“Tutaq ki, bundan sonra bir həftə də xilasetmə işləri davam etdirildi. Uzağı bir insanı sağ tapmaq mümkün ola, ya yox”
“Amma həmin bir həftə ərzində küçədə qalan yüzlərlə insanın həyatını xilas etmək olar”
“Zəlzələ zonalarında xilas əməliyyatının bitmə vaxtını müəyyənləşdirmək çox çətindir. Türkiyədə baş verən dəhşətli fəlakətdən 14 gün keçib”. Bu sözləri “Sherg.az”a açıqlamasında psixoloq Azad İsazadə deyib.
Ekspertin sözlərinə görə, bu müddət ərzində dünya Türkiyə üçün səfərbər oldu. 80-yə yaxın ölkənin axtarış-xilasetmə qrupları gecə- gündüz Türkiyə üçün çalışıb, sağ qalma ehtimalı olan bir nəfərin xilası üçün saatlarla dağıntılar altında axtarış apardı:
“Bundan sonra isə tamamilə dağılmış və yerə çökmüş binaların altında kiminsə sağ çıxması beyin ölümü keçirən və aylarla komada yatan birinin ayılması ehtimalı ilə eynidir.
Milyonda bir ehtimala görə isə dövlət resurslarını uzun müddət bu sahəyə yönəldə bilməz. Məgər soyuqda, qarda küçələrdə qalan minlərlə insanın həyatı təhlükədə deyil?
Onları da xilasetmək, evlərdə yerləşdirmək lazımdır. Ona görə də artıq Türkiyə dövlətinin xilasetmə işlərini dayandırıb resurslarını daha zəruri sahəyə yönəltməsi başadüşüləndir. Tutaq ki, bundan sonra bir həftə də xilasetmə işləri davam etdirildi. Uzağı bir insanı sağ tapmaq mümkün ola, ya yox.
Amma həmin bir həftə ərzində küçədə qalan yüzlərlə insanın həyatını xilas etmək olar. Dövlətin bütün gücünü və resurslarını xilasetmə işlərinə cəlb etməsi onların haqqına girmək olar”.