstünlük vermək istəyi anlaşılandır. Bu aydan etibarən Türkiyə ilə Naxçıvan arasında quru sərhədlərimiz açılsa da, bu imkandan Muxtar Respublikada qeydiyyatda olan vətəndaşlarımız istifadə etmək hüququna malikdir.
Bu baxımdan, qeydiyyat yerindən asılı olmayaraq, Türkiyədə təhsil alan Azərbaycan vətəndaşlarına belə imkanın yaradılması məqsədəuyğun olardı. İndiki halda tələbə biletini təqdim etməklə azərbaycanlı tələbələrin quru sərhəddən istifadəyə icazə verilməsi onların vətənə asan və daha az xərclə qayıtmasına imkan yaradardı. Bütövlükdə, mərhələli şəkildə qardaş Türkiyə ilə quru sərhədlərimizdən bütün vətəndaşlarımızın istifadə imkanının yaradılması məqsədəuyğun olardı”.
Təhsil eksperti Nadir İsrafilov da açıqlamasında bu təşəbbüsü dəstəkləyib:
“Dünya ölkələrində belə təcrübələr var. Niyə bizdə də olmasın? Gənclər bizim gələcəyimizdir, onlara hərtərəfli dövlət qayğısı göstərilir. Mənəvi dəstəklə yanaşı, maddi dəstək də əsas şərtlərdən biridir.
Bu gün ölkə rəhbərliyinin təhsilimizə böyük diqqət və qayğısı var. Aidiyyəti qurumlar bu sahədə araşdırma aparıb, müvafiq qurumlara təklif təqdim etməlidirlər.
Bu, vətəndaşlar tərəfindən dövlətimizin təhsilimizə qayğısının növbəti bariz təzahürü kimi qiymətləndiriləcək. Türkiyədə çox sayda azərbaycanlı tələbələr təhsil alır və onların demək olar ki, hamısı yataqxanalarda yaşayır.
Quru sərhədlərinin bağlı və ölkəyə uçuş biletlərinin qiymətlərinin baha olması onların problem yaşayacağını deməyə əsas verir. Bu mənada ən azı Türkiyədə təhsil alan tələbələrin ölkəmizə qayıtması üçün güzəşt tətbiq edilməlidir”.