Ölkədə vahid bir sistem olmalıdır



3D xəritəsinin yaradılması, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi daha məntiqlidir 

  “Kim necə istəsə, elə də  3D xəritə yaradır”. Bu sözləri  Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.  Ekspertin sözlərinə görə,  ölkədə bir neçə qurum Azərbaycanın müxtəlif sahələri, dövlət əmlakı, enerji və nəqliyyat infrastrukturu, yaşayış və torpaq  sahələri üzrə 3D xəritələrini hazırlayıb: “Ölkəmizdə bu işləri görənlərin hamısı da xarici şirkətlərdi. Halbuki Azərbaycanın 3D  xəritəsi əvvəllər Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən də hazırlanırdı.

  Ayrı-ayrı dövlət qurumlarının da öz fəaliyyət sahələri üzrə belə layihələrinin olması haqqında  zaman-zaman  məlumatlar açıqlanır. Yəni ölkədə reallıq ondan ibarətdir ki, müxtəlif  infrastruktur və ya dövlət əmlakı sahəsi ilə bağlı müxtəlif qurumlar da  3D xəritələrin hazırlanması üzərində işlər aparırlar. Hər qurumun ayrı-ayrı xarici  şirkətlərə özlərinin xəritəsini hazırlatmağındansa, özümüz vahid, normal  bir 3D yaradıb ondan istifadə etsək, daha  doğru olar.  Hesab edirəm ki, Azərbaycanın bütün sahələri üzrə 3D xəritəsinin işlənməsi və tətbiqi olduqca vacib və əhəmiyyətlidir.
  İnfrastrukturun planlanması və qiymətləndirilməsi, öncədən təhlillərin aparılması və  düzgün  qərarların qəbulu, çeviklik və effektivlik,  həmçinin şəffaflıq baxımından, bütövlükdə rəqəmsal transformasiya baxımından  bu tip texnologiyaların faydası çoxdur.
  Düşünürəm ki, aidiyyəti qurumlar, ƏMDX, RİNN bu cür pərakəndəliyə diqqət yetirməlidir. Öncə ölkədə vahid bir 3D xəritəsinin yaradılması, fiziki və hüquqi şəxslərin istifadəsinə verilməsi daha məntiqli olardı. Fikrimcə, indiki yanaşma qüsurludur. Hərənin əlinə bir lazer skaneri alıb, hansısa bir avtomobilin üstünə bağlayıb, yollarda o baş-bu başa sürüb skan edərək 3D xəritələr formalaşdırması doğru deyil”.